Almaniyada Xocalı yürüşü

Almaniyada Xocalı yürüşü
  23 Fevral 2015    Oxunub:1904
Almaniyanın Bielefeld şəhərində Xocalı yürüşü keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Xocalıya ədalət” kampaniyası çərçivəsində Almaniyanın Bielefeld şəhərində izdihamlı yürüş-mitinq keçirilib. Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş aksiyada Almaniyanın Bielefeld, Hannover, Hamburq və digər şəhərlərində yaşayan 400-dən çox soydaşımız, türk icmasının, yerli ictimaiyyətin nümayəndələri, iş adamları, ictimai-siyasi xadimlər iştirak edib.

Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı və Türkiyə Gənclər Təşkilatının (TGB) dəstəyi ilə keçirilən yürüş-mitinq Bielefeld şəhərinin mərkəzi meydanından başlayıb. Mitinqdə Azərbaycan və alman dillərində Xocalı soyqırımı haqqında məlumat verilib. Bildirilib ki, bu vəhşilik erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırım siyasətinin dəhşətli nümunəsidir. Mitinqdə Xocalı faciəsinin bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən soyqırım kimi tanınması, insanlığa qarşı törədilən bu qətliama digər dövlətilərin də tezliklə hüquqi və siyasi qiymət verəcəyinə əminlik ifadə edilib. Aksiyada çıxış edənlər Almaniya hökumətini də bu faciəni soyqırım kimi tanımağa çağırıb.

Mitinqin sonunda Azərbaycan-Alman Dostluq Cəmiyyətinin qəbul etdiyi bəyannamə oxunub. Bəyannamədə bəşəriyyətin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımına dünya ictimaiyyətinin siyasi-hüquqi qiymət verməsinin zəruriliyi vurğulanıb.

Mitinqdən sonra aksiya iştirakçılar Bielefeld şəhərinin mərkəzi küçələri ilə hərəkət edərək Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınmasını və Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymasını tələb ediblər. Çox sayda Azərbaycan və Türk bayraqlarının dalğalandığı yürüş zamanı şəhər sakinlərinə soyqırımına dair kitab, jurnal, broşür paylanılıb.

Yürüş zamanı səsgücləndirici vasitəsilə şəhərin sakinlərinə və qonaqlarına Xocalı faciəsi haqda məlumat veriblər. Əllərində Xocalı dəhşətlərini əks etdirən fotoşəkilləri, plakat və şüarları, Azərbaycan və Türkiyə bayraqlarını tutan aksiya iştirakçıları Azərbaycan və alman dillərində "Qarabağa azadlıq", "Xocalıya ədalət”, “Ermənistan qəsbkarları Azərbaycan ərazisindən rədd olsun” bu kimi şüarlar səsləndiriblər.

Bielefeldin Jahn-Platz meydanında sona çatan yürüş yerli kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Mitinq-yürüşdə çoxsaylı Azərbaycan və Türk cəmiyyətləri, o cümlədən Alman-Azərbaycan Mədəniyyət Evi, Bielefeld Atatürkçü Düşüncə Dərnəyinin üzvləri fəal iştirak ediblər.


Teqlər:





Xəbər lenti