`Evlənmək xətrinə ailə qurmaq ancaq bizdədir`- MÜSAHİBƏ

`Evlənmək xətrinə ailə qurmaq ancaq bizdədir`- MÜSAHİBƏ
  21 Oktyabr 2013    Oxunub:4028
“Azvision.az”-ın budəfəki qonağı ATV-də yayımlanan `10 yaş cavanlaş` verilişinin aparıcısı Vüsalə Tağıyevadır.
- Mənim uşaqlığım Ans TV-nin yaranışına təsadüf edib və təbii ki, o zaman bir çox uşaqlar Çingiz Mustafayevin reportajları ilə böyüyürdu. Daha sonra Ans TV-yə baxaraq müxbir işləmək istəmişəm, amma eyni zamanda həkim olmaq arzum da var idi. İxtisasca isə nə həkim oldum, nə də jurnalist. Seçimim Texniki Universitetdə “Televiziyanın əsasları” ixtisası oldu.

- İlk efir gününüz yadınızdadır?
- O qədər də xatırlamıram, çunki çox həyəcanlı idim, həm də canlı efirə çıxmışdım. Amma heç kim anlamadı ki, əslində, efirdə ayaqlarım titrəyirdi. Hətta indi də efirə hazırlaşdığım ərəfədə həyəcanlanıram.

- Necə oldu ki, televiziyaya gəldiniz?
- ANS-ə gəlişim tam təsadüfi oldu, rəfiqəm məndən xəbərsiz CV-mizi ANS televiziyasına vermişdi, elə oldu ki, məni dəvət etdilər. Buna görə Mələyə təşəkkür borcum var...

- Son vaxtlar həmkarlarınızın ANS-i tərk etmələrinin səbəbi, sizcə, nədir?
- ANS böyük ailədir. Övladlar sərbəst yaşamaq çağına çatanda valideynlər onları sərbəst buraxırlar və ANS nəslinin davamçısının kənarda uğur qazanmasına baxıb yəqin ki, hər zaman qürurlanmaq olar.

- On yaş cavanlaşmaq üçün nə etmək lazımdır?
- Bizim verilişi izləmək və qatılmaq...



Bəs sizin cavanlıq sirriniz nədir? Yəni zamanın sizi dəyişdirə bilməməsinin sirri?
- Zamanın məni dəyişdirə bilməməsinin səbəbi hələ yaşlı olmamağımdır… Axı yaşım çox deyil.

- Ümumiyyətlə, sizə görə insanı gənc saxlayan nədir?
- Düşünürəm ki, insanı cavan və gözəl saxlayan onun ürəyidir. Ürəyi təmiz olan insanlar zaman keçdikcə gözəlləşir. Bu, bir qaydadır! Kainatda heç nə itmir fikrini bilməniz lazımdır. Ürəkdən gülməyi bacaran insana kainat bu gülüşü qarşılıqlı məhəbbətlə qaytarır. Sevib-sevilən insan isə həmişə cavan, gözəl və təbii ki, sevdiyi insana hər zaman gözəl görünsün deyə, baxımlı olur. Və daha çox rəqs edin. Rəqs insanın əhvalını yüksəldir, bədən formasını qaydada saxlayır, qan dovranını gücləndirdiyi üçün dərimiz gözəlləşir. Sadə qaydalardır. Amma hər biri həyatımızda böyük dəyişikliklər edəcək gücə malikdir.

-Baxımlı bir xanım olaraq qadınlara cavan qalmaları üçün nə məsləhət görərdiniz?
- Cavan qalmaları üçün professionallara üz tutmalarını məsləhət görürəm, xanımların ən böyük səhvi cavanlıqdan başlayır. Bir qismi bizim verilişə müraciət edəndə sıradan, ucuz kosmetoloqlara muraciət etdiklərini, daha sonra yaranan fəsadlarların aradan qaldırılması üçün bizə müraciət edirlər. Bir qismi isə umumiyyətlə nəinki dekorativ kosmetikadan, hətta adi kremlərdən belə istifadə etmədikləri ilə öyünurlər. Bununla öyünmək lazım deyil, bu, cahillikdən irəli gəlir.

Sonuncu dəfə üz üçün hansı maskadan istifadə etmisiniz?
- Mənim üzüm quru dəri tipinə malikdir. Buna görə də hər axşam üzümə zeytun yağı çəkirəm. Bundan əlavə, müxtəlif mezalardan istifadə etmək zamanım çatıb, çalışıram onları da axsatmayım. Təbii ki, xanımlara da imkan daxilində bunlardan istifadə etməyi məsləhət görürəm.



-Bəs ay ərzində gözəlliyiniz üçün təxmini nə qədər xərcləyirsiniz?
- Bunu deməyim düzgün olmaz.

- İştirakçıları tapmaqda, seçməkdə çətinlik yaranmır ki?
- İştirakçıları tapmaqda yox, amma seçməkdə çətinlik çəkirik. Çünki biz əvvəllər hər bir xanımın üzərində 6-8 ay çalışırdıq, indi isə formatı dəyişmişik. İmic dəyişikliyi edirik. Bilirsiniz, bir çox xanımlar öz bədən quruluşlarına görə geyinmirlər. Sonda da xoşagəlməz bir mənzərə yaranır. Bunun qarşısını almaq uçün biz hər bir xanımla iki həftə çalışırıq. Üzündə kosmetoloji baxım edirik, çəkisindən 3-5 kilo alırıq və geyim tərzini düzgün seçirik. Seçim zamanı yaş həddinə fikir veririk. Daha çox cavan olub, yaşlı görünən xanımlara üstünlük veririk. Bu fikri isə seçilməyən xanımlara çatdırmaqda çətinlik çəkirik.

- Çəkiliş zamanı maraqlı anlar və ya hansısa bir hadisə yaşanıbmı?
- Bilirsiniz ki, yaradıcı insanların toplandıği məkanda təbii ki, maraqlı anlar yaşanır. Bunları sözlə ifadə etmək olmur, amma söz verirəm, bu yaxınlarda efirdən kənarda qalan kadrlardan bir veriliş edib sizə təqdim edəcəyik.

- Sizin yardımınızla ən çox cavanlaşan xanım neçə yaş cavanlaşmağa nail olub?
- Ülviyyə xanımımız var idi, verilişin əvvəlində sevgisinə görə 10 yox, 20 yaş cavanlaşmağını arzuladı. Sonda həqiqətən də çox cavanlaşdı. Samirə xanımımız bizim verilişdə cavanlaşdıqdan sonra öz kinokaryerasında çox önə çıxdı. Hazırda bir neçə serialda müxtəlif dərəcəli rolları ifa edir. Mən şəkillərini sizə yollayım, siz özünüz qərar verin necə yaş cavanlaşıblar.

- Bəs sizə yaşınıza uyğun yaş verirlərmi?
-Sözün açığı, indi tam yaşımı verirlər. Amma hər zaman yaşımdan az görünürdüm. İndi buna alışa bilmirəm.

- Siz Türkiyə vətəndaşı ilə ailə qurmusunuz. Bu, məntiq evliliyi deyil ki?
- Əlbəttə ki, xeyr. Niyəsə bizdə Türkiyəli ilə və ya xarici vətəndaşla evlənəndə sizin dediyiniz kimi düşünürlər. Evlənmək xatirinə ailə qurmaq ancaq bizimkilərdədir, xaricilər isə sevib evlənirlər. Əgər kimsə hər hansı bir məntiqi kiminsə həyatında axtarırsa, deməli onun öz həyatı məntiqsiz və mənasız keçir.

- Ümumiyyətlə, son vaxtlar qızlarımızın ailə həyatında əcnəbi vətəndaşlara üstünlük veməsi sizcə nədən irəli gəlir?
- İndiyə kimi kişilərimiz başqa millətdən olan qadınlara üstünlük verməsinin məqsədini açıqlaya bilərsinizmi?



- Türk gəlini olaraq Türkiyə mətbəxindən hansı yeməyi yaxşı hazırlaya bilirsiniz?
- Türk mətbəxini sevirəm. Amma heç öz mətbəximizdəki yeməkləri hazırlaya bilmirəm.

Səbinə Məmmədova
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:  





Xəbər lenti