`Hamımız `çadır mafiyası`na işləyirik` - MÜSAHİBƏ

`Hamımız  `çadır mafiyası`na işləyirik` - MÜSAHİBƏ
  23 Avqust 2014    Oxunub:9154
Azərbaycanda dövlət hüzr mərasimlərində ehsan verilməsi qaydasına nəzarət edəcək. Məqsəd yas mərasimlərində israfçılıq hallarının qarşısının alınmasıdır.

Yerli din xadimlərinə, axund və mollaların diqqətinə çatdırılıb ki, məclislərdə qoyulan təlimatlardan kənara çıxılması hallarının qarşısının alınması üçün üzərilərinə düşən tədbirləri həyata keçirsinlər.

Bu məsələ ilə bağlı AzVision.az millət vəkili, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafadan kiçik müsahibə alıb. Millət vəkilinin fikirlərini təqdim edirik:

- Sizcə, bu problem nəhayət, öz həllini tapa biləcəkmi?

- Bu məsələ çoxdan cəmiyyətimizi narahat edir. Bu, təkcə yasla yox, eləcə də toy və başqa tədbirlərlə bağlı olmalıdır. Bəlkə də insan haqlarına müdaxilə sayıla bilər, amma insan öz haqqını tənzimləyə bilmirsə, buna müdaxilə eləməsən nələr baş verəcək?

Azərbaycanlı kimliyi ilə biz özümüzə faydalı olan heç nəyi zamanında inzibati tətbiqat olmadan qəbul edə bilmirik. Hamı şöhrətpərəstlik xəstəliyinə tutulub, özünü nümayiş etdirmək istəyir. . Bunun da nəticəsi israfçılıq, harınlıq, toyların, yasların əndazədən çıxması, insanların birinin digərini sıxıntıya soxması, şadlıq evi mafiyası üçün hamının eyni qaydada çalışması, çadır evi mafiyası üçün hamının xidmətçiyə çevrilməsinə gətirib çıxarır. Hamı istəsə də, istəməsə də bu məsələdə çox ciddi problemlər yaşayır. Amma heçkim də nəyinsə dəyişməsi üçün heç nə etmir, ən azı özündən başlamır, özünə aid olan sferada bunu tətbiq etməyə utanır ki, “el nə deyər, camaat nə deyər...” Bu da yoxsul adamların bir yas məclisi ilə tamamilə iflasa uğramasına gətirib çıxarır. Ölən ölüb gedir, qalan insanlar isə daha ağır faciələr yaşayır. Buna Allah qatında da yaxşı baxılmır. Ona görə də dövlət səviyyəsidnə bu məsələyə çoxdan müdaxilə olmalı idi.

Amma buna da maneə olan amillər var. Çünki hər vəzifəli şəxsin bir şadlıq evi var, hər vəzifəlinin bir çadır evi var. Yaxud da onların arxasında duran şəxslərin hamısı dövlətdə müxtəlif postlar tuturlar. Ona görə bunu birdən-birə ortadan qaldırmağa mane olan amillər var. Amma bunun nümunəsi Naxçıvanda verilib. Əhali bunu çox rahat qarşılayır və başqa cür tətbiq etmək mümkün deyil

- Mən də Naxçıvanı xatırladacaqdım. Bu məsələ artıq orada öz həllini tapıb. Bu bizim digər bölgələrimizdə həll oluna bilərmi? Çünki əsasən bölgələrimizdə yas mərasimləri çox təmtəraqlı keçir. Hətta süfrələrdə müxtəlif yeməklərdən tutmuş, şirniyyatlara qədər rast gəlinir.

- Bilirsiniz, burada yeməklərin verilməsi məsələsindən söhbət getmir, burada əsas mədəniyyətdən söhbət gedir. Niyyətin nədir? Niyyət yeməyi gözə soxmaqdır ya adamların qarnını doyurmaqdır, tox adamların sənin yasın haqqında təsəvvürüdür? Ya ölənə rəhmət olaraq tədbir keçirməkdir? Bu ikisinin müəyyən olunması lazımdır. Sən ölən insanın xatirəsinə sayqı üçün edirsən bunu ya başqasının razı qalıb-qalmaması, qarnını doyurub-doyurmaması? Bunlar axı səni maraqlandırmamalıdır.

- Fazil bəy, axı bizdə rəqabət var: “Qonşu etdi, mən də edim”...

- İndi qonşu dəlidir, sən də dəli olmalısan? Qonşu cahildirsə, onda gərək sən də heç nə oxumayasan, qonşu kabab yeyirsə, sən də gedib kabab yeməlisən? Qoyun əti yemək ziyandır sənə, amma qonşu bunu yeyirsə, sən də yeməlisən?

- Bununla bağlı cərimə mexanizmi ola bilərmi?

- Burada cərimə ilə məsələ çözülməz. Dövlət tərəfindən nəzarət olduqdan sonra artıq bu işi həyata keçirən şəxslərin cəzalandırılmasından söhbət gedə bilər. Yas sahibinə deyilməz ki, sən əlavə niyə bunu süfrəyə qoydun? İnsanlar görsə ki, hamı eyni qayda ilə məsələyə yanaşır, o zaman hamı buna əməl etməyə çalışacaq. Çünki bu da yol hərəkəti qaydaları kimi bir şeydir. Ola bilsin ki, sən qırmızı işıqda keçməyi xoşlayırsan, amma bütün maşınlar dayanıbsa, sən də dayanmağa məcbursan.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti