"Əhməd normal insan deyil, həbsxanada da kimisə öldürə bilərdi" - Sosioloq

   "Əhməd normal insan deyil, həbsxanada da kimisə öldürə bilərdi" -    Sosioloq
  10 Oktyabr 2024    Oxunub:858
Xəbər verdiyimiz kimi, beş nəfəri qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəmə prosesi başa çatıb.
Qərara əsasən, ailə üzvlərini amansızcasına öldürən Əhməd Əhmədov cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.

Məhkəməninin məlum qərarı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bir gündə bir neçə ağır cinayət törədən biri üçün belə bir qərarın verilməsini normal hal saymırlar. Demək olar ki, müzakirələrə qoşulan hər kəs, Əhmədə ömürlük cəza verilməsini tələb edir.

Məsələ ilə bağlı AzVision.az –a açıqlama verən sosioloq Lalə Mehralı deyib ki, insanlar bu qərara haqlı olaraq irad bildirirlər.

Əhməd özünü təqsirli bildi - Məhkəmə+Video
“Belə dəhşətli qətli törədən insanın cəzasız qalması ədalət sisteminə inamsızlıq yaradır. Lakin burada bir məsələ də var ki, artıq peşəkar həkim-ekspert rəyləri verilib və onun həmin an anlaqsız vəziyyətdə olması sübut olunub. Yəni ondan normal insandan gözlədiyimiz davranışları gözləyə bilmərik. Həm də psixoloji problemli olduğuna görə qatil hadisəni gözünə görünən bir nəfərin diktəsi ilə törətdiyini deyir. Bu, şizofreniya xəstələrində rastlanan bir şeydir.

Nəticədə onun psixatriya xəstəxanasında müalicə alması daha məqsədəuyğun hesab edilib. O insan müalicəsiz normal hala gələ bilməz. Yəqin ki, Əhməd ömrü boyu müalicə altında saxlanılacaq. Amma 3-5 ildən sonra müalicəsini yekunlaşdırıb cəmiyyət arasında görünsə, təbii ki, bu, kəskin etirazlara səbəb olacaq”.

Mütəxəssis onu da vurğulayıb ki, Əhmədin həbsxanaya qaytarılması da riskli olar. Çünki bu, oradakı insanların həyatı üçün təhlükəlidir:

“Heç kim təminat verə bilməz ki, o, bir gecə ayılıb kamerada başqa birini öldürməyəcək. Çünki Əhməd normal insan deyil, əqli qüsuru olan bir xəstədir. Əgər o, xəstə olmasaydı, el dili ilə desək öz ət-qanından olan iki azyaşlını öldürməzdi. Ona görə də, qatilin müalicə mərkəzində ömrünün sonuna kimi cəza çəkməsi daha məqsədəuyğun olar”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirib ki, məhkəmə qərarlarına müdaxilə olunmasına heç kimin səlahiyyəti yoxdur:

“Artıq qərar qəbul olunub. Mən də bu məsələnin cəmiyyətimizdə, insanlar tərəfindən müxtəlif reaksiyalarla qarşılandığını müşahidə edirəm. Ola bilsin ki, məhkəmə nələrisə əsas gətirib və onun əsasında bu qərarı qəbul edib. Bəli, mövzu cəmiyyətdə xeyli müzakirə olunacaq. Amma veriləcək qərarın narazılıqla qarşılanması ehtimalları əvvəldən də var idi.

Düşünürəm ki, bu məsələ ilə bağlı aidiyyəti şəxslərin geniş və ətraflı açıqlamalar verməsi daha yaxşı olardı. İnsanlardakı bu anlaşılmazlıq aradan qalxar və hər kəs nə üçün belə qərarın qəbul edildiyini də anlayardı.

Məhkəmənin də öz arqumentləri var. Məhkəmə qərarları qəbul edərkən onun doğura biləcəyi suallar barədə biz əvvəlcədən düşünməliyik ki, sonra cəmiyyətdə belə geniş müzakirələr getməsin və anlaşılmazlıq yaranmasın”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   qətl   cinayət   cəza  





Xəbər lenti