Həyatın yaranmasının kimyəvi formulu dəqiqləşdi – ELM

   Həyatın yaranmasının kimyəvi formulu dəqiqləşdi    – ELM
  01 Avqust 2022    Oxunub:11623
Amerikanın Skripps İnstitutunun tədqiqatçılarının apardığı yeni araşdırmalar təsdiqləyib ki, Yer kürəsinin qədim dövrlərində aminturşuların (zülalların tikinti materiallarının) yaranması üçün kifayət qədər alfa-keto turşusu, sianid və karbon qazı olub. Bu maddələrin reaksiyasının yan məhsulu kimi ortaya çıxan yeni materialdan isə DNT və RNT-ni əmələ gətirən nuklein turşularını sintez etmək mümkündür.
“Nature Chemistry” jurnalında dərc olunan araşdırmada göstərilir ki, 4 milyard il əvvəl Yer kürəsi indikindən çox fərqlənirdi: hələ həyat mövcud deyildi, sadəcə “ilkin bulyon” vardı. Onun tərkibinə daxil olan kimyəvi maddələrdən sonralar həyat yaranıb. Həyat üçün ən vacib molekul aminturşulardır, onlardan zülallar və genetik informasiyanı daşıyan nuklein turşuları (DNT ilə RNT) yaranır.

Öncə Amerika alimləri həyat üçün vacib olan bəzi üzvi molekulların sianidlərdən, sudan və sadə molekullardan sintez oluna biləcəyini aşkarlamışdılar. Lakin bu reaksiya otaq temperaturunda getmir, üstəlik, pH göstəricisinin çox dar diapazonunda baş tutur. Bu cür şərtlər alimlərdə həmin reaksiyaların qədim Yer kürəsində mümkünlüyü ilə bağlı şübhələr yaradırdı. Bununla belə, eksperimentlər göstərib ki, sianidlər kimyəvi sintezdə vacib rol oynaya bilərlər.

Hazırda canlı hüceyrələrdə amin turşuları xüsusi fermentlərin iştirakı ilə alfa-ketoturşulardan və azot tərkibli birləşmələrdən sintez olunur. Qədim Yer kürəsində alfa-ketoturşuların olduğu əvvəllər də bilinirdi, lakin amin turşularının başqa maddələrdən (məsələn, aldehidlərdən) sintez olunması güman edilirdi, çünki reaksiyanın baş tutması üçün zəruri fermentlər o zaman hələ yox idi. Amma bu halda anlaşılmır ki, amin turşularının istehsalı üçün tələb olunan xammal qismində aldehidlərin alfa-ketoturşularla əvəzlənməsi nə zaman və necə baş verib.


Amerika alimləri son işlərinin birində göstəriblər ki, qədim Yer kürəsində fermentlərin iştirakı olmadan da alfa-ketoturşulardan amin turşuları yarana bilərdi. Bunun üçün kimyəvi reaksiyada alfa-ketoturşudan başqa sianidlər, azot mənbəyi kimi ammiak və karbon qazı iştirak etməlidir. Belə reaksiya otaq temperaturunda və pH göstəricisinin geniş diapazonunda baş tuta bilər.

Reaksiyanın yan məhsulu kimi Orot turşusu (orotic acid) meydana çıxır, ondan isə DNT və RNT-nin tikinti materialı olan nukleotidlər yaranır. Bu o deməkdir ki, qədim Yer kürəsindəki “ilkin bulyon”da həyatın yaranması baxımından zəruri sayılan bütün molekulların sintezi üçün şərait və material olub.

Araşdırmalar həmçinin Yerdə həyatın yaranması nöqteyi-nəzərindən karbon qazının nə qədər əhəmiyyətli olmasını üzə çıxarıb. Belə ki, haqqında danışdığımız reaksiyalar karbon qazının iştirak olmadan gedə bilməzdi. Hərçənd, bu qazın əlahiddə şəkildə özü yox, başqa molekullarla yaratdığı birləşmələr əhəmiyyətlidir.

Tədqiqatların sonrakı mərhələsində alimlər belə bir suala cavab tapmaq istəyirlər ki, “ilkin bulyon”dan daha hansı birləşmələr yarana bilərdi? Amin turşuları müstəqil şəkildə kiçik peptidlər, daha sonra isə zülallar yaradacaq şəkildə birləşə bilərlərmi? Bəs həmin zülalların amin turşularının sintezini sürətləndirən ferment funksiyasını həyata keçirməsi mümkündürmü? Bu suallar planetdə həyatın necə yaranması məsələsinə xeyli dərəcədə aydınlıq gətirə biləcək.

Vüsal Məmmədov
AzVision.az



Teqlər: Elm  





Xəbər lenti