“Yol polisini sevmirlər” – DYP rəsmisi

AzVision.az-ın məlumatına görə, bunu Oxu.Az-a Bakı şəhəri DYP-nin ictimai əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sosial şəbəkələrdə yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərlə bağlı görüntülərin yayılmasından danışarkən deyib.
Vaqif Əsədov qeyd edib ki, DYP ilə bağlı görüntülər yaymağın əsas məqsədi onların fəaliyyətinə kölgə salmaqdır:
“Dünyanın bütün inkişaf etmiş ölkələrində cinayətkar polisi, intizamsız sürücü isə yol polisini sevməyib. Sözsüz ki, Azərbaycanda hərəkət iştirakçılarından olan sürücülər yol hərəkəti qaydalarının pozulmasına meyilli olduğu üçün onlar da yol polisini sevmirlər”.
DYP-nin ictimai əlaqələr şöbəsinin rəisi vurğulayıb ki, sosial şəbəkələrdə yayımlanan sürücülərin kobud qayda pozuntusuna aid görüntülərə DYP rəhbərliyi reaksiya verir:
“İctimaiyyətin diqqətini çəkən bütün görüntülər nəzarətə götürülür və araşdırma aparılır. Araşdırmalar zamanı hər hansı bir nöqsan və ya xəta aşkar edilirsə sürücü qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur”.