“Avro-4”-ə keçid nə məqsəd daşıyır? – TƏHLİL

“Avro-4”-ə keçid nə məqsəd daşıyır? – TƏHLİL
  21 Yanvar 2014    Oxunub:1920
Nazirlər Kabinetinin (NK) ölkədə dövriyyəyə buraxılan (idxal olunan və daxildə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə tələbatın 2014-cü ilin aprelin 1-dən etibarən “Avro-4” ekoloji normasına uyğunlaşdırılması barədə qərarı bir qədər təəccüb yaratdı. O səbəbdən ki, ölkədə hələ “Avro-3” standartına uyğun yanacaq istehsal oluna bilmədiyi halda, avtonəqliyyat vasitələrinə qarşı bu cür tələb irəli sürülməsi anlaşılmazlıq yaradır.

Sual olunur ki, “Avro-4” və ya “Avro-5” standartına uyğun yanacaq sərfinə malik avtonəqliyyat vasitələri “Avro-2”-yə uyğun yanacaq işlətdikləri təqdirdə məgər, atmosferə zərərli maddələr atmayacaqmı?

Ölkədə kənardan idxal olunaraq, o cümlədən, yerli istehsal yolu ilə dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə 2010-cu ilin iyul ayının 1-dən “Avro-2” ekoloji standartının tətbiqi zamanı da yazmışdıq ki, bu, həm ölkəyə köhnə avtomobillərin gətirilməsinin qarşısını almaq, həm də daxildə istehsal olunan yanacağın keyfiyyətini yaxşılaşdırmaq baxımından səmərə verməlidir.

NK-nın “Avro-2”-yə keçidlə bağlı 6 mart 2010-cu il tarixli sözügedən qərarına əsasən də qeyd etmişdik ki, bu, gecikmiş addım olsa da dərhal nəticə verməyəcək. Ona görə ki, Azərbaycanda bu sahədə əslində çox şey dəyişməli və ciddi tənzimlənmə həyata keçirilməlidir. Və bu mənada, 4 il öncə “Avro-2”-nin tətbiqi başlanğıc sayılırdı.

Ümumiyyətlə, “Avro” standartı təkcə ekologiya və ətraf mühiti deyil, avtonəqliyyat vasitələrinin təhlükəsizliyi, yanacağın keyfiyyəti məsələlərini də əhatə edir və bunlar biri-biri ilə bağlı məsələlərdir: köhnə istehsala məxsus avtomobil yüksək keyfiyyətli yanacağa, yenisi isə əksinə olana ehtiyac duymadığından, bu bağlılıq pozulduğu təqdirdə atmosferə zərərli maddələr atılması sözsüz ki, qaçılmaz olur.

4 il idi ki, ölkədə növbəti standarta –“Avro-3”-ə keçiləcəyi barədə fikir öylənilirdi. Əvvəl deyilmişdi ki, “Avro-3”-ə 2011-ci ilin sonunda keçiləcək. Ancaq sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbərliyi “Avro-3”-ün tədbiqinin nəhayət ki, 2013-cü il ərzində baş tutacağanı bəyan etdi. Beləcə, ölkədə “Avro-2”-yə uyğun benzin istehsal olunsa da, “Avro-3” barədə hər il bir proqnoz irəli sürülürdü.

Sonuncu dəfə keçən il qeyd olundu ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) artıq buna hazır vəziyyətdədir. Bütün bunlar da ondan irəli gəlirdi ki, keyfiyyətli benzin istehsalı üçün ölkədə mövcud neft emalı sahələrində yeni avadanlıqlar quraşdırmaq və istehsal prosesini təkmilləşdirmək lazım gəlirdi ki, bu isə əlavə vəsait tələb edirdi.

Ancaq “Avro-4”-ün istehsalı heç bu yolla da mümkün deyil. O səbəbdən ki, bunun üçün tələb olunan avadanlığı quraşdırmaq üçün yeni emaledici kompleks tikmək lazımdır. Düzdür, “Avro-3” standartının tətbiqi üçün müvafiq mexanizmin hazırlandığı və baxılmaq üçün NK-yə verildiyi - 2014-cü il üçün bu barədə qərar qəbul olunacağı deyilmişdi. Ümumiyyətlə, bu ildən ölkədə “Avro-3” standartının qüvvəyə minəcəyi gözlənilirdi. Sonrakı illərdə isə “Avro-4”, “Avro-5” standartlarının tətbiq ediləcəyi proqnozlaşdırılmışdı. Bu, avtomobillərə və eyni zamanda ölkə ərazisində istehsal olunan yanacağa da aid idi.

Amma aydın idi ki, Azərbaycan xammal ölkəsi olsa da keyfiyyətli məhsul istehsalı üçün yeni texnologiyalara ehtiyac duyur. Və bir ekoloji standartdan digərinə keçid heç də elə-belə başa gəlmir. Bunun üçün hətta 1 milyard ABŞ dolları sərf etməyə ehtiyac olduğu barədə fikirlər mövcuddur.

Düzdür, ARDNŞ prezidenti Rövnəq Abdullayev hələ xeyli əvvəl “Avro-3”-ün istehsalının maya dəyərdə heç bir dəyişiklik yaratmayacağını bildirmişdi. Amma həqiqət bundan ibarət idi ki, hələ 4 il öncə “Avro-2”-yə keçid zamanı ölkəmizdə artıq adı çəkilən standarta uyğun benzin istehsal olunduğu deyilsə də Azərbaycanda benzinin “Avro-3” standartına çatması və bunun istehsalı üçün ən yaxşı halda 2011-ci ilin sonunu gözləmək lazım gəldiyi bildirilmişdi.

Ölkəmizdə “Avro-2”-yə də nəyə görə məhz 2010-cu ildə keçildiyi buradan aydın olurdu. Qeyd olunan ildə ARDNŞ prezidenti qurumun hətta “Avro-4”-ə uyğun benzin istehsal edə biləcəyini də söyləmişdi. Lakin o şəraitdə ki, bunun üçün yeni avadanlıqlar quraşdırmaq lazım gəldiyindən mövcud neft emalı zavodlarında əlavə boş ərazilər olsun.

Məlumdur ki, ölkəmizdə ARDNŞ-in tərkibində olmaqla cəmi 2 neftayırma zavodu fəaliyyət göstərir ki, bunlar da ildə maksimum 7 milyon tondan bir az artıq emal gücünə malkdirlər. Həmin zavodlarda Neft Şirkətinin həm sudan, həm də qurudan çıxardığı neft emal olunur. Ölkədə neft emalı sahələrində mövcud qurğuların gücünü artırmaq üçün Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində əvvəl 2017-ci ilə nəzərdə tutulsa da, sonradan yalnız 2023-2025-ci illərdə istifadəyə veriləcəyi deyilən yeni neft-qaz emalı kimya kompleksinin işə düşməsini gözləmək lazım gəlir ki, “Avro-4”-ün “Avro-3”-dən çox da fərqlənmədiyi bildirilsə də əslində, hər iki standarta uyğun yanacaq məıhsulları bizdə məhz bundan sonra istehsal oluna bilinəcək.

Həmin kompleks hazır olduqdan sonra indiki zavodlar tədricən söküləcək və dəmir kimi satılaraq istifadə olunacaq. İndinin özündə Aİ-98 markalı benzini ölkəmiz Rumıniyadan alır. 2014-cü ilin aprelin 1-dən Avro-4 ekoloji normasna keçiddən sonra yerdə qalan markalı benzinləri hardan və nə cür əldə edəcəyimiz isə sual doğurur. Təkrar edirik ki, Azərbaycan bu gün nə qədər çox təmiz neftə və bu sahədə zəngin emaledici infrastruktura sahib olsa da, istehsal etdiyi yanacağın keyfiyyəti, hazırda Avropada ən yüksək standart sayılan “Avro-5” və “Avro-6”-dan 3 dəfə geri qalır. Və bizim, həmin standartlara çatmağımıza 2023-cü ilədək vaxt tələb olunur. Avropa da həmin vaxtadək təbii ki, yerində dayanıb durmayacaq.

Bəs, onda aprelin 1-dən “Avro-4” ekoloji normasna keçid nə məqsəd daşıyır?

Doğrudur, ölkəmizin inkişafı, əhalinin maddi vəziyyətinin getdikcə yaxşılaşması nəticəsində 2005-2006-cı ildən bəri küçələrimizdə yeni və bahalı avtomobillərin sayı həndəsi silsilə üzrə artmaqla yanaşı, istehsal tarixi köhnə və bəzən istismar bitmiş avtomobillər də gətirilir. Ancaq “Avro” standartı heç bir ölkədə avtomobil idxalını məhdudlaşdırmaq məqsədi daşımır. ABŞ və Avropa Birliyi ölkələrinin atmosferə atılan zərərli maddələr üzrə normanı getdikcə sərtləşdirməsi tədbirlərinə diqqət yetirsək, bunun təkcə avtomobillərin mühərriklərinin təkmilləşdirilməsini deyil, istehsal olunan yanacağın keyfiyyətinin də yaxşılaşdırğını görərik.

NK-nin keçən ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə dair yanvarın 9-da keçirilən iclasında dövlət başçısı da bildirdi ki, “Avro-3” standartına keçid sürətləndirilməlidir.

““Avro-3” də son hədd deyil. “Avro-4”, “Avro-5” ilə bağlı işlər daha da sürətlə getməlidir. Əlbəttə ki, bu işlərdə Azərbaycanda fəaliyyət göstərən neftayırma zavodlarının böyük rolu var. Orada da yenidənqurma aparılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə tutulur. Ancaq o tikilənə qədər mövcud zavodlarda ekoloji tədbirlər görülməlidir” – deyə, Prezident vurğulayıb.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti