Avropada bizi tanıdanlar

Qeyd edək ki, dünyanın əksər ölkələrinin "Harley Devidson" sahibləri Xorvatiyada bir araya gələcəklər. Möhtəşəm "Harley Devidson" festivalında ilk dəfə olaraq Azərbaycanı "Harley Devidson"un Bakı klubu təmsil edəcək.
Dövlət Bayraq Meydanı ətrafından başlanan yürüşün iştirakçıları dünən Gürcüstanda idilər. 6 gün yolda olacaq baykerlərimizin Türkiyədən sonra Bolqarıstan, Serbiya və Xorvatiyaya gedəcəkləri gözlənilir.
Motoyürüş iştirakçıları yol üçün lazım olan tədbirləri də əvvəlcədən görüblər. Onlar Avropanın bir çox ölkələrindən keçməklə nə az, nə çox - düz 8 min kilometr yol qət etməli olacaqlar.
“Uzun bir səfər olduğuna görə biz lazımi tədbirlər görmüşük. Ən vacib olan əşyaları, ləvazimatları özümüzlə götürmüşük. Əvvəlcədən planlaşdırdığımız nöqtələr olacaq ki, orada yanacaq və qida ilə təmin ediləcəyik”, - deyə motoyürüş iştirakçısı Elmar Mirsalayev vurğulayıb.
Yürüş iştirakçıları yol boyu Azərbaycana aid abidələri də ziyarət edəcəklər.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev deyib ki, əsas məqsəd motoyürüş şəklində Azərbaycanımızı Avropaya başqa cür tanıtdırmaqdır.
"Eyni zamanda, Heydər Əliyev Fonduna da təşəkkürümü bildirmək istəyirəm ki, bizi lazım olan materiallarla, kitablarla, broşürlərlə təmin edib. Onları görüşlərimiz zaman avropalılara təqdim edəcəyik. Biz, ümumiyyətlə, əlimizdən gələni edəcəyik ki, Qurtuluş gününü Avropanın mərkəzində təntənəli şəkildə qeyd edək və düşünürəm ki, bu hadisə tək Azərbaycanda deyil, "Harley Devidson" şirkəti tərəfindən bütün Avropada da izlənilir, - deyə ANS Şirkətlər Qrupunun prezidenti bildirib.
Xatırladaq ki, iyunun 12-dən 15-dək bütün "Harley Devidson" sahiblərinin yığıncağında Azərbaycanı təmsil etdikdən sonra yenidən vətənə dönəcəklər./Anspress/
Teqlər: