“İstənilən sanksiyalara qarşıyıq” - İlham Əliyev

   “İstənilən sanksiyalara qarşıyıq” -    İlham Əliyev
  09 Oktyabr 2024    Oxunub:1347
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verib. Müxbirin “Rusiya minlərlə sanksiyanın təzyiqi altında yaşayır. Sizcə, sanksiyalar siyasətinin prinsipcə hər hansı perspektivləri varmı?” sualına cavab verərkən Prezident bildirib ki, sanksiyaların, ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusilə də qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə.
- Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik,- Prezident deyib.

O xatırladıb ki, bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu.

“Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”,- İlham Əliyev vurğulayıb.


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti