Ali məktəbə imtahansız qəbul: Realdırmı və lazımdırmı?

  Ali məktəbə imtahansız qəbul:  Realdırmı və lazımdırmı?
  30 İyun 2021    Oxunub:2867
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri, deputat Dövlət Bağçalı ali təhsil müəssisələrinə qəbul imtahanlarının ləğv edilməsi təklifilə çıxış edib. O bildirib ki, "gənclərin həyatını 2 günlük qəbul imtahanına məhkum etmək ədalətlli və doğru deyil". Bağçali universitetlərə qəbul imtahanlarının tamamilə ləğv edilməli olduğunu qeyd edib.
“Gənclərimizi, ailələrini stress və həyacana salan imtahan modeli dəyişdirilməlidir. Hər bir şagirdin orta məktəb göstəricisi və maraq göstərdiyi sahəyə uyğun olaraq, imtahansız qəbulu reallaşdırılmalıdır”,- o, bildirib.

Ali məktəblərə qəbul imtahanları keçirilmədən, orta məktəb göstərisi ilə qəbul olunmaq məsələsini müxtəlif ekspertlər müəyyən vaxtlarda Azərbaycanda da qaldırıblar. Lakin rəsmi səviyyədə bunun hələ mümkünsüz olduğu qeyd edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Azvision.az -a bildirilib ki, ali təhsil müəssisələrinə qəbul qaydalarını Nazirlər Kabineti müəyən edir. DİM ona uyğun qaydada qəbul prosesi həyata keçirir.



Təhsil eksperti Kamran Əsədov Azvision.az -a açıqlamasında bildirib ki, son illər istər Azərbaycanda, istərsə də dünyada qəbul imtahanlarının çətinləşməsi, abituriyentlərin nəticələrinin zəif olması onların intihara meyillənməsinə gətirib çıxarır: “Şagirdlər ali məktəbə qəbul zamanı bir neçə mərhələli imtahanlardan keçmək məcburiyyətində qalırlar. Çətin suallara görə illərlə hazırlaşırlar. İmtahanların çoxluğu, çətinliyi səbəbindən ciddi stress yaşayırlar, asudə vaxtları olmur. Bu, həm Azərbaycanda, həm də qardaş Türkiyədə belədir. Kənardan elə görünür ki, Türkiyədə hər kəs rahatlıqla ali məktəbə qəbul olunur. Bu heç də belə deyil. Xarici ölkə vətəndaşları yalnız attestatla ali məktəbə qəbul ola bilər. Lakin ölkə daxilində vətəndaşlar bir neçə imtahandan keçir”.

K.Əsədov bildirib ki, son dövrlər informasiya texnologiyalarının, şagirdlərin elmi biliklərə yiyələnmə marağının, istiqamətinin dəyişməsi qəbul imtahanlarının formatında ciddi dəyişikliyi zəruri edir: “Biz birmənalı şəkildə imtahanların formatını dəyişməliyik. Çünki imtahanlarda iştirakçıların 5-6 il əvvəlki bilikilərini yoxlayırlar. Bu zaman abituriyentlər əlavə hazırlıq kurslarına, repetitor yanına getməlidirlər. Yaxşı olar ki, imtahanları ümumiyyətlə ləğv etməkdənsə, onların son 1-2 ildə əldə edikləri biliklər yoxlanılsın. Çünki şagirdlərin illər əvvəl əldə etdiyi biliklər qəti şəkildə unudula bilər”.

K.Əsədov qeyd edib ki, imtahanın tamamilə ləğv edilməsi də mümkün deyil. Onun fikrincə, belə olarsa, müsabiqə iştirakçılarının birinin digərindən fərqləndirilməsi mümkün olmayacaq.

Təhsilin inkişaf etdiyi, orta məktəb göstəriciləri etibarlı olan ölkələrdə bu, mümkündür. Məsələn, bir çox Avropa ölkələrində - İngiltərədə, Fransada, Almaniyada şagirdlərin orta ümumtəhsil məktəblərində göstərdiyi nəticələrlə qəbul olmaq imkanlar var. Həmin ölkələrdə orta məktəbin tədris propramı ali məktəblərə qəbula imkan verir. Lakin Azərbaycan və Türkiyə məktəblərində orta məktəblərdə tam olaraq keyfiyyət təmin edilmədiyi üçün bu göstərici ilə birbaşa qəbulun həyata keçirilməsi problem yaradır. Ona görə hesab edirəm ki, gələcəkdə etibar etdiyimiz orta məktəb nəticələri ilə şagirdlərin ali məktəblərə qəbulunun ekvalentliyinin müəyyənləşdirilməsi həyata keçirilə bilər. Lakin burada ən həssas məqam ədalətli və şəffaf yanaşmanın təmin edilməsidir. Bu təmin edilərsə, yaxşı nəticə əldə edilə bilər”.

Təhsil eksperti qeyd edib ki, ali məktəblərə imtahansız qəbul aparılarsa, hər kəs prestijli və perspektivli ixtisasları seçəcək.
“Məsələn, bu gün desək ki, ali məktəbə imtahansız qəbul aparılsın, hər kəs tibbə, hüquqşunaslığa, informasiya təhlükəsizliyi ixtisaslarına qəbul olmaq istəyəcək. Fikrimcə, ilk növbədə ən yaxşıların seçilməsi üçün təkcə test imtahanı keçirilməməlidir, eyni zamanda imtahan iştirakçılarına müəyyən niyyət məktubları yazdırmalıyıq. Onlar bu məktublarda həmin ixtisasda niyə oxumaq istədiyini qeyd etsin. Beləliklə, imtahanların sadələşdirilməsi ilə təhsilin əlatanalığını təmin etməliyik”.

Aytən Zəhra
Azvision.az



Teqlər: İmtahan  





Xəbər lenti