COP29-da Azərbaycan mədəniyyəti: İncəsənətlə iqlim dəyişikliyinə diqqəti yönəltmək

      COP29-da Azərbaycan mədəniyyəti:    İncəsənətlə iqlim dəyişikliyinə diqqəti yönəltmək
  04 Yanvar 2025    Oxunub:964
Ötən il 12 noyabrda Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin başlaması tarixi və böyük əhəmiyyətli hadisə idi. İqlim dəyişmələri uzun müddətdir ki, bütün dünyanı narahat edir.
COP29 tədbirləri də qlobal səviyyədə bəşəriyyəti gözləyən fəlakətlərdən xilas etmək naminə BMT miqyasında həyata keçirilən təşəbbüsdür. Dünyanın 196 ölkəsindən 80 minə yaxın insan Bakıda birgə səylərlə iqlim dəyişmələrinin vura biləcəyi zərərləri aradan qaldırmağı davamlı olaraq müzakirə edib. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi bir neçə baxımdan çox əhəmiyyətli və ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Bu barədə Prezident İlham Əliyev 2023-cü ilin dekabrında fikir bildirib. Odur ki, COP29-da bir neçə istiqamət üzrə əldə edilən razılaşmalar qlobal səviyyədə iqlim dəyişikliyinin qarşısını almaq və bu dəyişikliyə uyğunlaşmaq üçün mühüm tədbirlərin həyata keçirilməsinə şərait yaradacaq. Bu razılaşmalar, həm də inkişaf etməkdə olan ölkələrin iqlim məqsədlərinə nail olmalarını dəstəkləyəcək və ekosistemlərin qorunmasına mühüm töhfələr verəcək.



COP29 Azərbaycan mədəniyyətinin, xüsusilə musiqi və incəsənətinin beynəlxalq səviyyədə tanıdılması üçün böyük imkanlar yaradıb. Bu qlobal tədbir, iqlim problemləri kontekstində mədəni irsin əhəmiyyətini vurğulamaqla yanaşı, Azərbaycanın unikal musiqi mədəniyyətinin təbliğinə yüksək səviyyədə vasitəçi olub. COP29 çərçivəsində bir sıra musiqi, incəsənət və mədəniyyət tədbirləri təşkil edilib və bu tədbirlər, iqlim dəyişikliyi mövzusunun mədəniyyət və incəsənət vasitəsilə vurğulanmasına yönəlib.

Noyabrın 12-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi baş tutub. Mərasimdə Ümumilikdə 80 minə yaxın iştirakçı olan tədbirin açılış mərasiminin bədii hissəsində incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı təqdim edilib. COP29-un ölkəmizdə keçirilməsi iqlim məsələləri ilə yanaşı, mədəniyyətlərarası münasibətlərin inkişafına və bir başa zəngin mədəniyyətimizin təbliğinə imkan yaratmaqla gələcəyə mühüm töhfələr verib.



Açılış mərasimində Bakı Kamera Orkestri zəngin konsert proqramı ilə çıxış edib. Orkestrinin bədii rəhbəri Azərbaycanın Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, baş dirijoru Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov, direktoru Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova olub. Tədbirdə dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Bakı Kamera Orkestrinin müşayiəti ilə Xalq artistləri Alim Qasımov, Samir Cəfərov, Dinara Əliyeva, Əlixan Səmədov, Əvəz Abdulla, Rüfət Xəlilzadə, Əməkdar artistlər Sahib Paşazadə, Şəhriyar İmanov, İsfar Sarabski, Ceyla Seyidova və Murad Nəbizadə təntənəli ifaları ilə çıxış ediblər. Dünyanın dörd bir yanından ölkəmizə təşrif buyuran dövlət başçılarının, rəsmilərin, nüzuflu şəxslərin iştirak etdiyi konfransda Azərbaycan musiqisinin könül oxşayan sədası hər kəs tərəfindən böyük heyranlıqla qarşılanıb.



Konsertdə dünya şöhrətli xanəndəmiz Alim Qasımovun ifasında bir vaxtlar ermənilərin sahib çıxmağa cəht göstərdikləri Xalq mahnımız "Sarı gəlin" dünya liderlərinə təqdim olunub. "Sarı gəlin" mahnısını yenə də ermənilərin mənimsəmək istədikləri milli musiqi alətimiz olan balaban musiqi alətində Əlixan Səmədov müşayiət edib. Hər zaman musiqimizi və mədəniyyətimizi dünyada təbliğ edirdiksə, bu dəfə Bakıya topladığımız bütün dünya liderlərinə musiqi mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdik. Daha sonra Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşrin təqdimatı keçirilib. “Azərbaycan. Təbiətin sehrində” (Azerbaijan. Inspired by Nature) kitabı Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində nəşr olunub. Layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihə rəhbəri Prezidentin köməkçisi Anar Ələkbərovdur. Tədbirdə bildirilib ki, nəşrin COP29 günlərində təqdimatı təsadüfi deyil. Burada Azərbaycanın füsunkar təbiəti, flora və faunasına dair fotoşəkillər, müvafiq məlumatlar yer alıb. Kitab oxucuları Azərbaycanın ecazkar təbiəti ilə tanış etməklə yanaşı, bu zənginliyin əhəmiyyətini, onun qorunub saxlanılmasının vacibliyini gündəmə gətirir.



2020-ci ildən start götürən genişmiqyaslı layihə çərçivəsində çəkilən yüzlərlə foto arasında unikal kadrlarla yanaşı, nadir heyvan, quş və bitki növlərini də görmək olar. Layihə Azərbaycan təbiətinin müxtəlifliyini təsvir edərək ölkənin bütün regionlarını, milli parklar və qoruqlarını əhatə edib. Layihə üzrə videoçəkilişlər aparılıb, videoçarxlar və sənədli film hazırlanıb. Təqdimat zamanı sənədli filmin treyleri nümayiş olunub. Tədbirdə çıxış edən Leyla Əliyeva bildirib ki, kitab hər kəsi təbiəti sevməyə və onu qorumağa səsləyir. Layihənin fotoqraflarından biri Aleksey Lyokin çəkilişlər zamanı fotoqraflar qrupunun ölkəmizin bütün guşələrinə səfər etdiyini, çəkilişlər apardığını, bütün rayonların nadir təbiəti ilə tanış olduğunu bildirib. Qeyd olunub ki, çəkilişlər təbiətin bütün gözəlliyini maksimum dərəcədə göstərmək üçün ilin bütün fəsillərində aparılıb.

Sonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərbaycan. Təbiətin sehrində” nəşrinin ilk nümunələrini ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquruya (Caqqi Vasudev) təqdim edib. Qonaqlar nəşrdən zövq aldıqlarını qeyd ediblər. Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycanın mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə mədəniyyətə əsaslanan iqlim fəaliyyəti üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib. Görüşlərdə qeyd edilib ki, iqlim dəyişiklərinin mədəniyyətə təsiri get-gedə artmaqdadır. Bildirilib ki, bu sahədə fundamental inkişafa nail olmaqla həm də dövlətlər öz mədəniyyətlərini qorumalıdır.



UNESCO-nun Mədəniyyət sektoru icra aparatının rəhbəri Dorine Dubois, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova vurğulayıblar ki, dünyada qlobal istiləşmənin təsiri ilə daşqınlar, fırtınalar baş verir, nəticədə tarixi abidələr də məhvolma təhlükəsi ilə üz-üzə qalır. Məruzələrlə davam edən görüşdə Nazir Adil Kərimli bildirib ki, ölkəmizin yaşıl enerji sahəsində gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Mədəni tədbirlərin davamı olaraq Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunmasına çağırış edən MAMA “Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” (Participate!) sərgisinin açılış mərasimi keçirilib. Sərgilərin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ailə üzvləri iştirak ediblər.

Ətraf mühitin mühafizəsi mövzusunda açılan “Öz töhfəni ver!” sərgisi isə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzi və İsveçrə Qadın və Gücləndirmə Assosiasiyası (Association of Swiss Women & Empowerment) tərəfindən təşkil olunub. Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva nümayiş olunan əsərlərin izləyicilərə müsbət enerji verəcəyinə ümidvar olduğunu bildirib. O, sərginin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkürlərini çatdırıb.



Sərgidə iştirak edən heykəltaraş Ömər Eldarov sərginin çoxşaxəli olduğunu, bütün növ sənət nümunələrini əhatə etdiyini deyib. O, sərgidə həm təbiətin gözəlliyinin nümayiş olunduğunu, həm də onu qorumaq üçün çağırışların edildiyini diqqətə çatdırıb. Xatırladaq ki, sərgi Azərbaycan ilə BMT arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan ilk layihə deyil. 2022-ci ilin iyununda BMT-nin Cenevrədəki bölməsində “Mənim dənizlərim, mənim okeanlarım”(My Seas, My Oceans) fotosərgisi, 2022-ci ilin oktyabrında Bakıda Heydər Əliyev Mərkəzində “Çağırışın 17 siması” (“17 Faces of Action”) fotosərgisi təşkil edilib. Bakıda açılmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) 29-cu Tərəflər Konfransında 60-dan çox dövlət öz milli adət-ənənələrindən ibarət pavilyonlarını təqdim edib. Azərbaycan pavilyonunda yaşıl zonada “Şəbəkə və həsir” sənəti nümayiş olunub.

Şəbəkə sənəti - Yaxın və Orta Şərq memarlığında və dekorativ tətbiqi sənətində bədii konstruktiv forma olan qeyri-maddi mədəni irs nümunəsidir. XI-XII əsrlərdən etibarən Azərbaycan memarlığında tətbiq edilir. Dekorativ sənət növlərindən olan şəbəkə incəsənət əsəri sənətkarın yığdığı rəngli kiçik şüşə parçalarını yapışqan və mıx olmadan bir-birinə bənd edən ağac elementlərindən ibarət müstəvidir. Şəbəkə sənətinin əsas "sirri" balaca alətlərin – arasına kiçik şüşə parçalarının qoyulduğu çıxıntısı və girintisi olan ağac hissələrin bir-birinə keçirilməsidir. Ağac hissələr bərk oduncaqlı ağac növlərindən – şümşad, qoz, fıstıq və palıd ağacından hazırlanır. Tor və ya barmaqlıq mənasını verən şəbəkənin naxışları Günəşi, həyat enerjisini, zamanın əbədi axarını və kainatın sonsuzluğunu simvolizə edir.

Həsir - qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsi. Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü isə həsirçilik adlanır. Azərbaycanda hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, zəyrək, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir. Onlar bitki liflərindən hazırlanmış məmulatlar olmaqla yanaşı, dünyaca məşhur Azərbaycan xalçaçılıq sənətinin "əcdadı" hesab olunur.



Noyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisinin açılışı keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutub. Sərginin açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovayanın müavini Lidiya Qrigoryeva, Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero, Rusiya Federasiyası prezidentinin beynəlxalq əlaqələr üzrə xüsusi nümayəndəsi, “Abrau Durso” Azərbaycan şirkətlər qrupunun sahibi Boris Titov, North Park Universitetinin professoru Nenna Okorenin kuratoru, 365 ART Qalereyasının təsisçisi Olqa Daniele çıxış edərək sərginin əhəmiyyətini vurğulayıblar.

“İqlimlər və ilmələr” sərgisində Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyadan olan tanınmış rəssamların bəşəri dəyərə malik Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq yaratdıqları əsərlər nümayiş olunur. Burada Rusiyanın məşhur aktrisası, rejissor, rəssam, müğənni və televiziya aparıcısı Natalya Boçkaryovanın, North Park Universitetinin professoru Nnenna Okorenin (Çikaqo ş.), meksikalı rəssam Pedro Sezar Peraltanın, rəssam, “YARAT” Müasir İncəsənət Məkanının və “CHELEBI” brendinin təsisçisi Aida Mahmudova, Əməkdar rəssamlar Taryer Bəşirov və Faiq Əhməd, Əməkdar mədəniyyət işçisi Elmira Abbaslı, rəssamlar Məmməd Rəşidov, Milena Nəbiyeva, Məhər Məhərrəmov, Təranə Əliyeva və Bilgəh qəsəbəsi 11 saylı İnteqrasiya təlimli internat məktəbinin şagirdlərinin müəllifi olduğu sənət nümunələri yer alıb. Bunlar şüşə, yun, metal, bioplastik, tənzif, lif, talaş və s. kimi materiallardan, müxtəlif tullantılardan hazırlanmış bir-birindən fərqli əsərlərdir.



Beləliklə ölkəmiz daha bir möhtəşəm tədbirə evsahibliyi edib. COP29-un yekun bağlanışında qəbul edilən qərarlar, qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizəni daha da gücləndirəcək və ölkələr arasında əməkdaşlığı artıracaqdır. İqlim maliyyələşməsinin artırılması, birgə fəaliyyət bəyannamələrinin qəbul edilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi, gələcəkdə iqlim dəyişikliyinə qarşı daha geniş və effektiv tədbirlərin görülməsinə zəmin yaradacaqdır. Bu razılaşmalar, qlobal iqlim hədəflərinə çatmaq üçün dünya ölkələrinin birgə fəaliyyətini sürətləndirəcək və ekosistemlərin qorunmasına töhfə verəcək.

AzVision.az




Teqlər:





Xəbər lenti