NATO generalı Bakıda

   NATO generalı Bakıda
  09 Oktyabr 2024    Oxunub:319
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşüb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, general-polkovnik K.Vəliyev qonaqları salamlayaraq NATO ilə münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Baş Qərargah rəisi sülhə əngəl yaradan amilləri açıqladı
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışan Baş Qərargah rəisi hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi riayət edildiyini və mülki əhalinin hədəfə alınmadığını xüsusi qeyd edib.

“Ölkəmiz azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, eləcə də humanitar minatəmizləmə fəaliyyətini sürətlə davam etdirir. Qarşımızda duran əsas maneə Ermənistanın işğalı nəticəsində yaranmış mina terrorudur”, - deyə general-polkovnik K.Vəliyev bildirib.

Qonaqlar, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədində cari vəziyyət barədə də ətraflı məlumatlandırılıb. General-polkovnik K.Vəliyev NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində bölmələrin hazırlığına böyük töhfə verildiyini bildirərək, əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd edib. Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.

General-leytenant Y.Adamçak Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirib, o cümlədən Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş və digər sülhməramlı missiyalarda verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Görüşdə hərbi, hərbi təhsil sahəsində birgə əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində NATO nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş 20 Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini dərin hörmət və ehtiramla yad edib. Qonaqlar, həmçinin Hərbi Qənimətlər Parkında olub, Vətən müharibəsi zamanı düşməndən qənimət götürülmüş atıcı silah, zirehli və xüsusi texnika, artilleriya qurğuları, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə baxıblar. Daha sonra NATO nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsini də ziyarət edib.

AzVision.az

Qalereya




Teqlər:   NATO  





Xəbər lenti