ABŞ Ukraynanın əvvəlki sərhədlərinə qayıtmasına razı deyil - "Sky News"

 ABŞ Ukraynanın əvvəlki sərhədlərinə qayıtmasına razı deyil    - "Sky News"
  11 Mart 2025    Oxunub:566
Donald Trampın komandası Ukraynanın nəinki 2014-cü ilin, hətta 2022-ci ilin sərhədlərinə qayıtması ehtimalını qəti şəkildə istisna edir.
Bu fikirlər "Sky News"da dərc olunan məqalədəndir. Nəşr Ciddədəki Amerika nümayəndə heyətinin anonim üzvünə istinad edib.

ABŞ-Ukrayna görüşü konstruktiv başlayıb - VİDEO
Saytın Ciddədəki müxbiri qeyd edib ki, ABŞ bu günki görüş ilə Kiyevin danışıqlar zamanı hansı güzəştlərə gedəcəyini görmək istəyir.

“Görünür, ukraynalılar kifayət qədər ağrılı güzəştlərə getməli olacaqlar. Lakin ümid edirik ki, bu danışıqlar başa çatdıqdan sonra gələcək atəşkəsin hansı formada olacağını görəcəyik”,- o deyib.

Jurnalist iddia edib ki, Amerika rəsmiləri Ukraynadan ölkə sərhədlərinin 2014-cü ildə (Rusiyanın Krımı ilhaq etməzdən əvvəl-red.) və ya 2022-ci ildəki (tam miqyaslı işğaldan əvvəl-red.) mövqelərinə qaytarılması ilə bağlı hər hansı müraciəti eşitmək istəmədiklərini açıq şəkildə bildiriblər.

Bir müddət öncə ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Ukrayna istənilən sülh sazişinin tərkib hissəsi kimi ərazi güzəştlərinə getməli olacaq. O, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanında Ukrayna və Amerika nümayəndə heyətləri arasında aparılan danışıqlar uğurlu olarsa, Birləşmiş Ştatlar Kiyevə silah və kəşfiyyat tədarükünə qoyulan qadağanı ləğv edə bilər.

Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanında Ukrayna ilə ABŞ arasında danışıqlar başlayıb. Kiyevdən görüşdə Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov iştirak edir. Amerika nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşavir Mayk Vals başçılıq edir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Sərhəd   Ukrayna  





Xəbər lenti