“İstilik təchizatı haqqında” Qanun layihəsi hazırlanıb

   “İstilik təchizatı haqqında” Qanun layihəsi hazırlanıb
  23 Aprel 2025    Oxunub:375
“İstilik təchizatı haqqında” Qanun layihəsi hazırlanıb.
AzVision.az xəbər verir ki, sənəd parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin aprelin 23-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, müəyyən hallar istisna olmaqla, bu Qanun qüvvəyə mindikdən sonra tikilən çoxmənzilli yaşayış binaları layihələrində binaya aid olan bütün mənzillərin vahid bir istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulmalıdır. Çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda yol verilir. Halların mövcudluğuna hər bir bina üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılır.

Qeyd edək ki, mərkəzləşdirilmiş istilik təchizatı sistemlərinin məcburi hala gətirilməsi bu sahədə ciddi dəyişikliyə səbəb olacaq və nəticədə enerji resurslarına qənaət edilməsi, ətraf mühitə atılan emissiyaların azaldılması təmin ediləcək.

Sənəd hazırlanarkən beynəlxalq təcrübə araşdırılmış və layihədə nəzərə alınıb. Layihə hazırlanarkən nümunə kimi hansısa konkret bir ölkə seçilməmiş və onun qanunvericiliyindən istifadə edilməyib.

Hazırlanmış layihə enerji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə zərər vurulmaması, enerji resurslarından səmərəli istifadə edilməsi şərtləri rəhbər tutularaq istehlakçıların etibarlı və təhlükəsiz enerji ilə təchiz edilməsi kimi nəticələrin əldə edilməsinə imkan verəcək. Bunun üçün layihədə istilik təchizatı sahəsinin tənzimlənməsində dövlət orqanlarının səlahiyyətləri, istilik təchizatı subyektlərinin hüquq və vəzifələri dəqiq müəyyən edilib.

Normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılması:

- mərkəzi istilik təchizatı sistemlərindən istifadənin genişləndirilməsi;

- özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;

- əlverişli investisiya mühitinin yaradılması;

- rəqabət mühitinin formalaşdırılması, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;

- istehlakçıların hüquqlarının müdafiəsi;

-bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması və inkişaf etdirilməsi, enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;

- istilik təchizatı subyektlərinin effektiv fəaliyyətinin, həmçinin istilik təchizatı sektorunda keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi.

Layihənin qəbul edilməsi ilə əlaqədar qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 dekabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları” ləğv edilməlidir.

Layihənin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin qərarları ilə təsdiq olunması nəzərdə tutulan “İstilik enerjisindən istifadə qaydaları”, “Çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar”, “İstilik təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”, “İstilik qurğularının quraşdırılması qaydaları”, “istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”, “İstilik qurğularının texniki istismar qaydaları” hazırlanmalıdır. Eyni zamanda, tənzimləyici tərəfindən “Monitorinq qaydaları”, “kommersiya uçotu qaydaları”, “Şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydaları”, “İstilik təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydaları” təsdiq edilməlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti