2016-cı il dövlət büdcəsi proqnozlarının hazırlığı

2016-cı il dövlət büdcəsi proqnozlarının hazırlığı
  28 Yanvar 2015    Oxunub:2311
Nazirlər Kabineti 2016-cı il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin Azərbaycan Prezidentinə vaxtında təqdim edilməsi məqsədi ilə sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamın mətni çərşənbə axşamı rəsmi mətbuatda dərc olunub.

Maliyyə Nazirliyi ölkənin növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini 2015-ci il sentyabrın 15-dək, İqtisadiyyat və Sənaye Nazirliyi isə növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini, toplu maliyyə balansını 2015-ci il sentyabrın 10-dək, həmçinin digər sənədləri hazırlayıb Prezidentə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Bundan başqa, Maliyyə Nazirliyinə tapşırılıb ki, 2016-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müəyyən olunmuş müddətdə hazırlanmasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yaradılacaq gəlirlər və xərclər üzrə komissiyaların tərkibinə dair təkliflərini 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.

Dövlət Statistika Komitəsi cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədi ilə 2014-cü ilin ilkin statistik məlumatlarını 2015-ci il fevralın 5-dək İqtisadiyyat və Sənaye Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir.

Sərəncama əsasən, növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri statistik məlumatların İqtisadiyyat və Sənaye Nazirliyinə, Maliyyə Nazirliyinə, Vergilər Nazirliyinə və digər əlaqədar təşkilatlara mütəmadi olaraq təqdim edilməsi təmin olunmalıdır.

Vergilər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə və dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlara dövlət büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarında müvafiq dəyişikliklər edilməsi məqsədi ilə təkliflərini 2015-ci il martın 1-dək Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Sərəncamda Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikasının Dövlət Neft Fonduna növbəti büdcə ili və gələn üç il üçün öz büdcə layihələrinin ilkin variantını 2015-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2015-ci il iyulun 1-dək İqtisadiyyat və Sənaye Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.

Maliyyə Nazirliyi 2016-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin proqnozunun (gəlir, xərc və kəsir) ilkin ortamüddətli göstəricilərini 2015-ci il aprelin 10-dək, dəqiqləşdirilmiş variantını 2015-ci il sentyabrın 5-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini 2015-ci il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2015-ci il iyulun 20-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidir.

İqtisadiyyat və Sənaye Nazirliyi 2015-ci il dəqiqləşdirilmiş, 2016-cı il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2016-cı il üçün ilkin proqnozlarını 2015-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədi ilə dövlət investisiya proqramının layihəsini 2015-ci il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.

Nəqliyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun, Maliyyə Nazirliyi “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”nun növbəti büdcə ili və gələn üç il üçün büdcə layihələrinin ilkin variantını 2015-ci il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə 2015-ci il iyulun 1-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etməlidir.

Qeyd edək ki, 2015-cü ilin dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat, xərcləri isə 21,1 milyard manat həcmində təsdiq edilib.


Teqlər:





Xəbər lenti