Yenə də qızların sayı oğlanlardan daha çoxdur - TQDK

Yenə də qızların sayı oğlanlardan daha çoxdur - TQDK
  05 İyun 2014    Oxunub:1222
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına müsabiqənin nəticələrini iyunun 5-də saat 15:30-dan etibarən Komissiyanın internet saytında yerləşdirib.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən, ixtisas seçimində iştirak edən 7274 bakalavrdan 5126 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmuşdur. Qəbul olanlardan 3431 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1695 nəfəri isə əvvəlki illərin məzunudur.

Qəbul olanların 2101 nəfərini oğlanlar, 3025 nəfərini isə qızlar təşkil edir.

Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar 2014-cü il iyunun 25-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 2014-cü ilin məzunları digər sənədlərlə birlikdə, ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı iyunun 6-da “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı qəbul olunduğunuz ali təhsil müəssisəsindən əldə etməlisiniz.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti