`The Security Times` Qarabağdan yazdı

`The Security Times` Qarabağdan yazdı
  09 Fevral 2015    Oxunub:1847
Münhen Təhlükəsizlik Konfransı ilə bağlı xüsusi nəşr olunan “The Security Times” qəzetinin fevral nömrəsində xarici siyasət üzrə müxbir Riçard Kiesslerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında “Unudulmuş münaqişə” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə Dağlıq Qarabağ münaqişəsinin postsovet məkanında ən mürəkkəb münaqişə olduğu qeyd edilir. Bildirilir ki, 20 ildən artıqdır davam edən bu münaqişə regionda qeyri-stabil vəziyyətin hökm sürməsinə səbəb olub. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində indiyədək göstərilən bütün səylər uğursuzluqla nəticələnib.

AzərTAc-ın xəbərinə görə, yazıda vurğulanır ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin zəbt olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Avropa Parlamenti də daxil olmaqla digər təşkilatlar, həmçinin Almaniya Bundestaqı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 21-də Almaniyaya səfəri zamanı keçirilən birgə mətbuat konfransında Kansler Angela Merkel münaqişənin sülh yolu ilə həllinin vacibliyini bildirib və rəsmi Berlinin bu məsələdə dəstəyini təklif edib.

Məqalədə bildirilir ki, Fransa, Rusiya və ABŞ-ın həmsədrləri olduqları ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllində vasitəçilik etsə də, indiyə qədər heç bir irəliləyiş əldə edilməyib. Ermənistan Minsk qrupunun digər bütün üzv dövlətlərinin də dəstəklədiyi hər iki ölkənin ərazi bütövlüyünün təmini, Dağlıq Qarabağa təhlükəsizlik zəmanətləri ilə özünüidarəetmə statusu verən hüquqi statusla bağlı prinsipləri qəbul etmir. Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırkı dövlət başçısı Serj Sarkisyanla (hər ikisi Dağlıq Qarabağda anadan olub) münaqişənin həlli istiqamətində danışıqları da nəticə verməyib.

Sonda müəllif vurğulayır ki, əgər xarici güclər Cənubi Qafqazdakı rəqabətlərini bir kənara qoyub problemin nizamlanması ilə məşğul olsalar, onda həll üçün şans yaranar. Əks-təqdirdə hazırkı status-kvo vəziyyəti getdikcə daha da gərginləşdirə bilər.


Teqlər:





Xəbər lenti