Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək
  07 Oktyabr 2024    Oxunub:855
Azərbaycan Respublikası prokurorluq orqanları tərəfindən cinayətkarlığa, o cümlədən onun ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət beynəlxalq əməkdaşlıq müstəvisində də davam etdirilməkdədir.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu çərçivədə cari ilin 24-27 sentyabr tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Birləşmiş Millətlər Təşkilatının Antikorrupsiya Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) 5-ci Plenar Görüşü keçirilib.

Dünyanın 100-dən artıq ölkəsinin, 10-dan çox beynəlxalq təşkilatın 400-dən artıq nümayəndəsinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov və böyük prokuroru Əflatun Hüseynov təmsil edib.

Plenar Görüşün işi Yüksək Səviyyəli Forum, ölkə təqdimatları, yan iclaslarla davam etdirilib, təşkilatın idarəetmə orqanına seçkilər keçirilib, habelə GlobE Şəbəkəsinin 2023-cü il üzrə hesabatı, 2025-2027-ci ilər üzrə Strateji Planı və Pekin Razılaşması sənədləri müzakirə olunaraq qəbul edilib.

Tədbirin mövzusuna uyğun olaraq təqdimatla çıxış edən nümayəndələrimiz milli təcrübəyə istinad etməklə beynəlxalq təşkilatla qeyri-formal şəkildə baş tutmuş qarşılıqlı hüquqi yardımın konkret cinayət işinin ibtidai istintaqına töhfəsindən bəhs ediblər.

Daha sonra, BMT-nin “Təmiz İpək Yolu Pekin Təşəbbüsü” yanında Antikorrupsiya şəbəkəsi tərəfindən “Təşəbbüsə qoşulmuş ölkələrdə xarici investisiyanın cəlb edilməsinə təşviq edən korrupsiyasız mühitin formalaşması” mövzusunda keçirilən yan tədbirdə çıxış edən nümayəndələrimiz Azərbaycanda investisiya yönümlü biznes mühitinin daha da gücləndirilməsi istiqamətində ölkəmizdə iqtisadi islahatların antikorrupsiya tədbirləri ilə dəstəklənməsinə dair görülmüş işlər barədə iştirakçıları məlumatlandırılıb, bu məzmunda Ələt azad iqtisadi zonası haqqında Qanundan qəbul edilməsi, Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə və Dövlət satınalmaları haqqında qanunların isə beynəlxalq standartlara tam cavab verən məzmunda yenilənməsi kimi nailiyyətlərdən nümunələr gətiriblər.

Həmçinin, GlobE-şəbəkəsinin Plenar görüşündə bu təşkilatın 15 üzvdən ibarət icraiyyə komitəsinə keçirilmiş seçkilər nəticəsində Natiq Eyvazov idarəçilik orqanına üzv təyin edilib.

Tədbirin sonunda BMT-nin Antikorrupsiya Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) növbəti - 6-cı Plenar Görüşünün 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə yekdilliklə qərar qəbul edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti