Qarabağda yaşıl texnologiyaların tətbiqi üzrə müzakirə aparılıb

Qarabağda yaşıl texnologiyaların tətbiqi üzrə müzakirə aparılıb
  16 May 2025    Oxunub:332
Energetika Nazirliyində işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 9-cu iclası keçirilib.
AzVision.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, İşçi Qrupunun sədri, energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, tikinti, quruculuq tədbirlərindən bəhs edərək bu prosesdə “yaşıl enerji zonası” konsepsiyasının tətbiqinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Bu ərazilərdə enerji səmərəliliyini və bərpa olunan enerjidən istifadəni təmin edən müasir yanaşmanın tətbiqinin genişlənməsi müsbət qiymətləndirilib. Burada günəş, külək və su elektrik stansiyalarının inşasının Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafına töhfə verəcəyi qeyd olunub.

Ötən iclasda qəbul edilmiş qərarların icrası istiqamətində görülmüş işlərə dair İşçi Qrupun Katibliyi tərəfindən hesabat təqdim olunub. Həmçinin Qarabağ və Şərqi Zəngəzurun 11 şəhər və kəndində cari il ərzində həyata keçirilmiş monitorinqlərin nəticələri barədə məlumat verilib. Burada günəş panelləri və kollektorları, LED əsaslı işıqlandırma qurğuları, elektrik doldurma məntəqələri, ağıllı skamyaların quraşdırılması, habelə istilik izolyasiya materialları və enerjiyə qənaət edən lampalardan istifadənin mövcud vəziyyətini əks etdirən göstəricilər diqqətə çatdırılıb. Fərdi yaşayış evləri və inzibati-ictimai binalarda damüstü günəş panellərinin quraşdırılması ilə bağlı İcra Mexanizminə dair təqdimatda isə texniki meyarlar, icra mərhələləri və layihənin genişləndirilməsi imkanlarından bəhs olunub. Şuşa şəhərində qazanxanaların enerji təchizatına dair fikir mübadiləsi aparılıb və bu istiqamətdə gələcək addımlar nəzərdən keçirilib.

AzVision.az


Teqlər: Qarabağ   yaşıl   texnologiya  





Xəbər lenti