Siqaret və içki bahalaşır

Siqaret və içki bahalaşır
  02 Fevral 2015    Oxunub:2718
Azərbaycanda spirtli içkilər, şampan şərabları, adi şərablar, eləcə də siqaretlər, siqarlar və digər tütün məmulatları bahalaşacaq.
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Bu qərarla bəzi məhsulları üzrə aksiz dərəcələri kəskin artırılıb. Bir sıra mallarda isə əksinə, aşağı salınıb.

Beləliklə, qərara əsasən, ölkəyə gətirilən etil spirti üzrə aksiz dərəcəsi indiki 1 ABŞ dollarından və ya 0,8 manatdan 2 manata qaldırılıb. Ölkəyə gətirilən pivə üzrə aksiz vergisi 1 litr üçün 1 ABŞ dolları və ya 0,8 manatdan 1 manata qaldırılıb.

Üzüm şərabları üzrə aksiz dərəcələri demək olar ki, dəyişməyib və əvvəlki 2,5 dolar əvəzinə 2 manat həddində müəəyən edilib. Əvəzində indiyədək aksiz vergisinə cəlb edilməyən şampan şərablarının hər litri üçün 2,5 manat aksiz vergisi müəyyən edilib.

Eləcə də viski, rom, araq, likör və s içkilər üçün aksiz dərəcələri 20% artaraq 6 dollardan (və ya 4,8 manatdan) 6 manata qaldırılıb.

Aksiz dərəcəsi kəskin artırılan mallardan biri də siqaretlər və tütün məmulatları olacaq. Nazirlər Kabinetinin qərarı ilə bu məhsulların aksiz vergisi təqribən 3 dəfə artırılaraq hər 1000 ədəd siqaret üçün 1,8 dollar, yəni 1,44 manat əvəzinə 4 manat müəyyən edilib.

Əvəzində müəyyən növ benzinlər üçün aksiz vergisi bir ton benzinə görə, 250 ABŞ dollarından 120 manata endirilib. Digər tərəfdən, bituma görə aksiz vergisi kəskin artırılaraq hər ton məhsula görə, 1 dollardan 24 manata qaldırılıb.

Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilib. (fins.az)


Teqlər:





Xəbər lenti