Ukraynanın yeni prezidenti kim olacaq? - TƏHLİL

Ukraynanın yeni prezidenti kim olacaq? - TƏHLİL
  27 Fevral 2014    Oxunub:2944
Ukraynada mayın 25-ə təyin olunmuş prezident seçkilərinə hazırlıq kampaniyasına start verildi. Təqvim planına əsasən, fevralın 25-dən etibarən namizədlərin irəli sürülməsi prosesi başlayıb, martın 30-a dək davam edəcək.

Ukrayna Mərkəzi Seçki Komissiyasında namizədlərin son qeydiyyat tarixi aprelin 4-nə təyin olunub. Dövlət başçısı postuna müstəqil şəkildə, yaxud partiyanın təqdimatına əsasən namizədlik irəli sürülə bilər. İlkin məlumatlara əsasən, Ukraynanın Xarkov vilayətinin qubernatoru Mixail Dobkin, “Batkivşina” partiyasının sədri Yuliya Timoşenko və “UDAR” partiyasının sədri Vitali Kliçko prezident seçilmək uğrunda yarışa qatılacaqlarını bildiriblər.

Yuliya Timoşenko prezident seçilmək üçün ən şanslı namizədlərdən hesab olunur. Ancaq əhali arasında Timoşenkoya olan inam azalıb. Bunun səbəbi isə Timoşenkonun 2007-2010-cu illərdə baş nazir postunu tutması və ona bəslənən ümidləri doğrultmamasıdır.

Eyni zamanda Timoşenkonun Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərinin olması barədə də məlumatlar yayılıb. 2010-cu il prezident seçkilərində Putin Timoşenkonunu dəstəklədiyini gizlətmirdi. Timoşenkonun istənilən vaxt avrointeqrasiya xəttindən sapma ehtimalı olduğu üçün Avropa ölkələrinin liderləri də bu şəxsin namizədliyinə ehtiyatla yanaşırlar.

Doğrudur Ukraynada hazırda qüvvəyə minmiş 2004-cü il konstitusiyası prezidentin səlahiyyətlərini kifayət qədər azaldır. Moskva adətən ölkəni öz təsiri altına keçirmək üçün bu ölkənin rəhbərini özünə tərəf çəkməyə çalışır lakin ictimai fikri o qədər də nəzərə almır. Qərb isə, əhalidə ictimai fikrə təsir göstərməklə hadisələrin öz xeyrinə dəyişməsinə nail olur. Kreml adəti üzrə yeni seçiləcək prezidenti öz tərəfinə çəkmək istəsə belə (məsələn Yanukoviç kimi) dövlət rəhbərinin ölkənin siyasətini kardinal şəkildə dəyişməyə sadəcə olaraq səlahiyyəti çatmayacaq. Bunun üçün o, Ali Radanın razılığına ehtiyac duyacaq.

Timoşenko çalışacaq ki, prezident seçildikdən sonra hakimiyyəti bütövlükdə əlinə alsın. Hətta onun yenidən 2010-cu il konstitusiyasına dönməsi də mümkündür. Timoşenko prezident seçiləcəyi halda, güman ki, onun ən yaxın silahdaşı Arseni Yasenyuk baş nazir təyin olunacaq. “Batkivşina” partiyasının digər üzvü Aleksandr Turçinov artıq Ukrayna parlamentinin sədri seçilib və müvəqqəti olaraq prezidentin səlahiyyətlərini icra edir.

İnzibati resursların seçkilərdə Timoşenkonun xeyrinə işləyəcəyini artıq indidən demək mümkündür. Timoşenko prezident seçildikdən sonra hakimiyyətin bütün qollarına nəzarət onun əlində olacaq.

Təbii ki, belə ssenari ilə digər müxalifətçilər razı ola bilməzlər. “UDAR” lideri Kliçkonun öz namizədliyini irəli sürməsi buna sübutdur. Kliçko siyasət sahəsində təcrübəsiz hesab edilsə də, Ukraynanın hazırki vəziyyətində Kliçko kimi simvolik birləşdirici fiqurun prezident seçilməsi ölkə üçün daha uğurlu variant hesab oluna bilər. Onsuzda yeni-köhnə konstitusiya prezidentə daha çox simvolik-təmsiletmə səlahiyyətləri verir və belə vəziyyət Kliçkonu Timoşenkodan fərqli olaraq qane edir.

Kliçkonun prezident seçiləcəyi halda baş nazir postuna Ukraynada “şokolad kralı” adlandırılan siyasətçi və oliqarx Pyotr Paroşenko təyin edilə bilər. Məlumat üçün bildirək ki, Paroşenko məşhur “Roşen” markasının sahibidir və keçmiş prezident Yuşşenkonun ən yaxın tərəfdarlarından biri olub. Yuşşenkonun hakimiyyəti dövründə Ukraynanın Təhlükəsizlik Şurasına rəhbərlik edib, lakin Timoşenko ilə konfliktə girdiyi üçün prezident tərəfindən tutduğu postdan azad edilib. Poraşenko Ukraynada təcrübəli iqtisadçı və siyasətçi hesab olunur və digər oliqarxlardan fərqli olaraq ləkəli keçmişə malik deyil.

Ehtimal etmək olar ki, Kliçko prezident seçilməyəcəyi halda paytaxt Kiyevin meri vəzifəsinə namizədliyini irəli sürəcək. İnqilabdan sonrakı hakimiyyətin adətən əhalinin ümidlərini doğrulmatığını nəzərə alarsaq Kliçko və onun komandasına ikinci mərhələdə hakimiyyətə gəlməri üçün gözəl üfüqlər açılır.

Milliyyətçi “Azadlıq” partiyasının sədri Oleq Tyaqnibok müstəqil şəkildə prezident seçilmək şanslarının az olduğunu anlayır. Lakin yuxarıda qeyd olunan komandaların hər birinin Tyaqnibokun dəstəyinə ehtiyacı var. Hətta milliyyətçilərin kimin tərəfində olacağı həlledici rol oynaya bilər. Tyaqnibokun hansı mövqedə dayandığı məlum olmasa də onun Timoşenkonu dəstəkləyəcəyi inandırıcı deyil.

Rusiyanın isə, əsas namizədinin Xarkov vilayətinin qubernatoru Mixail Dobkinin olacağını ehtimal etmək olar. Güman ki, Kreml yenidən Ukraynaya seçkilər yoluyla öz namizədini gətirmək planına əl atacaq. Əsas namizəd kimi Mixail Dobkinə stavka olunacaq, o keçməyəcəyi halda isə ehtiyat plan işə salınacaq. Yəni Timoşenkonun verbovkası başlayacaq, yaxud artıq başlayıb.

Mixail Dobkinin Moskvanın sevimlisinə çevrilməsinin səbəbi isə Yanukoviç komandasının üzvləri arasında ən cəsarətli olması ilə bağlıdır. “Maydan”ın qələbəsindən sonra Xarkovda “Ukrayna cəbhəsi” hərəkatını yaradaraq təşkilatın qurultayını keçirən və ölkənin cənub-şərqi əyalətlərində qanuni hakimiyyət formalaşanadək idarəetmənin yerli orqanlar tərəfindən həyata keçiriləcəyini bəyan edən məhz Mixail Dobkin oldu. Bu faktiki Ukraynanın yeni hakimiyyətini parçalanma ilə hədələmək idi. Qurultaydan sonra Dobkin müvəqqəti olaraq ölkəni tərk etdi. Güman etmək olar ki, o da Rusiyanın səfiri kimi məsləhətləşmələr üçün Moskvaya çağrılmışdı. Təbii ki, Dobkinin prezident seçilmək şansları azdır, lakin Dobkin Yanukoviçin qoyub qaçdığı nəhəng Regionlar Partiyasının rəhbəri olması tamamilə realdır. Bu 44 yaşlı əyalət məmuru üçün böyük irəliləyişdir.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti