Olimpiada zamanı müharibə qorxusu - TƏHLİL
Keçən ilin əvvəlində ABŞ prezidenti Barak Obama 2014-cü ildən etibarən Amerika qoşunlarının Əfqanıstandan çıxarılmağa başlayacağını bildirmişdi. NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Uilyam Laxua Alyansın Azərbaycanda keçirilən qış sessiyası zamanı qeyd etmişdi ki, Əfqanıstandan çıxarılacaq qoşunların bir hissəsinin Azərbaycanda yerləşdirilməsi mümkündür. Məhz həmin dövrdə İran tərəfi ilə Azərbaycan arasında müəyyən gərginliklər yaşanmışdı. Tehran NATO-nun İrana hücum etmək üçün Azərbaycan ərazisindən istifadə edəcəyindən narahat idi. Lakin rəsmi Bakı İranı inandıra bildi ki, öz ərazisindən Qərbin İrana qarşı hücum üçün istifadə etməsinə imkan verməyəcək.
Amerika 2014-cü ilin əvvəlində İrana qarşı sanksiyaları dayandırdı və Tehranla danışıqlara başlanılmasını istədiyini bildirdi. Artıq Tehran Vaşinqtonun yumşalması fonunda Əfqanıstandan çıxarılacaq qoşunların ona qarşı istifadə olunacağın narahat olmaya bilər. Qara dəniz-Xəzər dənizi Sosial-siyasi araşdırmalar ictimai institutunun direktoru Vladimir Zaxarovun fikrincə, ABŞ-ın İrana qarşı müharibəsi Azərbaycanın Dağlıq Qarabağa genişmiqyaslı hücumundan sonra başlayacaq. Belə ki, işğal olunmuş torpaqlar geri alındıqdan sonra, Amerika qoşunları Azərbaycanın razılığı ilə sülməramlı qismində həmin ərazilərə yerləşdiriləcəklər.
Yerləşdiriləcək qoşunların Əfqanıstandakı hərbiçilərin olacağını və Əfqanıstandan hərbi qoşun və texnikanın 2016-cı ilə qədər çıxarılacağını nəzərə alsaq, belə nəticəyə gəlmək olar muharibənin 2014-cü olması tamamilə labüddür.
Ermənistanın “Milli İdeya” qəzetində 2013-cü ilin əvvəlində dərc olunmuş məqalədə, Yerevanın yürütdüyü “komplimentar” xarici siyasətdən bəhs olunur və bu siyasətin Ermənistanı fəlakətə doğru apardığı bildirilir. Məqalə müəlliflərinin fikrincə, “komplimentar” siyasətin məğzi ondan ibarətdir ki, Ermənistan eyni vaxtda iki stulda oturmağa çalışır. Bir tərəfdən Rusiya ilə strateji əməkdaşlıqdan danışır, digər tərəfdən isə Avropaya inteqrasiyaya can atdığını söyləyir.
Elə həmin məqalədə milliyyətcə erməni olan Amerikalı diplomat, uzun illər ABŞ-ın xarici işlər sistemində mühüm postlar tutmuş, hazırda Ceyms Beyker adına elmi-tədqiqat institutunun direktoru olan Eduard Cerecyanın məsələyə dair fikirləri yer alır. O da Amerikanın regiona daxil olmaq niyyətində olduğunu, bunun üçün ən gözəl bəhanənin Qarabağ müharibəsi olduğu və müharibənin də məhz 2014-cü ildə başlayacağını qeyd edib.
Kompleksin daxilində yerləşən hərbi bazada 800 nəfər dəniz-piyadasından ibarət hətbi hissə yerləşdirilib ki, bu hərbi hissə əlində olan texnika ilə istədiyi vaxt Ermənistanda hakimiyyət çevrişi etmək gücünə malikdir. Odur ki, məqalə müəllifi Ermənistan rəhbərliyinə məsləhət görür ki, tez bir zamanda Rusiyanın qanadı altına keçməsini rəsmiləşdirsin və Gömrük İttifaqı, ardınca isə Avrasiya Birliyinə daxil olsun.
Nə qədər qəribə görünsə də, Ermənistan prezidenti məqalədəki məsləhətlərə riayən edir və ölkə tezliklə Gömrük İttifaqına daxil olmağa razılıq verdi, 2015-ci ildən isə Avrasiya İttifaqının tamhüquqlu üzvünə çevriləcək. Artıq bu tarixdən etibarən Dağlıq Qarabağ problemi Azərbaycan-Ermənistan problemi deyil, Azərbaycan-Avrasiya İttifaqı arası problem statusunu alacaq. Belə çıxır ki, Dağlıq Qarabağ problemi 2015-ci ilə qədər həllini tapmalıdır, əks halda 2014-cü ildə hücum planı real ola bilər.
Qeyd olunanları nəzərə alsaq, Ermənistanın bu ilin əvvəlində Azərbaycanla sərhəddə gərginlikdən qorxuya düşməsinin səbəbini anlamaq olar. Ermənistan-Azərbaycan sərhədində baş vermiş qarşıdurmalarla bağlı ziddiyyətli məlumatlar yayılsa da, Yerevan hər vəchlə Bakını hücumdan çəkindirməyə və Rusiya ilə qorxutmağa çalışır. Ermənistanı narahat edən əsas məsələ heç bir beynəlxalq, yaxud özünün üzv olduğu KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) kimi regional təşkilatların məsələyə münasibət bildirməməsidir. Buna baxmayaraq, Ermənistan müdafiə naziri Ohanyan KTMT-nın lazım gələrsə erməni qoşunlarına dəstək verəcəyini bildirir. Eyni zamanda, Rusiya prezidenti yanında millətlərarası münasibətlər şurasının üzvü Aleksandr Sokolov da Azərbaycanın bir bombasının da Ermənistan ərazisinə düşəcəyi halda KTMT-nın beynəlxalq müqaviləsinin işə düşəcəyini bildirməklə Bakıya xəbərdarlıq etməyə çalışır.
Rusiya və Ermənistan üçün ən arzuolunmaz hal isə Soçi olimpiadası zamanı Qarabağda hərbi gərginliyin artmasıdır. Digər hal Şimali Qafqaz ərazisində hansısa terror aktının məhz bu məqama təsadüf etməsidir. Separatçı Çeçen lideri Doku Umarov Soci Olimpiyadası zamanı terror aktlarının baş verəcəyini hələ 2012-ci ildə demişdi və rusiyalı ekspertlər bu yaxınlarda Volqoqradda baş vermiş ikili partlayışın çeçen separatçılarının törətdiyi ehtimalını irəli sürürlər. Təbii hadisələrin bu tip inkişafı Moskva Cənubi Qafqazda məsələlərə müdaxilə etmək imkanını məhdudlaşdırır.
Hər halda, ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri Ceyms Uorlikin “Twitter” hesabında Ermənistan və Azərbaycan prezidentlərinin Olimpiada ərzində atəşkəs rejiminə riayət etməyə hazır olduqlarını bildirməsi həmsədrlərin keçirdiyi görüşlərin əsas qayəsini açıqlamış oldu. Açıqlamanın məhz amerikalı həmsədr tərəfindən verilməsi isə, arzuolunmaz hal baş verərsə əvvəlcədən ABŞ-a alibi qazandırır.
Tofiq Əsgərov
AzVision.az üçün