Tor Çinin xidmətində

// Pekin energetikanın yeni sahəsini yaradır

   Tor Çinin xidmətində
  09 Mart 2025    Oxunub:1129
Çin geoloqları Daxili Monqolustan əyalətindəki Bayan-Obo yatağında 1 milyon ton toriumun tapıldığını təsdiqləyiblər. “South China Morning Post” yazır ki, bu ehtiyat 60.000 il ərzində ölkəni enerji ilə təmin etməyə kifayətdir.
Torium – elementlərin dövri cədvəlində 90-cı yerdə olan yüngül radioaktiv xüsusiyyətlərə malik ağır metaldır. Norveç mifologiyasındakı ildırım allahının adını daşıyan bu element “torium-232” izotopu şəklində təbiətdə urandan 3-4 dəfə çox yayılıb.

O, nüvə energetikasında urana əsas alternativ sayılır: daha təhlükəsiz olmaqla, 200 dəfə artıq enerji tutumludur. Torium reaktorunu su ilə soyutmaq lazım gəlmir. İstifadəsindən sonra radioaktiv tullantılar qalmır.

Toriumu şüalandırmaq yolu ilə urana çevirmək də mümkündür. MAGATE-nin də yanaşması belədir ki, torium bəşəriyyətin energetika probleminin həlli yollarından biri ola bilər.

İndiyə qədər torium energetikasının əsas problemi onun hasilatının urandan baha başa gəlməsi hesab olunurdu.

Çin 2029-cu ildə Qobi səhrasında dünyada ilk dəfə olaraq toriumla işləyən reaktor stansiyası qurmağı planlaşdırır. Eyni zamanda, toriumla işləyən yük gəmilərinin yaradılması üzərində də iş gedir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Energetika   Çin  





Xəbər lenti