Təkamül haqqında 10 vacib sual – ELM

Təkamül haqqında 10 vacib sual – ELM
  14 İyul 2016    Oxunub:69786
Bizim indi yaşadığımız mərhələni ABŞ 90 il əvvəl keçib. Ona görə, sadəcə ağıllı olub, başqalarının təcrübəsindən dərs götürə də bilərik. Yox, əgər çox ağıllı olduğumuz üçün palçığa mütləq özümüz batmaqda israrlıyıqsa, bu, başqa məsələ. Onda heç olmasa palçıqlı yolda nələrin olduğunu öyrənək.

1925-ci ildə ABŞ-ın 15 ştatında məktəblərdə Təkamül Təliminin tədrisini yasaqlayan qanun qüvvəyə minir. Amma Con Skops adlı 24 yaşlı gənc müəllim qəsdən Tennesi ştatının Deyton şəhərindəki məktəblərin birində uşaqlara Təkamül Təlimi dərsini keçir. Bu, təxminən Doğu Perincəyin gedib İsveçrədə qanunu pozaraq, “Erməni soyqırımı yalandır!” deməsi kimi bir aksiya idi. Yəni qanunun haqsız olduğunu göstərmək məqsədi daşıyırdı.

Söz vaxtına çəkər, 1925-ci ilin iyul ayında Deytonda ABŞ və bəlkə də dünya tarixinin ən səs-küylü məhkəmələrindən biri baş tutur. Nə başınızı ağrıdım, məhkəmədə müttəhim və onun vəkili Bibliyada təsvir olunan yaradılış ssenariləri ilə doyunca məzələnirlər. Skops məhkəməni uduzur, 100 dollar cərimə olnur və Appellyasiya şikayəti verir. Yuxarı instansiya isə ona haqq qazandıraraq, hökmü ləğv edir. Bununla da əks proses başlayır.

Təkamül Təliminin tədrisini yasaqlayan qanun bəzi ştatlarda 1967-ci ilə qədər qalmışdı. Çünki ABŞ hətta indinin özündə belə, əhalisi son dərəcə dindar olan bir dövlətdir. O illərdə isə Amerika cəmiyyəti təxminən hazırkı İran camaatı qədər klerikal idi. Amma elmi fikir Amerika cəmiyyətinin mühafizəkarlığına üstün gəlir.

Bu gün eyni mübarizə Azərbaycanda gedir. Sırf elmi bir nəzəriyyə olan Təkamül Təliminə qarşı şiddətli hücumlar var: xaricdən maliyyələşən dini saytlar, bloqlar, səhifələr, ayrı-ayrı şəxslər geniş miqyasda antı-Təkamül təbliğatı aparırlar. Təkamülə inandığını deyən şəxslərə rişxənd edilir, mənəvi təzyiqlər olunur. İş o yerə çatıb ki, məktəblərdə bəzi müəllimlər uşaqlara Təkamül Təlimini öyrətməkdən imtina edirlər.

Biz nə edirik?! 90 il əvvəlin Amerikasınamı qayıdırıq?! Bu gün Təkamül Təlimini müdafiə etmək, onu cəmiyyətə anlatmaq, yaymaq vacibdir. Çünki Təkamül – dünyəvi təhsilin ön cəbhəsində, hücum altındakı bir qaladır; məktəbi mədrəsədən ayıran sərhəddir. Təkamül Təliminin sıxışdırılıb gözdən salınması sekulyar təhsilin, ardınca da sekulyar düşüncənin məğlubiyyəti olacaq. Bununla da klerikal düşüncənin səlib yürüşü başlayacaq. Cəmiyyətin taleyinə ən azı öz içində biganə olmayan insanlardan soruşuram: Siz, doğrudanmı bunu istəyirsiniz? Belə perspektiv sizi heçmi narahat etmir?

Təkamül Təlimini müdafiə etmək üçün isə öncə onun nə olduğunu düzgün bilmək lazımdır. Ona görə də, buyurun, Təkamül ilə bağlı 10 ən vacib sualın düzgün cavabları.

1. Təkamül Təlimi nə deyir?

Təkamül Təlimi deyir ki, heç bir canlı növü hazırda olduğu şəkildə qəfildən, heçdən yaradılmayıb. Bütün növlər özlərindən əvvəlki növlərin milyonlarla il ərzində tədricən dəyişməsi nəticəsində ortaya çıxıblar. Bu dəyişmənin isə 3 mexanizmi var: irsiyyət, mutasiya, təbii seçmə. Təbii seçmə o deməkdir ki, ətraf mühitin şərtlərinə daha çox uyğun gələn canlıların sağ qalmaq şansı yüksəkdir və nəticədə onlar öz genlərini sonrakı nəslə ötürürlər. Digərləri isə çıxdaş olunur. Beləliklə, nəsillər bir-birini əvəzlədikcə, genetik dəyişmələr milyon illər ərzində toplanır və əvvəlkindən fərqlənən növlər meydana çıxır.

Buradan aydın olur ki, yeni növlərin yaranması – dəqiq başlanğıcı və sonu olan bir proses deyil. Və biz insanlar da son mərhələ deyilik, milyon il sonra yaşayacaq nəsillərimiz (təbii, əgər o vaxta qədər həyat davam edərsə) bizə aralıq növ kimi baxacaqlar. Bu gün bizim Avstralopiteklərə baxdığımız kimi.

2. İnsan meymundanmı yaranıb?

Bu, Təkamül Təlimini lağa qoymaq üçün yaradılışçılar tərəfindən ortaya atılan mifdir:
- Əşşi, bu təkamülçülər nə deyir e?
- Deyirlər ki, insan meymundan yaranıb!
- Hahahahaha...

Vəssalam. Əslində isə Darvinin özü də daxil olmaqla heç bir təkamülçü alim heç vaxt insanın meymundan yarandığını iddia etməyib. İnsanla meymunun ümumi əcdadının olması tamam ayrı fikirdir. Ona qalsa, bir qədər daha qədimə və dərinə getsək, insanla atın da, itin də, balığın da əcdadı eynidir.

3. Təkamül Təlimi və Darvinizm eyni şeydirmi?

Xeyr. Müasir `Boinq-757` layneri ilə Rayt qardaşlarının düzəltdiyi ilk təyyarənin arasında nə qədər fərq varsa, indiki Təkamül Təlimi ilə darvinizmin arasında da təxminən bir o qədər fərq var. Darvin öz ideyasını 1830-cu illərdə formalaşdırmağa başlayıb, 1859-cu ildə “Növlərin mənşəyi” kitabı çıxıb. O vaxt növlərin mənşəyini izah edə biləcək müasir elm sahələri – genetika, embriologiya, molekulyar biologiya və s.,- hələ yox idi. Ona görə də, klassik darvinizm bu gün yalnız elm tarixi kimi maraq doğurur.

Müasir dövrdə Sintetik Təkamül Təlimi adlanan nəzəriyyə əsas götürülür və demək olar ki, bütün ciddi elm adamları tərəfindən qəbul edilir. Bu nəzəriyyə genetika, molekulyar biologiya, embriologiya, paleontologiya, sistematika və s. elm sahələrinin birləşməsindən yaranıb. Klassik Təkamül nəzəriyyələrindən (darvinizm, lamarkizm və s.) fərqli olaraq, Sintetik Təkamül Təliminin heç bir ciddi boşluğu yoxdur.

4. Təkamülə aid sübutlar varmı?!

Bəli. Özü də o qədər çox və müxtəlifdirlər ki, bir neçə qrupa bölünürlər. Bunlar sübutların özləri yox, sadəcə, bölündükləri qruplardır:

- Fizioloji sübutlar: İnsanlarla heyvanların orqanizmlərində gedən proseslərin arasındakı bənzərlik;
- Embrioloji sübutlar: Ana bətnində ikən insan və heyvan rüşeymlərinin ilk dövrlərdə demək olar ki, eyni cür inkişaf etməsi;
- Paloentoloji sübutlar: Müasir insana və heyvanlara bənzəməyən canlıların qalıqlarının tapılması;
- Biokimyəvi sübutlar: İnsan və heyvan hüceyrlərinin daxili tərkibinin demək olar ki, eyni olması;
- Müqayisəli anotomik sübutlar: İnsan və heyvan bədənlərinin oxşar quruluşa malik olması, insandakı rudiment və atavizmlər;
- Genetik sübutlar: İnsan ilə heyvanların arasındakı genetik eyniliyin yüksək səviyyəsi.



5. Genetika Təkamülü təsdiqləyirmi?

Bəli. Əgər insan ilə şimpanzenin genomu arasında haradasa 90 faizdən çox eynilik varsa, bunu təsadüflə izah etmək mümkün deyil. Yeganə məntiqli izah onların ümumi əcdada malik olmasıdır. Nəinki meymun, insan ilə siçanın genləri 80% oxşardır. İt və insan genləri arasında da təxminən 85-90 faiz eynilik mövcuddur. Bəzi bakteriyalarla genetik oxşarlığımız 80 faizdən çoxdur. Hətta bananın genomu bizimlə 50%, Nərgiz gülünün genomu 35% üst-üstə düşür. Bu, ancaq ondan xəbər verir ki, bütün canlıların bir vahid əcdadı var, bütün canlılar bir hüceyrədən, bir gendən başlanğıc götürürlər. Heç biri ayrı-ayrılıqda müstəqil növ kimi yoxdan yaradılmayıb. Yer Kürəsindəki bütün canlılar bir ağacın milyonlarla budaqlarıdır.

6. Təkamülü təsdiqləyən ara növlər varmı?

Əlbəttə. Amma Darvin “Növlərin mənşəyi”ni yazanda həmin keçid növləri hələ məlum deyildilər. Ona görə də, Darvin özü kitabında bunu nəzəriyyənin ən zəif tərəfi kimi göstərirdi. İndinin özündə də yaradılışçılar 157 il əvvəl çıxmış kitabdakı həmin boşluğa əsaslanaraq, Darvinizmi tənqid edirlər. Halbuki bu, onun səhvi yox, öz dövrü üçün dahiliyi, zamanı qabaqlaması idi: Darvinin kitabı çıxandan cəmisi iki il sonra ilk ara növ olan Arxeopteriks tapıldı. Bu, sürünənlərlə quşlar arasındakı keçid növüdür. Bu gün ara növlər yetərincə çoxdur. Məsələn, balıqlarla suda-quruda yaşayanlar arasında keçid növləri olan Tiktaalikİxtiosteq; məməlilərlə balinalar arasında keçid növü olan Ambulosetus; atların əcdadı olan Meziogippus; fillərin əcdadı olan Meriterium...

Aralıq növlər kifayət qədərdir, amma əlbəttə ki, bütün növlərin arasında keçidlər hələ tapılmayıb. Burada açar fikir odur ki, “yoxdur” və “tapılmayıb” eyni şey demək deyillər. Bu gün tapılmayan şey sabah tapıla bilər. Məsələn, balıqlarla suda-quruda yaşayanlar arasında keçid növü olan Tiktaalik 2004-cü ildə tapılmışdı. Darvinin kitabından 145 il sonra...

7. Alimlər Təkamülü tənqid edirlərmi?

Əlbəttə. Tənqidsiz elm olmaz ki! Təkamülçülər özləri də bu nəzəriyyənin çatışmayan və zəif tərəflərini tənqid edirlər. Necə ki, kvant fiziklərinin arasında “Standart Model”i tənqid edən yüzlərlə alim var. Bu tənqidlər nəzəriyyənin boşluqlarını göstərməyə xidmət edir. Nəticədə nəzəriyyə təkmilləşir, boşluqlar aradan qaldırılır. Məhz tənqidlərin sayəsində Sintetik Təkamül Təlimi bu gün demək olar ki, bütün alimlərin qəbul etdiyi güclü elmi nəzəriyyəyə çevrilib.

8. Təkamülün alternativi varmı?

Hazırda Təkamül Təlimi – çoxnövlüyün səbəbini izah edən YEGANƏ ELMİ NƏZƏRİYYƏDİR. Başqa heç bir alternativ yoxdur.

Elmdən kənarda isə yaradılışçıların (kreasionistlərin) təklif etdiyi dini-mifoloji alternativlər var. Dini təsəvvürlərə görə, Allah insanı palçıqdan yaradıb. Bu, Quranda 12 yerdə iddia olunur, məsələn: “Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur” (Ənam/2).
Bibliyaya görə, kişi torpaqdan, qadın isə onun qabırğasından yaradılıb (Varlıq kitabı, 2:21).
Qurana görə, bir sıra heyvanları Allah insanın istifadə etməsi üçün “öz əllərilə” yaradıb: “Məgər onlar görmürlər ki, onlardan ötrü sahib olduqları mal-qaranı öz əllərimizlə yaratmışıq?” (Yasin / 71).

Misalları xeyli artırmaq olar, amma ehtiyac görmürəm. Bu yanaşmalar heç bir halda Təkamül Təliminə alternativ ola bilməzlər. Çünki əvvəla, qətiyyən elmi deyillər. İkincisi, bu fikirləri sübut edə biləcək bircə dənə də fakt, dəlil yoxdur. Bunsuz isə elmi nəzəriyyə, hətta fərziyyə belə, olmaz. Onlar sadəcə, kökü islamdan da, xristianlıqdan da çox-çox əvvələ gedən mifoloji yanaşmalardır. Misal üçün, insanın palçıqdan yaranması ideyası hələ eradan əvvəl 3-cü minillikdə Gilqameş dastanında var idi.

9. Təkamül Nəzəriyyəsinin yalan olduğu sübut edilə bilərmi?

Elmdə məsələlər o cür həll olunmur. Nəzəriyyəni tənqid etmək olar, hətta lazımdır. Amma yalan olduğunu sübut etmək olmaz. Çünki əgər nəzəriyyə yalandrsa, buyurun, çoxnövlüyün səbəbini və mənşəyini izah edən doğru nəzəriyyəni irəli sürüb, əsaslandırın, hamımız sizə təşəkkür edək və ona inanaq. Adınız tarixə qızıl hərflərlə yazılsın, Nobel mükafatı da sizin olsun!

10. Təkamül Təlimi ilə dini uyğunlaşdırmaq olarmı?

Həm xristianlığa, həm də İslama görə insan – Yerdə yox, “Cənnət” adlanan mifik məkanda palçıqdan yaradılıb. Sonra Allahın sözündən çıxıb, yasaq meyvəni yediyi üçün cəzalandırılaraq, Yerə göndərilib (“sürgün edilib” demək daha düzgün olar). Yəni dinə görə Yer planeti bizim yarandığımız yox, cəzalandırılaraq qovulduğumuz məkandır.

Təkamül təliminə görə isə, Antropogenez (insanın formalaşmasına səbəb olan bioloji proses) təbii ki, Yer planetində gedib və 2 milyon ilə yaxın davam edib.

Bundan başqa, Quran məntiqinə görə, bütün canlılar olduqları şəkildə hazır, planlı, düşünülərək yaradılıblar, ətraf mühitə uyğunlaşmaq üçün hansısa təkamül keçməyiblər. Məsələn, “Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?” (Ğaşiyə / 17) ayəsində məna budur ki, Allah dəvəni planlı və məqsədli şəkildə səhrada yaşamağa uyğun yaradıb. Halbuki, dəvənin vətəni Amerikadır, əcdadı Parakamelius adlı canlı olub. Dəvələr Avrasiyaya Pliosen dövrünün sonunda (haradasa 5 milyon il əvvəl) Berinq boğazından keçərək gəliblər. Və təbii ki, indiki dəvəyə xas xüsusiyyətlər onun qədim əcdadında olmayıb. Onlar səhrada yox, əksinə, “mamont faunası” dövründə buzlaq şəraitində yaşamağa uyğun canlılar olublar.

Yəni, birmənalı olaraq xeyr, Təkamül Təlimi ilə dini uyğunlaşdırmaq mümkün deyil. Belə bir fikir ortaya atmaq olar (və atırlar da) ki, Təkamül – canlı növlərinin formalaşması üçün Yaradanın qurduğu bir mexanizmdir. Çox gözəl. Amma bu Yaradan artıq İslam və ya Xristian dininin Allahı olmayacaq. Çünki həmin dinlərin Allahı canlıları düşünərək, planlı şəkildə yaradıb. Dediyimiz ideya isə artıq avramist dinlərin özlərinin təkamül edərək, yeni bir dinə başlanğıc verməsi anlamına gəlir.

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti