“Putin tam qələbəyə köklənib” - CNN

   “Putin tam qələbəyə köklənib”    - CNN
  15 Aprel 2025    Oxunub:645
ABŞ prezidenti Donald Trampın Rusiyanın Sumiyə qanlı zərbəsini “səhv” adlandırması fonunda Ukrayna cəbhəsində müharibə Rusiya prezidenti Vladimir Putinin planına uyğun şəkildə davam edir.
AzVision.az xəbər verir ki, “CNN” telekanalının yaydığı materialda Rusiyanın Ukraynanın Sumı şəhərinin mərkəzinə raket zərbəsini, o cümlədən mülki əhali arasında maksimum itkiyə səbəb olmaq üçün kasetli sursatlardan istifadə etməsini Trampın “Mənə dedilər ki, onlar səhv ediblər” şərhinə diqqət çəkilir.

“Ruslar dəqiqliyi ilə tanınan “İskəndər” raketlərindən istifadə ediblər. Bir anda iki raketin istifadəsi məqsədyönlü hərəkəti, həmçinin hadisə yerinə ilk gələn xilasediciləri vurmaq niyyətini göstərə bilər. Kremlin bunu səhv hesab etməsi mümkün deyil. Amma bəzi rus tərəfdarları Trampı bunun “səhv” insident olduğuna inandırmağa çalışmış ola bilər”, - materialda deyilir.

Telekanal qeyd edir ki, bu hücum ABŞ-nin diplomatik səylərinin nəticəsiz olduğunu ağrılı şəkildə nümayiş vurğulayır. Sosial mediada Tramp Rusiyanın sülhə doğru irəliləməyə başlamalı olduğunu yazsa da, Rusiya neftinin alıcılarına ikinci dərəcəli sanksiyaların tətbiqindən başqa vaxt çərçivəsi və ya konkret nəticələr göstərməyib.

ABŞ prezidenti dəfələrlə oxşar bəyanatlar verib, mülki şəxslərə qarşı hücumları pisləyib, eyni zamanda, Krivoy-Roq şəhərinin meydançasında doqquz uşağın bu yaxınlarda qətlə yetirilməsi kimi konkret cinayətlərdən daha çox müharibənin ümumi faciə olduğuna diqqət yetirib. Bu baxımdan, diplomatik səylər getdikcə nəticəsiz təmaslar “yelləncəyinə” bənzəyir.

- Trampın xarici siyasət üzrə Xüsusi nümayəndəsi Stiv Uitkoff dəfələrlə Rusiyaya səfər edib və Kremlin sözçüsü onun Sankt-Peterburqa son səfərini “məhsuldar” adlandırıb. Səudiyyə Ərəbistanında yüksək səviyyəli atəşkəs danışıqları davam edir və ötən həftə Türkiyədə diplomatik əlaqələrin bərpası üçün texniki görüşlər başlayıb. Danışıqların ayrıca vektoru ABŞ və Ukrayna arasında nadir torpaq minerallarına dair razılaşmadır ki, bu da, demək olar ki, tamamilə Ağ Ev üçün sərfəlidir”, - CNN bildirir.

Sülh nizamlanmasına gəlincə, enerji infrastrukturu ətrafında 30 günlük məhdud atəşkəs gərginliyin azaldılması istiqamətində real addım olmadan sona çatır. İndi Tramp administrasiyası uzunmüddətli sülhə gətirib çıxara biləcək çoxsaylı danışıqları vahid prosesdə birləşdirməyə çalışır, lakin nəticələr indiyədək çox amorfdur.

Ekspertlərin fikrincə, Rusiya vaxt udmaq üçün qəsdən diplomatik vəziyyəti dolaşığa salır.

“Putin diqqəti yayındırmaq üçün Trampı çox həssas şəxs sayır və onun sərt addımlar atmaq istəmədiyinə güvənir. Rusiya prezidenti bu yay cəbhədə müharibənin gedişatını öz xeyrinə dəyişəcəyini gözləyir. Sumıya hücum hərbi məqsədlərlə yanaşı, Ukrayna qüvvələrini yeni istiqamətə müdafiəyə cəlb etmək məqsədi daşıyır”, - analitiklər düşünürlər.

Eyni zamanda, rus qoşunları Zaporojye vilayətində tədricən irəliləyir. Ukrayna kəşfiyyatı yaz hücumuna başlamazdan əvvəl yerin qurumasını gözləyən Rusiya qüvvələrinin toplaşdığını, bəzilərinin isə artıq bu hücumu davam etdirdiyini bildirir. Artilleriya sursatlarının çatışmazlığı Ukrayna üçün təhlükəni daha da artırır.

Həqiqət məqamının yaxınlaşdığını iddia edən “CNN” telekanalı Rusiyanın tam qələbəyə hədəfləndiyini və münaqişənin dondurulmasında maraqlı olmadığını vurğulayır. Çünki şərtlər getdikcə onun xeyrinə formalaşır: Qərbə iqtisadi təzyiqlər, Ukraynadakı resurs çətinlikləri, diplomatik qeyri-müəyyənlik - bütün bunlar Moskvanın xeyrinədir. Bu reallıqlar fonunda, görünür, Putin ABŞ tərəfindən ciddi cəzanın olmayacağına əmindir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Putin   Ukrayna   qələbə  





Xəbər lenti