YAP-çı deputatın firması bağlana bilər

YAP-çı deputatın firması bağlana bilər
  10 İyun 2014    Oxunub:1326
Əgər əməkdaşların maaşını ödəyə bilməsək, məcburiyyət qarşısında qalıb bağlana bilərik.
“Qasid” mətbuat yayımı firmasının rəhbəri, deputat Mirkazım Kazımov “Media forum” saytının suallarını cavablandırıb.

Xeyli vaxtdır qəzetlərin “Qasid”ə satış üçün verdikləri nüsxələrin pulunu vaxtlı-vaxtında ala bilməməkdən giley etdiklərinə münasibət bildirən firma rəhbəri bu vəziyyətə düşmələrinin həm obyektiv, həm də subyektiv səbəblərinin olduğunu deyib:

“Bakıda abadlıq işləri aparılır, firmaya aid köşklərin xeyli hissəsi götürülüb. Müəyyən maliyyə problemlərimiz olduğu üçün köşkləri şəhərimizin müasir görkəminə uyğun formaya sala bilmədik. Bu səbəbdən yeni yaranan “Əks-səda” firması ilə rəqabət apara bilməyib uduzduq. Yeni köşklər qoyulduğu üçün bizə maraq azalıb, firma çətin və acınacaqlı vəziyyətdədir”.

Mirkazım Kazımov bildirib ki, yay mövsümündə işləri lap çətin olacaq: “Yayda qəzet satışı həmişə 30-40 faiz aşağı düşür. Bəzi xırdavat əşyalarının satışı ilə bu vəziyyətdən çıxa bilirik. Sentyabr ayından isə vəziyyətimiz düzəlir”.

M.Kazımov deyib ki, firmanın Bakıda 100-dən də az köşkü qalıb: “Hazırda Bakı Şəhər İcra Hakimiyyəti daha 3 köşkümüzün götürülməsi üçün göstəriş verib. Böyük bir firma olduğumuz üçün xərclərimiz də çoxdur. Əgər əməkdaşların maaşını ödəyə bilməsək, məcburiyyət qarşısında qalıb bağlana bilərik. Çalışırıq bu vəziyyətə düşməyək.

Düşdüyümüz vəziyyətdən çıxmaq üçün köşklərdə müəyyən xırdavat əşyaları satılır. Az da olsa gəlir əldə edirik”.

Firmanın neçə qəzetə borcu olduğuna gəlincə, M.Kazımov deyib: ““Azadlıq”a, “Xalq qəzeti”nə, “Azərbaycan”a, “İki sahil”ə, “Səs”ə və bir çox başqa qəzetə borcumuz var. Qəzetlərə olan borcumuzu mütəmadi olaraq ödəyirik. Yalnız “Azadlıq” qəzeti ilə bağlı bəzi problemlərimiz var idi. Bu yaxınlarda qəzetə olan borcumuzun müəyyən bir qismini üzdük”.



Teqlər:





Xəbər lenti