Peskov Aİ-nin hərəkətindən təəccüblənməyib

   Peskov Aİ-nin hərəkətindən təəccüblənməyib
  24 Fevral 2025    Oxunub:333
Avropa İttifaqının (Aİ) fevralın 24-də Rusiyaya qarşı növbəti sanksiyalar paketini təqdim etməsi olduqca “proqnozlaşdırılandır” və Kreml Avropa ilə dialoqun bərpası üçün hələ ilkin əlamətlər görmür.
AzVision.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında belə deyib.

“Hələlik biz Avropa ilə dialoqun bərpası üçün heç bir ilkin əlamət görmürük. Avropalılar sanksiyalara aludəlik yolu ilə getməyə davam edirlər. Növbəti sanksiyalar paketi isə, proqnozlaşdırılan idi. Rusiya Amerika tərəfi ilə birlikdə Ukraynadakı münaqişənin həlli yollarını axtardığı halda, Avropa hərbi əməliyyatların davam etdirilməsini dəstəkləyir”, - Peskov Avropa ilə dialoqun bərpası şanslarının mövcudluğu, habelə Rusiya-ABŞ dialoqunun bərpası fonunda Kremlin Aİ-nin yeni sanksiyalar paketini təsdiqləməsini necə qiymətləndirdiyi barədə suala cavab verib.

Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyəcək
Qeyd edək ki, bu gün, Ukraynada müharibənin başlanmasının üçüncü ildönümündə Aİ-nin Rusiyaya qarşı təsdiqlədiyi 16-cı sanksiyalar paketində 48 nəfər və 35 təşkilat yer alıb. Rusiyanın səkkiz media orqanı, o cümlədən “Krasnaya Zvezda”, “kölgə donanmasının” 78 gəmisi, habelə 13 bank məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.


Brüssel bildirib ki, təşkilat ilk dəfə olaraq SWIFT-in Rusiya analoqu - Maliyyə Mesajlarının Ötürülməsi Sistemindən (SPFS) yararlanan üçüncü ölkələrin banklarına və maliyyə təşkilatlarına qadağa tətbiq edib. Aİ, həmçinin bəzi malların - kimyəvi maddələrin, bəzi plastik və rezin növlərinin ixracına, həmçinin ilkin alüminiumun idxalına əlavə məhdudiyyətlər qoyub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Peskov     sanksiyalar  





Xəbər lenti