`Azərbaycan ən böyük donor rolunda çıxış edir`

`Azərbaycan ən böyük donor rolunda çıxış edir`
  02 İyun 2016    Oxunub:2100
“Bəzi ictimai sektor təmsilçiləri və beynəlxalq təşkilatlar son illər qanunvericilik aktlarına edilmiş dəyişikliklərlə bağlı öz narahatlıqlarını bildirir, onların üçüncü sektorun inkişafına maneə yaradacağını iddia edirlər. Əslində isə, təcrübə göstərir ki, həmin dəyişikliklər bu sahədə şəffaflığın, hesabatlılığın və nizam-intizamın artırılması, qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə əlaqələrinin asanlaşdırılması üçün edilib".
AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanda ümumilikdə qeyri-kommersiya qurumlarının sayı 4 mini ötüb: “Azərbaycan dövləti hazırda vətəndaş cəmiyyəti təsisatları üçün ən böyük donor rolunda çıxış edir. Bu məqsədlə təsis edilmiş və ictimai sektorun yaxından iştirakı ilə formalaşdırılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu bütün QHT-lərin, o cümlədən gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi sahəsində ixtisaslaşmış qurumlardır. Son 3 il yarımda yalnız bu 2 təşkilatın xətti ilə 5 mindən çox layihəyə 33 milyon manatdan artıq vəsait verilib”.

PA rəsmisi bildirib ki, Azərbaycan dövləti yalnız yerli QHT-lərə qrant verməklə kifayətlənmir: “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2013-cü ildən etibarən xarici QHT-lərin sülh, demokratiya, hüquq müdafiəsi, siyasi plüralizmin inkişafı, Azərbaycan reallıqlarının dünyaya çatdırılması və s. mövzularda təqdim etdikləri layihələri maliyyələşdirməyə başlayıb. Dövlətin vətəndaş cəmiyyəti ilə bağlı strateji hədəflərinin “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapıb”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti