ABŞ silahları Pakistandakı yaraqlıların əlinə keçib

   ABŞ silahları Pakistandakı yaraqlıların əlinə keçib
  14 Aprel 2025    Oxunub:933
ABŞ qoşunlarının 2021-ci ildə çıxarılmasından sonra Əfqanıstanda qalan Amerika silahları kütləvi şəkildə Pakistanın qara bazarında üzə çıxıb və separatçı qrupların əlinə düşüb.
AzVision.az xəbər verir ki, “The Washington Post” qəzetinin apardığı tədqiqatın nəticələrinə görə, Birləşmiş Ştatlar Əfqanıstan hökumətinə təxminən 7 milyard dollar dəyərində silah, o cümlədən 250 min avtomat, 18 min gecəgörmə cihazı və minlərlə digər müdafiə sistemi qoyub.

“Pentaqon ABŞ-nin bu silahlara görə məsuliyyət daşımadığını bildirib. Çünki onlar rəsmi olaraq Əfqanıstan hökumətinə təhvil verilib. Əfqanıstanda “Taliban” hakimiyyətə gəldikdən sonra bu silah ehtiyatları zəif qorunan sərhəddən Pakistana daşınmağa başladı. Ən müasir Amerika gecəgörmə cihazları endirimli qiymətlərlə, 2000 dollarlıq cihaz isə cəmi 300 dollara satılır. 2025-ci ildə də belə məhsullar hələ də Pakistan bazarlarında mövcuddur”, - qəzet yerli silah dilerlərindən birinə istinadən yazır.

Pakistan hökumətindəki mənbələrin məlumatına görə, bu silahlardan hazırda “Pakistan talibləri hərəkatı” və Bəluc separatçıları istifadə edirlər. Belə ki, martın 11-də “Bəlucistan Azadlıq Ordusu" tərəfindən sərnişin qatarına edilən hücum zamanı məhz Amerika silahları işə salınıb.

Pakistanın kəşfiyyat agentlikləri bildirirlər ki, yaraqlıların texnoloji avadanlıqları, o cümlədən gecəgörmə cihazları və dronları onlarla mübarizəni çətinləşdirir.

Artan təhlükə fonunda Pakistan hakimiyyəti ABŞ prezidenti Donald Trampdan məsələyə qarışmağı və Amerika silahlarının yayılmasını dayandırmağı xahiş edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Pakistan   ABŞ   silahlar  





Xəbər lenti