“Siemens”in “Akkuyu” cığallığı

// Alman şirkəti AES üçün avadanlıq tədarükünü pozub

 “Siemens”in “Akkuyu” cığallığı
  07 Oktyabr 2024    Oxunub:491
Almaniyanın “Siemens” şirkəti Türkiyədə inşa olunan “Akkuyu” AES layihəsi üçün əhəmiyyətli avadanlıq təmin etmədiyi üçün həmin avadanlıq dost ölkələrdən alınıb.
AzVision.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak bununla əlaqədar olaraq, Moskva və Ankaranın “Akkuyu” AES-i üzrə iş qrafikinə yenidən baxdıqlarını, bütün enerji bloklarının 2028-ci ildə işə salınmasının gözlənildiyini bildirib.

“Təəssüflər olsun ki, bir sıra dost olmayan ölkələr türk xalqının bu arzusunu həyata keçirməsinə mane olmağa çalışır. Beləliklə, biz, bağlanmış müqaviləyə baxmayaraq, Qərb ölkəsindən olan təchizatçının - “Siemens” (Almaniya) şirkətinin bir sıra avadanlıqların tədarükü ilə bağlı müqavilə öhdəliklərini pozduğu bir vəziyyətlə qarşılaşdıq”,- Aleksandr Novak jurnalistlərə açıqlamasında deyib.

Rusiyalı məmur hansı avadanlıqdan söhbət getdiyini dəqiqləşdirməsə də, onların kritik avdanlıq olmadığını, lakin layihə üçün əhəmiyyətl kəsb etdiyini söyləyib.
Onun sözlərinə götrə, “Siemens” şirkətinin nümayəndələri ilə danışıqlar konstruktiv nəticə vermədikdən sonra “Rosatom” türk tərəfdaşları ilə birlikdə “dost ölkələrdən” komponentlər aldı və ilk partiya artıq “Akkuyu” AES-ə çatdırılıb. Novak stansiyanın bütün dörd enerji blokunun 2028-ci ildə işə başlayacağını elan edib, lakin onlardan birincisinin işə salınma vaxtını dəqiqləşdirməyib. Hazırda Rusiya və Türkiyə “Siemens” şirkətinin “Akkuyu” AES layihəsinin icra qrafiki ilə bağlı öhdəliklərinə əməl etməməsinin nəticələrini qiymətləndirirlər.

“Akkuyu” AES Türkiyənin cənub sahilində Mersin vilayətində tikilir. Bu, respublikada ilk atom elektrik stansiyası (AES) olacaq. Layihə Rusiyanın “Rosatom” şirkəti tərəfindən hazırlanıb. “Akkuyu” AES-in tikintisai barədə Rusiya ilə Türkiyə arasında 2010-cu ildə müqavilə imzalanıb və 2021-ci ildə ilk enerji blokunun inşasına başlanılıb. Rusiya prezidenti Vladimir Putin stansiyanın ilk enerji blokunun 2023-cü ildə işə salınacağını açıqlasa da, “Rosatom”un baş direktoru Aleksey Lixaçyov bu tarixi təsdiqləməyib. O, “Akkuyu” AES-in fiziki işə salınmasının 2024-cü ilə planlaşdırıldığını bildirmişdi.

“Rosatom”un rəhbəri daha sonra qeyd edib ki, bu layihənin həyata keçirilməsinə ABŞ-nin sanksiyaları mane olur. Onun sözlərinə görə, xüsusilə də, vəsaitlərin həbsi ilə bağlı qarşılıqlı hesablaşmalar sistemində çətinliklər müşahidə edilir.

Qeyd edək ki, dünyada yaşanan sərt qarşıdurmalar və mürəkkəb siyasi proseslər fonunda bir çox ölkələrdə enerji təchizatının təminatı müstəvisində AES-lərin tikilməsi məsələsi xeyli aktuallaşıb. Məsələn, dünən Qazaxıstanda keçirilmiş referendumun ilkin nəticəsinə görə, əhalinin 71,12%-i ölkədə AES-in inşası ideyasını dəstəkləyir.

Su üçün atom | VİDEOMÜSAHİBƏ
Yeri gəlmişkən, bir müddət əvvəl AzVision.az saytı Azərbaycanda da atom enerjisindən istifadə məsələsinə toxunmuşdu. AMEA-nın müxbir üzvü, Radiasiya Problemləri İnstitutunun baş direktoru, kimya elmləri doktoru, professor İslam Mustafayev atom enerjisinin xüsusilə də dəniz suyunun şirinləşdirilməsi prosesində istifadəsinin mümkün olduğunu vurğulamışdı. Qonşu ölkələrin bu istiqamətdə təcrübələrini diqqətə çatdıran alimin sözlərinə görə, İranda dəniz suyunun şirinləşdirilməsi məqsədilə 3 qurğunun, habelə Türkiyədəki “Akkuyu” AES-in yanında qurğuların inşası nəzərdə tutulur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Siemens   Akkuyu   avadanlıq  





Xəbər lenti