Qaza görə ödənişlər asanlaşdırılır

Qaza görə ödənişlər asanlaşdırılır
  25 Fevral 2015    Oxunub:2195
Azərbaycanda abonentlərin istehlak etdiyi təbii qaza görə ödənişləri asanlaşdırılır.
ARDNŞ-in saytına istinadən AzVision.az xəbər verir ki, son vaxtlar “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təchizatı sisteminin yenidən qurulması, istehlakçıların təbii qazla təchizatı istiqamətində mühüm işlər görülür, abonentlərin sayı durmadan artır. İstehlakçılar üçün quraşdırılmış müasir tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi, ödənişlərlə bağlı əməliyyatların artması ilə əlaqədar yarana biləcək texniki problemləri aradan qaldırmaq məqsədi ilə bir sıra yeniliklər tətbiq edilir.

Məlumat üçün bildirək ki, Bakı şəhəri və Abşeron rayonunda abonentlərin mənzillərində quraşdırılmış 17 972 ədəd (Nəsimi rayonu - 3480, Yasamal rayonu - 2526, Xəzər rayonu - 1207, Sabunçu rayonu - 42, Səbail rayonu - 539, Binəqədi rayonu - 1475, Xətai rayonu - 3055, Nərimanov rayonu - 2677, Suraxanı rayonu - 241, Nizami rayonu - 1244, Qaradağ rayonu - 273, Abşeron rayonu - 1213) "Actaris Gulf" tipli qaz sayğaclarının ödəniş xidmətləri yalnız Bakı şəhərində yerləşən Kapital Bank"ın filiallarında olan terminallarda “TaleXus” proqramı vasitəsilə həyata keçirilir. Həmin proqram təminatında tez-tez nasazlıqların yaranması "Gulf" tipli qaz sayğaclarının kartlarına ödəniş zamanı abonentlərə bir sıra çətinliklər yaradır. Bunun qarşısını almaq, eyni zamanda, abonentlərin istehlak etdiyi təbii qaza görə ödənişləri daha yüksək keyfiyyətlə həyata keçirmələri məqsədilə Bakı şəhəri və Abşeron rayonu ərazilərində qazlaşdırma işləri aparılarkən artıq kütləvi şəkildə "Gulf" tipli sayğaclar deyil, “İtron” tipli smart qaz sayğacları quraşdırılır.

"Gulf" tipli sayğaclara malik 17 972 abonent də yaddan çıxarılmır. Belə ki, onların ödənişləri daha rahat aparmaları üçün "Actaris Gulf" tipli sayğacların proqram təminatının dəyişdirilməsi və “İtron” smart tipli qaz sayğaclarına uyğunlaşdırılmasına başlanılıb. Bu istiqamətdə işlər davam etdirilir. Birliyin mütəxəssisləri yerindəcə xüsusi servis kartları vasitəsilə yeni proqramı sayğaclara yükləyir, həmin proqrama uyğun kartları abonentlərə təqdim edirlər. İşlər başa çatdırıldıqdan sonra "Actaris Gulf" tipli qaz sayğaclarından istifadə edən abonentlər smart-kartlara ödənişləri yalnız "Kapital Bank"ın filiallarında deyil, istənilən ödəniş terminallarında həyata keçirə biləcəklər.


Teqlər:





Xəbər lenti