Sənaye zonalarının məhsulları 70-dən çox ölkəyə ixrac edilir

Sənaye zonalarının məhsulları 70-dən çox ölkəyə ixrac edilir
  10 Mart 2025    Oxunub:834
Azərbaycanda sənayenin yeni modellərin tətbiqi ilə inkişafı dayanıqlı iqtisadi artım üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan iqtisadi şaxələndirmədə mühüm istiqamətlərdən biri də qeyri-neft sənayesinin inkişafıdır.
AzVision.az İqtisadiyyat Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış sənaye zonaları yeni dövrdə sənayenin inkişafında mühüm rol oynayır. Sənaye zonalarına daxil olan sənaye parkları və məhəllələri, eləcə də aqroparklar kimi səmərəli mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, innovativ və rəqabətqabiliyyətli sənayenin inkişafına, istehsal sahəsində iş yerlərinin artırılmasına yeni imkanlar açır.

Ölkədə 9 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Pirallahı, Hacıqabul, Mingəçevir, Naxçıvan, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları, 4 sənaye məhəlləsi - Neftçala, Masallı, Sabirabad və Şərur sənaye məhəllələri, həmçinin qeydiyyata alınmış 24 aqropark mövcuddur.

Sənaye parklarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Rezidentlər qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər indiyədək 505 milyon manatdan çox, 2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər.


Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki sənaye parklarında əlavə - kommunal xidmətlər üzrə, məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması, kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması, həmçinin müəyyən edilmiş bir sıra iqtisadi fəaliyyət sahələri üzrə xammal və materialların idxalının əlavə dəyər vergisi və gömrük rüsumundan azad olunması ilə bağlı güzəştlər tətbiq edilir.
Sənaye zonalarına indiyədək yatırılan ümumi investisiyanın həcmi 6,9 milyard manat təşkil edib. Hazırda bu zonalarda 84 müəssisə fəaliyyətə başlayıb və 11000-ə yaxın yeni iş yeri yaradılıb.


2015-ci ildən 2025-ci il 1 yanvar tarixinə kimi sənaye zonalarında istehsal olunan 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib. 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 1,07 milyard manatlıq hissəsi ixracın payına düşür. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir.

2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6 faiz, qeyri-neft sənayesi məhsullarının ixracında isə 26 faiz təşkil edib. Qeyd edilən göstəricilər sənaye zonalarının iqtisadi artıma mühüm töhfələrindən xəbər verir.

AzVision.az




Teqlər: sənaye   zonalar   ixrac  





Xəbər lenti