Anasını öldürən oğul: “Kişilərlə danışdığını dedi”

Anasını öldürən oğul: “Kişilərlə danışdığını dedi”
  01 May 2015    Oxunub:2637
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya vətəndaşı, 1992-ci il təvəllüdlü Hümbət Nağızadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Prosesə hakim Cavid Hüseynov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham attını elan etdi. İttihama görə, təqsirləndirilən Hümbət Nağızadə Şəmkir rayonunun İrmaşlı kəndində yaşayan anası, 1971-ci il təvəllüdlü Fatimə Qurbanovanın başqa kişilərlə telefon əlaqəsi saxladığını eşidib. Qardaşı Rövşən ona 11 yaşlı kiçik bacısı ilə anasının bir yerdə itkin düşdüyünü, bu barədə polisə xəbər verdiklərini deyib.

Hümbət bu məsələyə aydınlıq gətirmək üçün 2014-cü il, oktyabrın 22-də Rusiyadan Azərbaycana gəlib. Anası Fatimə ilə telefon əlaqəsi saxlayıb və qadının Bakıda olduğunu müəyyənləşdirib. Həmin gün anası ilə görüşmək üçün onu özlərinə məxsus olan Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsindəki mənzilə çağırıb.

Söhbət əsnasında Hümbət anası Fatimə Qurbanovadan əxlaqsız hərəkətlərinə son qoymağı tələb edib. Ana ilə oğul arasında bununla bağlı mübahisə düşüb.

Fatimə Qurbanovanın atasının ruhunu təhqir etməsindən daha da əsəbiləşən Hümbət anasının boğazından yapışaraq var gücü ilə boğmağa başlayıb. Anasının nəfəs almadığını, keçindiyini görən oğul mənzilin qapısını bağlayıb və Abşeron Rayon Polis Şöbəsinə (RPŞ) gedərək törətdiyi cinayəti etiraf edib.

“Anam dedi ki, öz həyatımdır, özüm bilərəm...”

Təqsirləndirilən şəxs qismində dindirilən Hümbət Nağızadə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

H.Nağzadə ifadəsində ailəsi ilə birlikdə uzun illər Rusiyada yaşadıqlarını, 7-ci sinfə kimi orada təhsil aldığını, sonradan atasının xəstəliyi ilə əlaqədar Azərbaycana köçdüklərini, atası Elşənin 2012-ci ildə dünyasını dəyişdiyini göstərdi: “Mən yenidən Rusiyaya qayıtdım və orada işləməyə başladım. Ötən ilin avqust ayında qardaşım Rövşən zəng vurub anamın başqa kişilərlə danışdığını, 11 yaşlı bacımı da özü ilə götürüb evdən getdiyini dedi.

Sonradan anamı və bacımı axtarıb tapıblar. Amma anam kəndə qayıtmaq istəməyib. Qardaşıma dedim ki, qurtarın bu söz-söhbəti, mən kəndə gəlməyəcəyəm. O vaxt Rusiyada evimiz var idi. Atam Azərbaycana qayıdanda həmin evi satdıq, Xırdalanda ikiotaqlı mənzil aldıq. Mənzil hələ təmir olunmamışdı. Anama zəng vurub həmin evə çağırdım. Ondan nə baş verdiyini, niyə belə etdiyini soruşdum. Mənə “öz həyatımdır, özüm bilərəm” dedi”.

“Valideynlərimin münasibəti soyuq idi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, son vaxtlar valideynləri arasındakı münasibətlər soyuq olub: “Atamla anamın münasibətləri 2010-cu ildən soyumuşdu. Buna səbəb isə atamın çox içki içməsi idi. Atam serroz xəstəliyinə tutulmuşdu. 2012-ci ildə vəfat etdi.

Atamın 40 mərasimindən sonra mən Rusiyaya qayıtdım, qardaşım, bacım, anam isə kənddə qaldılar. Tez-tez zəng vurub ailə üzvlərimlə əlaqə saxlayırdım. Qardaşım universitetə qəbul olunmuşdu, Bakıda oxuyurdu. Kənddə anamla bacım qalmışdı”.

“Anamı öldürmək niyyətim yox idi, amma...”

H.Nağızadənin ifadəsinə görə, hadisə baş verən gün anası Fatimənin kobud cavab qaytarmasına və atasının ruhunu təhqir etməsinə dözməyib: “Anam tək gəlmişdi. Mənzildə ikimizdən başqa heç kim yox idi. Anama dedim ki, qayıt gəl kəndə, biabırçılıq olmasın, səni bağışlayırıq.

Bu zaman atamın ünvanına söyüş söydü. Mən də özümü saxlaya bilmədim. Əlimi boynuna keçirtdim, boğazından yapışıb sıxdım. Özümdə deyildim. Birdən ayıldım ki, nəfəsi gəlmir. Nəbzini yoxladım, artıq keçinmişdi. Onu öldürmək niyyətim yox idi, peşmanam”.

Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilən Etibar Tağıyev təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını dedi: “Bacım Fatimənin evdən getməsi məlum olanda onu axtarışa verdik. O hadisədən sonra onunla əlaqə saxlamamışam. Amma uşaqlarla əlaqəm var idi. Sonralar eşitdim ki, Hümbətlə barışıb. Fikirləşdim ki, ana-baladırlar, aralarına girməyim.

Mənim Hümbətə qarşı heç bir şikayətim yoxdur. Xahiş edirəm, cəza təyin edəndə bunu nəzərə alasınız”.

“Anamla bacımın Bakıda yaşadığını öyrəndik”

Şahid qismində məhkəmədə ifadə verən Rövşən Qurbanov ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi və anasının qətlə yetirilməsi xəbərini universitetdə olarkən eşitdiyini göstərdi: “Mən Bakıda, qardaşım isə Rusiyada yaşayırdıq. Anamın başqa kişilərlə əlaqə saxlamasından şübhələnmişdim.

Ötən ilin avqust ayı idi. Evə gələndə gördüm ki, anam yenə də telefonla danışır. Telefonun əlindən almaq istədim ki, görüm kiminlə danışır. Vermədi, telefonu yerə çırpdı. Sonra da əmimgilə getdi. Səhər gördüm ki, anam evdə yoxdur. Elə bildim əmimgildədir. Əmimin yoldaşından soruşdum. Məlum oldu ki, onlarda deyil.

Axtarış üçün polisə müraciət etdim. Anamın bacımla birlikdə Bakıda yaşadığını öyrəndim. Evdən gedəndən sonra anamla əlaqə saxladım. Belə qərara gəldik ki, evi təmir edib verək ona, bacımı bizə versin. Razılaşdıq. Anam özü də bizdən ayrılmaq istəyirdi. Hadisə baş verən gün qardaşım Hümbət anamla görüşüb və bu hadisə baş verib. Mən universitetdə idim. Zəng vurub xəbər verdilər”.

Məhkəmə prosesi mayın 8-də davam edəcək.


Virtualaz.org


Teqlər:





Xəbər lenti