Hərənin öz paradı var

   Hərənin öz paradı var
  15 Aprel 2025    Oxunub:764
Ukrayna hakimiyyəti həmin gün Moskvada hər il keçirilən Qələbə Günü paradı ərəfəsində Aİ-nin Ukraynaya dəstəyini göstərmək üçün mayın 9-da Avropa liderlərini Kiyevə dəvət edib.
AzVision.az “Politico” nəşrinə istinadən xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Andriy Sibiqa Lüksemburqda keçirilən görüş zamanı Avropa İttifaqından (Aİ) olan həmkarlarına dəvət təqdim edərək, onları “Avropada İkinci Dünya müharibəsindən bəri ən böyük təcavüz qarşısında birlik və qətiyyət sərgiləməyə” çağırıb.

“Ukrayna prezidenti Volodimir Zelenski ayrıca olaraq, may ayında Rusiya ilə mümkün atəşkəsdən sonra Kiyev üçün təhlükəsizlik təminatlarını müzakirə etmək məqsədilə “istəklilər koalisiyasının” liderləri ilə görüşmək istərdi”, - Sibiqa bildirib.

İki diplomatik mənbənin “Politico” nəşrinə bildirdiyinə görə, Almaniyanın gələcək kansleri Fridrix Merts də daxil olmaqla, Aİ-yə üzv dövlətlərin başçılarının mayın əvvəlində Ukraynaya mümkün səfəri ilə bağlı artıq danışıqlar aparılır. Mayın əvvəlində vəzifəsinin icrasına başlayan Merts üçün Kiyevə gəlişi onun ilk xaricə səfəri ola bilər.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas, öz növbəsində, Lüksemburqda Xarici İşlər nazirlərinin görüşündən sonra mayın 9-da Moskvada keçiriləcək tədbirlərə qatılmamaq üçün Aİ liderlərinə xəbərdarlıq ünvanlayaraq, onları Ukrayna ilə həmrəylik nümayiş etdirməyə çağırıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rusiya   Ukrayna   parad  





Xəbər lenti