"İcbari tibbi sığortanın tətbiqi nəticəsində səhiyyə işçilərinin gəlirləri artıb"

"İcbari tibbi sığortanın tətbiqi nəticəsində səhiyyə işçilərinin gəlirləri artıb"
  25 Oktyabr 2024    Oxunub:695
"Bəzi həkimlərimiz üçün işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləği 2023-cü ildə maksimum 2200 manatı, 2024-cü ilin ilk 6 ayında isə 3600 manatı keçib".
AzVision.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon Mərkəzi Xəstəxanasına (Xəstəxana) təşkil olunmuş mediatur zamanı deyib.

O vurğulayıb ki, vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə icbari tibbi sığortanın tətbiqindən sonra tibb müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər görülüb:

"Xəstəxanada endoprotezləşdirmə, vətər transferi, laparoskopik, ginekoloji və LOR əməliyyatlarının icrasına başlanılıb. Diaqnozun sürətli və dəqiq təyininə kömək edən MRT, KT, holter monitorinqi, c-qollu rentgen, spirometriya, elektroensefaloqrafiya və müxtəlif fizioterapiya avadanlıqları istifadəyə verilib".

L.Lətifova həkimlərin sosial rifahının yaxşılaşdırılması məqsədilə icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin gəlirlərində əsaslı artımlar olduğunu da vurğulayıb:

"Həkimlərə aylıq sabit və işin nəticələrinə görə həvəsləndirici əlavələr verilir. Qəbələ RMX-də 2023-cü ildə həkimlərə verilən işin nəticələrinə görə həvəsləndirici əlavələrin məbləği ortalama 733 manat olmuşdusa, 2024-cü ilin 6 ayında bu rəqəm 1206-ya qədər yüksəlib. Buna səbəb pasiyent sayının çoxalması, Xidmətlər Zərfində tibbi xidmətlərin sayının və tariflərinin artması olmuşdur. Bəzi həkimlərimiz üçün işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləği 2023-cü ildə maksimum 2200 manatı, 2024-cü ilin ilk 6 ayında isə 3600 manatı keçib".

Səbinə Həsənova
AzVision.az


Teqlər: TƏBİB   Qəbələ   mediatur  





Xəbər lenti