Tramp BMT-nin və NATO-nun da pulunu kəsəcək

   Tramp BMT-nin və NATO-nun da pulunu kəsəcək
  15 Aprel 2025    Oxunub:718
Prezident Donald Trampın administrasiyası ABŞ Dövlət departamentinin büdcəsini əhəmiyyətli dərəcədə azaltmaq üçün plan hazırlayır.
AzVision.az “The Washington Post (WP)” nəşrinə istinadən xəbər verir ki, ötən həftə yayılan memorandumda Dövlət departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) üçün ümumi maliyyənin təxminən 50% azaldılaraq 28,4 milyard dollara salınması təklif olunur. Bu, Konqresin təsdiq etdiyi 2025-ci il büdcəsindən 27 milyard dollar azdır.

Bu tədbirlər təkcə Dövlət departamentinin maliyyələşdirməsinə deyil, həm də BMT və NATO-nun büdcələrinə edilən ödənişlərə təsir göstərəcək.

“Humanitar yardım, qlobal səhiyyə və beynəlxalq təşkilatlara dəstək üçün xərclərin azaldılması xüsusilə əhəmiyyətli olacaq. Beynəlxalq təşkilatlar üçün büdcə ayırmalarının demək olar ki, 90% azaldılması planlaşdırılır. Bu sülhməramlı əməliyyatların maliyyələşdirilməsinin, habelə BMT, NATO, MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) və ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) kimi qurumlar stisna olmaqla, 20 digər beynəlxalq təşkilatın effektiv şəkildə fəaliyyətini dayandırılmasına gətirib çıxaracaq”, - qəzet vurğulayır.

Eyni zamanda, təklif olunan büdcədə İsrail və Misir də daxil olmaqla müttəfiqlərin silahlı qüvvələri üçün 5,1 milyard dollar həcmində ənənəvi qrantlar saxlanılır.

Xatırladaq ki, martın sonunda ABŞ Hökumətin Effektivliyi İdarəsi (DOGE) ABŞ Sülh İnstitutunun baş qərargahında kütləvi ixtisarlar həyata keçirib. Bundan əvvəl Pentaqon da mülki personalının sayının azaldılması barədə məlumat açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   BMT   NATO  





Xəbər lenti