"Dəniz sərhədləri əmin əllərdədir!"- Müzəffər Pirizadə

 "Dəniz sərhədləri əmin əllərdədir!"-  Müzəffər Pirizadə
  25 Oktyabr 2024    Oxunub:993
Müzəffər Prizadə: "Arsenalımızdakı bütün vasitələrdən istifadə etməklə Sahil Mühafizəsinin şəxsi heyəti qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirəcək və dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edəcək".
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev dənizdə dövlət sərhədlərinin mühafizə sisteminin təkmilləşdirilməsinə göstərdiyi qayğı və diqqət nəticəsində DSX-nın Sahil Mühafizəsinin sərhəd gəmiləri və digər döyüş texnikaları daim hazır vəziyyətdə olmaqla Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus bölməsində istənilən çağırışa çevik reaksiya göstərmək imkanlarına malikdir. Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə Xəzər dənizi sahillərində Sahil Mühafizəsinin göstərdiyi xidmətin, döyüş fəaliyyətinin ictimaiyyətə çatdırılması məqsədilə təşkil edilən mediatur zamanı belə deyib.

Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin xidməti fəaliyyətinin xüsusiyyətləri, tarixi, nailiyyətləri, eləcə də gələcək planlar barədə məlumat verən general-leytenant bildirib ki, tarixi haqqımız olan müstəqilliyimizin əldə olunmasından sonra Xəzəryanı regionunda hərbi-siyasi vəziyyət Azərbaycan iqtisadiyyatının, xüsusilə neft sənayesinin sürətli inkişafı dəniz sərhədlərimizin etibarlı mühafizəsi zərurətini ortaya çıxarıb :

"Xəzər dənizi hövzəsində dövlət sərhədinin mühafizəsini təmin etmək məqsədilə 1992-ci ilin oktyabr ayının 6-da Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bağlanan müqavilənin şərtlərinə uyğun olaraq, 27 noyabr 1992-ci ildə Əlahiddə Sərhəd Gözətçi Gəmilər Briqadası milli sərhədçilərimizin ixtiyarına verilib. Lakin gəmilər, silah-sursat, avtomobillər və digər bütün texnika ölkəmizdən çıxarılaraq Həştərxana aparılıb. Azərbaycanda isə yalnız 2 ədəd xidmətə yararsız gəmi qalıb. Dəniz sərhədlərimizin mühafizəsində inkişafa doğru əsaslı dönüş məhz Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışı nəticəsində yaranıb. Onun milli sərhəd strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində xidməti fəaliyyətimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Məhz cənab Prezidentin 18 fevral 2005-ci il tarixli Fərrmanı ilə Sərhəd Gözətçi Gəmilər Dəstəsi əsasında Sahil Mühafizəsi yaradılıb. Bununla da Xəzər dənizində milli maraqlarımızın yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yaranıb. Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının Dövlət Sərhədi Mühafizə Sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı" çərçivəsində Sahil Mühafizəsinin hazırkı bazasının inşasına başlanıb və 2008-ci ilin 8 noyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi həyata keçirilib. 18 iyul 2014-cü ildə Sahil Mühafizəsinin bazasında Gəmi İnşası və Təmiri Mərkəzi təsis olunaraq Sahil Mühafizəsinin ixtiyarına verilib".

Müzəffər Pirizadə qeyd edib ki, Prezident İlham Əliyev DSX-nın Sahil Mühafizəsinə 8 dəfə səfər edib, Sahil Mühafizəsinin əsas bazasının, Gəmi İnşası və Təmiri Mərkəzinin açılışlarında iştirak edib. Yeni və müasir gəmilərin Sahil Mühafizəsində istifadəyə verilməsi mərasimlərində iştirak etməklə Sahil Mühafizəsinin şəxsi heyətini ruhlandırıb.

2024-cü ilin nailiyyətlərlə dolu bir il olduğunu deyən Sahil Mühafizəsinin rəisi dövlət sərhədinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb:

"Təkcə ötən ay dəyəri 700 min manata qədər olan 305 904 qutu tütün məhsulu saxlanılıb. Hazırda bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. 2024-cü il ərzində dövlət sərhədini pozan 28 nəfər saxlanılaraq, barələrində zəruri tədbirlər görülüb. Azərbaycan ərazisinə keçirilməyə çalışılan 556 kiloqram narkotik vasitə (ümumilikdə 8 cəhd ilə) tərəfimizdən saxlanılıb və onları sərhəddən keçirməyə çalışanlar da saxlanılaraq istintaq orqanlarına təhvil verilib".

Müzəffər Pirzadənin sözlərinə görə, dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını layiqincə təmin etmələri üçün şəxsi heyətin hazırlığına xüsusi diqqət yetirilir:

"Xəzər dənizində Azərbaycanın maraqlarının qorunması, neft-qaz platformalarının, boru kəmərlərinin mühafizəsi zamanı yaranmış təhdidlərin aradan qaldırılması, qarşılıqlı əlaqənin təşkili və dənizdə hüquq-mühafizə funksiyalarının həyata keçirilməsi və qurumlararası məlumat mübadiləsinin təkmilləşdirilməsi, şəxsi heyətin döyüş hazırlığının yüksədilməsi istiqamətində praktiki vərdişlərin hazırlanması, zabit heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən hava şəraitində sərhəd axtarışı, raket-artilleriya atışlarının keçirilməsi üzrə şəxsi heyətinin praktiki vərdişlərinin mükəmməlləşdirilməsi məqsədilə hər il genişmiqyaslı taktiki təlimlər keçirilir".


Müasir tələblərə cavab verən yeni infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir. Belə ki, 2019-2024-cü illər ərzində uzaqmənzilli radar, avtomatlaşdırılmış informasiya sistemləri, gecəgörmə kameraları ilə təchiz olunmuş yeni texniki müşahidə məntəqələri inşa olunaraq istismara verilib. Nəticədə dənizdə kiçik, orta və böyükhəcmli hədəflərin aşkarlama imkanları artıb. Eyni zamanda, texniki müşahidələr nəticəsində əldə olunmuş məlumatların Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi üzrə fasiləsiz mübadiləsi həyata keçirilib.
Azərbaycanın sularını sahilboyu ərazilərdə nəzarətdə saxlamaq üçün ümumilikdə 23 radar fəaliyyət göstərir.Onları Sahil Mühafizəsinin Baş Komanda İdarəetmə Mərkəzi idarə edir.

Qeyd edək ki, Sahil Mühafizəsi aşağıdakı vəzifələri yerinə yetirir:
- Xəzər dənizinin Azərbaycana məxsus bölməsində dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını həyata keçirir;
- Azərbaycan məxsus gəmiləri və Azərbaycan vətəndaşlarını onlara qarşı yönələn təhlükələrdən müdafiə edir;
- Sərhəd sularında təbii və bioloji sərvətlərin qorunması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir;
- Narkotik vasitələrin, psixotrop maddələrin Azərbaycan ərazisinə daxil olmasının qarşısını alır;
- Xəzər dənizində enerji struktrunun mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd gəmi və katerlərin, "Azəri Çıraq", "Günəşli", "Şahdəniz", "Dostluq", "Ümid", "Araz Alov" neft və qaz yataqları, o cümlədən "Səngəçal" neft terminalı istiqamətlərində xidmətə cəlb olunaraq qarşıya qoyulmuş tapşırıqların icrasını təmin edir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti