Xarici valyutada kreditlər dayandırıldı – TƏHLİL

Xarici valyutada kreditlər dayandırıldı – TƏHLİL
  11 Aprel 2016    Oxunub:5041
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklara əhaliyə xarici valyutada istehlak kreditləri verilməsinin aprelin 5-dən 1 ay müddətinə dayandırılması haqda göstərişin göndərilməsi təqdirəlayiq və vaxtında atılmış addımdır. Düzdür, bu barədə bir sıra iqtisadçı ekspertlər hələ xeyli əvvəl təkliflər irəli sürmüş və bəzi MDB ölkələrində də anoloji və yaxud buna oxşar addımlar atıldığına istinad edərək, sözügedən məsələyə bizdə də baxmaq lazım gəldiyini vurğulamışdılar.

Ancaq məsələyə məhz bu cür qətiyyətlə yanaşılacağı və birmənalı qərar qəbul olunacağını heç kim gözləmirdi. O səbəbdən ki, banklar tərəfdən xarici valyutada istehlak kreditlərinin verilməsinə məhdudiyyət qoyulmasını təklif edənlər özləri də məsələnin belə həll olunmasını istəmirdilər. Palatanın yanaşma tərzi və tutduğu mövqe isə daha düzgündür.

Sual olunur ki, niyə?!

Məsələ bundadır ki, ölkədə fikrimcə, banklar tərəfdən kreditlərin xarici valyuta ilə təklifinə ən azı müəyyən müddət qadağan qoyulması vacib idi. Aydındır ki, banklara xarici valyuta ilə kredit vermək, manatla təklif etməkdən daha sərfəlidir.

Çünki bu, əvvəla onların vəsaitlərinin çox hissəsinin hələ əhali əmanətlərini manatdan xarici valyutaya dəyişməmişdən öncə də sözügedən pul vahidi ilə təşkil etməsi səbəbindən irəli gəlirdi. Üstəlik, cari ilin yanvarın sonuna olan məlumata əsasən fiziki şəxslərin banklarda olan 8 milyard 600 milyon manat məbləğdən çox əmanətlərinin 7 milyard 200 milyondan çox hissəsi xarici valyuta ilə təşkil edirdi. Bunun da 90 %-dən çox hissəsi ABŞ dolları ilə idi.

İkincisi də, nəzərə alsaq ki, bankların əsas gəlir mənbəyini istehlak kreditləri təşkil edir və həmin kreditlər də əhaliyə almaq istədikləri məhz o malların satışını maliyyələşdirməyə imkan yaradır ki, həmin malların da hamısı xarici valyuta ilə alınıb gətirilir, demək ki, əlavə izaha ehtiyac qalmırdı. Üçüncüsü isə devalvasiyadan sonra manatla kredit vermək banklar üçün ümumiyyətlə, riskə çevrilib. Odur ki, bankları əslində, qınamaq olmur.

Ancaq bunu mütləq aradan götürmək lazım idi.

Bu vəziyyəti aradan qaldırmağın isə 2 əsas yolu var idi. Ya Mərkəzi Bank (AMB) bankları kifayət qədər ucuz manat vəsaitləri ilə təmin etməli idi, ya da inzibati qadağalar tədbiq olunmalı idi. AMB-in manatın məzənnəsi ilə bağlı yaranmış situasiya ilə əlaqədar mərkəzi kreditləşdirmə üzrə faiz - uçot dərəcəsini hazırda qaldırmaq məcburiyyəti qarşısında qaldığını nəzərə aldıqda isə, birinci qətiyyən mümkün deyildi. Xatırladaq ki, uçot dərəcəsi 2016-cı ilin fevral ayının 15-də 5%-ə, martın 4-də isə 7 %-ə qaldırılıb ki, bunun hələ davam edəcəyi gözlənilir.

Odur ki, qalırdı ikinci yol: dollarla kredit vəsaitlərinin ya olduqca aşağı faizlə təklif olunmasına dair limit qoyulmalı və yaxud da ümumiyyətlə, xarici valyuta ilə borc təklifləri müəyyən müddətə dayandırılmalı idi. Başqa sözlə desək, qadağan olunmalı idi.

Bankların likvidliyi və kapital mövqeləri zəiflədiyindən isə, əhalinin borclanması təhlükəsi də artdığından sonuncu yeganə çıxış yolu sayılırdı. Onu da qeyd edək ki, cari ilin yanvarın sonuna olan məlumata əsasən, ölkə üzrə ümumi kredit qoyuluşunun həcmi təxminən, 21 milyard manatdan çox təşkil edirdi ki, bunun da demək olar, yarısı - 10 milyarddan çoxu xarici valyuta ilə verilmiş və onun da manat ekvivalentində 6 milyarddan çox hissəsini vaxtı keçmiş kreditlər təşkil edirdi.

Sonda onu da qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sözügedən qərarında deyilir ki, məhdudiyyət qoyulan müddət ərzində xarici valyutada istehlak kreditlərinin verilməsi sahəsində dərin, hərtərəfli təhlillər aparmaq və istehlakçıların hüquqlarının müdafiə və maliyyə sabitliyini təmin etmək məqsədilə tənzimləyici çərçivələr müəyyən ediləcəkdir ki, üstəlik, Palata qoyduğu müddəti uzatmaq hüququnu öz üzərində saxlayır.

Odur ki, xarici valyutada kreditlərin verilməsinin dayandırılması, o cümlədən bununla əlaqədar görüləcək tədbirlər nəticəsində ölkədə borcvermə və borclanma sahəsində bir çox neqativ halların aradan götürülməsi ilə yanaşı, valyuta bazarında da tələb olunan müvafiq sabitliyin əldə olunmasına şərait yaranacağı gözlənilənlər sırasındadır...

Yeri gəlmişkən, söhbət yalnız xarici valyuta ilə istehlak kreditlərinin verilməsinin dayandırılmasından gedir. Biznes kreditlərinə isə bunun heç bir aidiyyəti yoxdur.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti