Manat necə ucuzlaşdı? - VİDEO

Manat necə ucuzlaşdı? - VİDEO
  23 Fevral 2015    Oxunub:3738
Həftənin xəbəri ölkənin valyuta bazarında baş verənlər oldu. Neft ucuzlaşmağa başlayan dövrdən bəri manatın kursunun stabil saxlanmasına böyük həcmdə pul xərcləyən Mərkəzi Bank dolların manata nisbətən bir qədər bahalaşa biləcəyini istisna etmədi. Bunun ardınca bazarda təşviş və spekulyasiyalar başladı. Sonda dolların manata nisbətən rəsmi məzənnəsinin 1 dollar - 1 manat 5 qəpik səviyyəsinə çıxması ilə nəticələndi.

Azərbaycanda manat şoku yaşandı. Çoxdandır ki, rəsmilərin “manatımız güclüdür, deməli biz güclüyük fikrini” aşıladığı cəmiyyət milli valyutanın dollar və avro qarşısında ucuzlaşması prosesini ciddi təşvişlə qarşıladı. Əlbəttə insanların bu həyəcanı başa düşüləndir. Ölkənin baş bankirinin məzənnənin azalması qəpiyin yüzdə biri qədər olacaq bəyanatından cəmi 3 gün sonra milli valyuta 30%-dən çox ucuzlaşırsa, əhali ölkədə fövqəladə bir hadisə baş verdiyini düşünməyə başlayır.

İndi keçək bugünkü vəziyyətin səbəblərinə. Hər bir ölkənin milli valyutasının xarici valyutalar qarşısında möhkəm olmasının sadə mexanizmi var. Ölkənin ixrac yönümlü istehsalı o qədər güclü olmalıdır ki, ora daxil olan xarici valyutanın həcmi çox olsun. Xarici valyutanın həcminin çox olması ölkənin milli pulunun məzənnəsinin yüksək qalmasına şərait yaradır.

Azərbaycanda isə vəziyyət belədir. Ölkənin ixracının 90%-dən çoxu neftdir. Dollarlar ölkəyə əsasən neftin müqabilində gəlir. Son bir ildə isə neftin qiymətinin enməsi dollar axınını kəskin azaldıb. Buna görə ölkədə dollar azlığı, manatın isə çoxalması təbii olaraq milli valyutanın dəyərdən düşməsini qaçılmaz edirdi. Mərkəzi Bank müəyyən müddət öz ehtiyatlarını sərf edərək dövriyyədə dolların səviyyəsini yüksək, manatı məzənnəsini sabit saxladı. Amma artıq davam edə bilmədi və Elman Rüstəmovun sözləri ilə desək, çevik valyuta siyasətinə keçid etdi. Mütəxəssislər hələ lap başdan xəbərdarlıq edirdilər ki, monetar siyasət islahatlarla paralel aparılmasa nəticəsiz qala bilər.

“Artıq söhbət ondan gedir ki, ölkədə məşğulluğun səviyyəsi mümkün qədər təmin olunmalıdır. Ümumiyyətlə isə ölkədə ixracat patensialı genişləndirilməlidir. Xüsusilə də qeyri-neft məhsulların ixracat həcminin artırılmasıdır. Eyni zamanda idxal asıllığını da müəyyən optimal həddə saxlanılması mühitində Mərkəzin Bankin indiki həyata keçirmək istədiyi siyasət effekt verə bilər” – deyə iqtisadçı Məhəmməd Talıblı bildirib.

Milli pulun ucuzlaşdırılmasının məqsədi belə göstərilir. Qeyri-neft sahəsində ixrac potensialını artırmaq, iqtisadi qanunlarla bu doğrudur. Amma bugünkü vəziyyətdə, rəsmilər özü də yerli istehsalın daxili tələbatı tam ödəmədiyini etiraf edirlər. Bu, xüsusilə ərzaq məhsullarına aiddir. Buna görə, hökumətin qəfil qərarının fəsad verəcəyi gözlənilir. İqtisadçı alimlər deyirlər ki, artıq ən uğurlu ölkələr daxili istehsalı məzənnə siyasəti ilə stimullaşdırmaqdan çoxdan vaz keçiblər.

“Makroiqtisadi sabitlik modelində mahiyyət dəyişikliyin aparmağın vaxtı çatıb. Artıq valyuta məzənnəsi üzərində qurulan model müasir dövrdə özünü doğrultmur. Bu model uçot stavkası üzərində həyata keçirilməlidir. Uçot stavkası üzərində qurularsa əsaslı bir problem yaranmayacaq” – deyə iqtisad elmləri doktoru, professor Əvəz Bayramov vurğulayıb.

Sadə dillə desək, hökumətlər ixracyönlü istehsalı uçot dərəcəsini azaltmaq, bunun vasitəsilə kredit resurslarının dəyərini aşağı salmaqla edir. Azərbaycanın da bu modeldən istifadə etməsi təklif olunur.

İndiki qəfil və gözlənilməz addımın fərqli yozumları var. Bəzi ekspetlər hesab edir ki, məqsəd büdcədə yaranmış kəsiri qapatmaqdır. Məsələn, dolların məzənnəsinin 78 qəpik olduğu halda, xaricdən gələn bir milyard dollar büdcəyə 780 milyon manat kimi daxil olurdusa, məzənnə 1 manat 5 qəpik halında bu məbləğ bir milyard manatdan artıq edir. Bununla büdcədə kəsir azalır, dövlət sosial və digər xərclərinə qənaət etmir. Eyni ssenaridən Rusiya da istifadə edib.

Amma bu siyasət nə qədər davam edə bilər? Nəzərə alsaq ki, neftin qiyməti ilə bağlı bədbin proqnozlar uzunmüddətlidir, deməli bu yanaşma özünü doğrultmayacaq. İstənilən halda manatın bir simptom olaraq özünü göstərdiyi ölkə iqtisadiyyatının neftdən asılılığı xəstəliyini sağaltmaq lazımdır.

Bunun üçün dövlət başçısının tapşırıqları var, proqramlar təsdiqlənib, vəsaitlər ayrılıb. Deməli, siyasətin icrasında problemlər var. İndi bu boşluqları tapmağın və qeyri-neft iqtisadiyyatını sözün əsl mənasında ayağa qaldırmağın vaxtıdır. Məzənnə oyunu büdcəni doldura bilər, amma insanların sosial rifahını yaxşılaşdıra bilməz.




Teqlər:  





Xəbər lenti