Bütün haramlar halaldır//Avropasayağı müsəlman dövləti yaradılır

  Bütün haramlar halaldır//Avropasayağı müsəlman dövləti yaradılır
  22 Sentyabr 2024    Oxunub:1902
Albaniyanın paytaxtı Tiranada Romadakı Vatikana bənzər cırtdan dövlətin yaradılması planlaşdırılır.
Bu dövlət katoliklər üçün deyil, mötədil Bektaşi müsəlman icması üçün nəzərdə tutulub. Bu barədə “The New York Times” ölkənin baş naziri Edi Rama və bektaşi sufilərin dini lideri Baba Mondi kimi tanınan Edmond Brahimaya istinadən yazıb.


Albaniyadakı Bektaşilərin lideri Edmond Brahimay

Ehtimal olunur ki, gələcək şəhər-dövlətin ərazisində spirtli içkilərdən istifadəyə icazə veriləcək, qadınlardan hicab taxmaq tələb olunmayacaq, bir sözlə hərə istədiyi geyə, istədiyini yeyə, kefi istəyən kimi yaşaya biləcək.

“Allah heç nəyi qadağan etmir. İnsana ağılı da buna görə verib " - deyə, Edmond Brahimay NYT-yə müsahibəsində bildirib.

Albaniyanın baş naziri Edi Rama da öz növbəsində nəşrə bildirib ki, o, “yaxın gələcəkdə” “ Bektaşi Suveren Dövləti ” adlı yeni dövlət qurumunun yaradılması planlarını açıqlayacaq.

Cəmi on hektarlıq bu dövlətin öz administrasiyası, pasportları və sərhədləri olacaq.

Edi Ramanın qəzetə verdiyi məlumata görə, yeni dövlətin yaradılmasında məqsəd "Albaniyanın fəxr etdiyi İslamın tolerant versiyasını təbliğ etmək" olacaq.

"Biz bu xəzinəni - dini tolerantlığı - əziz tutmalıyıq", - o vurğulayıb.

Albaniyanın baş naziri əmindir ki, mötədil İslam mikrodövlətinin yaradılması belə bir mesaj verəcək: “Müsəlmanlar haqqında stereotiplərin müsəlmanların kim olduğunu müəyyən etməsinə imkan verməyin!”.

Almaniyanın “Renovabis” humanitar layihəsinin hesablamalarına görə, Albaniya əhalisinin 2,1%-i Bektaşi sufi təriqətinə mənsubdur. Belə ki, ənənəvi İslama etiqad edən 57 % müsəlmanlarla müqayisədə bu cərəyanın tərəfdarları azlıq təşkil edir. Bektaşilər Balkanlarda və Türkiyədə sufilərin ən nüfuzlu təriqətlərindən biridir, onlar mötədil İslamı təbliğ edir və İslamın şəriət normaları çərçivəsindən xeyli kənara çıxırlar.

Məhəmmədəli Həsənli
AzVision.az




Teqlər:





Xəbər lenti