4 ildə 23 kütləvi məzarlıq aşkarlanıb - Dövlət Komissiyası

 4 ildə 23 kütləvi məzarlıq aşkarlanıb -  Dövlət Komissiyası
  10 Mart 2025    Oxunub:988
10 mart 2025-ci ildə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (International Commission on Missing Persons - ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimi təşkil edilmişdir.
AzVision.az xəbər verir ki, tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri və İşçi qrupunun əməkdaşları, Beynəlxalq Komissiyanın yüksək ranqlı təmsilçiləri, millət vəkilləri, aidiyyəti dövlət orqanlarının rəhbər şəxsləri, QHT və media nümayəndələri iştirak etmişlər.

Çıxışlarda bildirilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində dörd min nəfərə yaxın vətəndaşımız itkin düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarətində olan itkin düşmüş şəxslər probleminə məhz dövlət başçısının göstərdiyi xüsusi həssas münasibət və bu yöndə verdiyi mühüm tapşırıqlar axtarış prosesinin sürətləndirilməsini və zəruri tədbirlərin intensiv həyata keçirilməsini şərtləndirmişdir.

Ötən dövr ərzində Dövlət Komissiyası tərəfindən itkinlərin taleyinin aydınlaşdırılması sahəsində müvafiq addımlar atılmış, ailələrdən bioloji nümunələrin götürülməsi prosesi davam etdirilmiş, DNT profilləri çıxarılmış, işğaldan azad olunmuş ərazilərdə 2021-ci ilin fevral ayından etibarən aparılmış qazıntı işləri nəticəsində 23 kütləvi məzarlıq müəyyən edilmiş və həmin məzarlıqlarda itkin düşmüş soydaşlarımıza aid olan insan qalıqları aşkarlanaraq götürülmüşdür.

Xüsusilə qeyd olunmuşdur ki, Ermənistan itkin şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsində Azərbaycanla əməkdaşlıqdan və kütləvi məzar yerləri barədə məlumatları təqdim etməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.

Münaqişə dövründə Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının insanların zorakı itkindüşmədən müdafiəsinə dair müddəalarının tələblərinin mütəmadi olaraq pozulması, mülki şəxslərin girov götürülməsi, onlara və hərbi əsirlərə qarşı qeyri-insani rəftar edilməsi, işgəncə verilməsi, onların məhkəmə hökmü olmadan azadlıqdan məhrum edilmələri və edam olunmaları, insanların kütləvi şəkildə, dəfn adətlərinə riayət olunmadan məzarlıqlarda basdırılmaları, habelə məzar yerlərinin gizlədilməsi və qəsdən məhv edilməsi kimi ağır cinayətlərin törədildiyi nəzərə alınaraq, bundan sonra da bu cür məzarlıqların sayının artacağı gözlənilir.

Sonra İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger çıxış etmişdir.
Daha sonra Beynəlxalq Komissiya tərəfindən 2023-cü ildə ölkəmizdə həyata keçirilmiş qiymətləndirmə missiyası ilə bağlı hazırlanmış hesabatın təqdimatı olmuşdur.

Qeyd olunmuşdur ki, itkin ailələrinin otuz illik intizarına son qoymaq üçün bütün imkanlardan yararlanmağa çalışan Dövlət Komissiyası dünyanın müxtəlif yerlərində qanunsuz məzarlıqların aşkarlanması, insan qalıqlarının identifikasiyası, itkinlərin taleyinin aydınlaşdırılması, məhkəmə ekspertizası üzrə böyük iş təcrübəsinə, peşəkar mütəxəssis heyətinə, eləcə də müvafiq sahədə qabaqcıl texniki imkanlara və müasir metodologiyaya malik olan Beynəlxalq Komissiya ilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.
Sonda Beynəlxalq Komissiya ilə əməkdaşlığın itkin soydaşlarımızın taleyinin aydınlaşdırılması istiqamətində səmərəli nəticələr verəcəyinə dərin inam ifadə olunmuşdur.


Teqlər:





Xəbər lenti