Avropanın yaratdığı inteqrasiya əngəlləri – TƏHLİL

Avropanın yaratdığı inteqrasiya əngəlləri – TƏHLİL
  01 Avqust 2013    Oxunub:2018
Sahil İsgəndərov, politoloq
Xüsusi olaraq AzVision.az üçün


Bir müddət əvvəl Brüsseldə Avropa İttifaqına (Aİ) üzv ölkələrin və “Şərq tərəfdaşlığı” proqramı dövlətlərinin xarici işlər nazirlərinin növbəti illik görüşü keçirildi. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali təmsilçisi K.Eştonun sədrliyi və Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ş.Fülenin iştirakı ilə baş tutan bu tədbirdə nazirlər cari ilin noyabrında Vilnüsdə keçiriləcək “Şərq tərfdaşlığı” sammitinə ümumi yanaşmaları işləyib hazırladılar.

Litvada keçiriləcək sammit proqram iştirakçıları olan dövlətlərin Aİ ilə yaxınlaşması sahəsində tərəqqini qeydə almaqla yanaşı, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın gələcək inkişaf istiqamətini müəyyənləşdirəcək. Sammitə qədərki müddətdə assosiasiya barədə Ukrayna ilə danışıqların tamamlanması, Ermənistan, Gürcüstan və Moldova ilə analoji sazişlər barədə paraflaşdırma prosesinin başa çatdırılması nəzərdə tutulur.

Vilnüs sammitində habelə Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi və assosiasiya sazişi barədə danışıqların sürətləndirilməsini nəzərdə tutan sənədin imzalanacağı gözlənilir. Bunun üçün Aİ öz tərəfindən həmin sazişlərin layihələrini hazırlamalı, “Şərq tərəfdaşlığı” proqramının üzvü olan dövlətlər isə tələb olunan meyarlara cavab verməli və ümumavropa dəyərlərinin tərəfdarı olmalıdırlar. Başqa sözlə desək, Brüssel və “Şərq tərəfdaşlığı” proqramının üzvü olan postsovet dövlətləri ciddi şəkildə Avrointeqrasiya proseslərində növbəti uğura imza atmağa hazırlaşırlar.

Beləliklə, son 10 ildə Avropa qonşuluq siyasəti və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində postsovet ölkələrinin Avropaya inteqrasiyası prosesində ciddi irəliləyiş faktı öz təsdiqini tapmış olur. Maraqlıdır ki, hələ bu ilin fevralında Aİ dövlətlərinin liderləri artıq noyabrda Ukrayna ilə assosiasiya sazişi imzalamağa və digər ölkələrlə bu istiqamətdə danışıqları başa vurmağa hazır olduqlarını bəyan etmişdilər. Lakin mayın sonunda Brüssel, sözügedən ölkələrin demokratik dəyərlərin möhkəmləndirilməsi və insan haqlarının qorunması sahəsində hələ çox iş görməli olduqlarını bildirərək, faktik olaraq bu bəyanatdan boyun qaçırdı. Ədalət naminə qeyd etmək lazımdır ki, Brüssel tərəfindən bu cür tələblərin irəli sürülməsi postsovet ölkələrində demokratiyanın möhkəmlənməsinə təkan verir və bu prosesi dönməz edir. Bununla yanaşı, təəssüf ki, bəzən hadisələri süni şəkildə sürətləndirilmək cəhdləri və bir sıra çətin izah olunan addımlar əslində inteqrasiya layihələrinin uğurla reallaşdırılmasına mane olur.

Məsələn, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfərindən bir həftə əvvəl Avropa Parlamentinin (AP) 754 deputatından cəmi 32-nin qərarı ilə “Azərbaycan: İlqar Məmmədov işi” adlı qərəzli qətnamə qəbul olunmuşdu. Sənəddə barəsində Azərbaycan Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılmış İ.Məmmədovun dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunur. Qətnamədə Bakı sərt şəkildə tənqid edilir, ölkədə, guya, söz və sərbəst toplaşmaq azadlığı, insan haqları sahəsində ciddi pozuntuların olduğu bildirilir. Bundan başqa, qətnaməni qəbul edən avroparlamentarilər Avropa Komissiyasının (AK) sədri J.M.Barrozunu Azərbaycan Prezidentilə gözlənilən görüşdə tonunu sərtləşdirməyə də çağırırdılar. Yeri gəlmişkən, AP Ukraynanın sabiq baş naziri Y.Timoşenko ilə bağlı məsələdə də analoji mövqe tutur. Qurum rəsmi Kiyevdən sabiq hökumət başçısının dərhal həbsdən buraxılmasını tələb edir. Konkret cinayət əməlində ittiham olunan şəxslərin azadlığa buraxılması tələbini irəli sürən Brüssel faktiki olaraq, bu məsələləri siyasiləşdirir.

Gözlənildiyi kimi, Azərbaycanda AP-nin qətnaməsi obyektivlikdən uzaq yanaşma, yeni qaz dəhlizilə bağlı qərarın qəbulu və Azərbaycan Prezidentinin Brüsselə səfəri ərəfəsində suveren dövlətin daxili işlərinə məqsədyönlü şəkildə kobud müdaxilə cəhdi kimi qiymətləndirilib. Milli Məclisin avroparlamentarilərə müraciətində bildirilib ki, müstəqil və özünü təmin edən Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqluluq əsasında inkişaf etdirir və heç bir qüvvə onu demokratik inkişaf yolundan çəkindirə bilməz. Müraciətdə habelə heç bir beynəlxalq qurumun Azərbaycanla buyuruq tonunda danışmaq haqqının olmadığı da vurğulanıb.

Maraqlıdır ki, AP-nin mövqeyi AK-nın sədri J.M.Barrozunun bir neçə gün sonra verdiyi açıqlama ilə qətiyyən üst-üstə düşməyib. Barrozu Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında Bakının demokratiyanın inkişafı və insan haqlarının qorunması sahəsindəki nailiyyətlərini yüksək qiymətləndirib. Hələ bütün standartlara əməl olunmadığını qeyd edən Barrozu eyni zamanda Prezident İlham Əliyevin suveren dövlətin başçısı kimi ölkəsinin müasirləşdirilməsinə, onun imicinə və nüfuzuna xüsusi diqqətlə yanaşmasına əminliyini də dilə gətirib.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev də xarici KİV-lərə müsahibələrində dəfələrlə bu sahədə vəziyyətin ideal olmadığını, lakin Azərbaycanın demokratik prinsiplərin inkişafı və möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət yürütdüyünü, bu məsələyə təkamül prinsipilə yanaşılmasının vacibliyini bildirib. Odur ki, hazırkı demokratiya səviyyəsinə yüzilliklər keçərək çatmış Aİ-nin müstəqilliklərini cəmi 20 il əvvəl qazanmış postsovet ölkələrinə qarşı həddən ziyadə lüzumsuz tələbkarlığı bu prosesin uğurlu inkişafına əslində mane olur. Bundan başqa, Aİ-nin postsovet ölkələrilə dialoqda mentor tonunda danışması bəzən əks-effekt verir. Çox zaman bu, Sovetlər dövründə Moskvanın öz iradəsini o vaxtkı müttəfiq respublikalara zorla qəbul etdirməsi gerçəkliyini xatırladır.

Əlbəttə, Brüsselin postsovet ölkələrini ümumavropa dəyərlərinə cəlb etmək istəyi təbii və tamamilə başadüşüləndir. Üstəlik, həmin ölkələr bu sahədə üzərlərinə müəyyən öhdəliklər də götürüblər. Amma çətin ki, bu işdə sərt inadkarlıq düzgün taktika sayıla bilər. Unutmaq olmaz ki, əksər postsovet ölkələrində əsrlərlə ənənəçilik prinsiplərinə söykənən cəmiyyətlər formalaşıb və müəyyən stereotiplərin keçilməsi üçün onilliklər lazımdır.

Diqqəti cəlb edən daha bir məqam Brüsselin tez-tez istər ümumavropa məsələlərində, istərsə də postsovet ölkələrilə münasibətlərdə selektiv yanaşma ortaya qoymasıdır. Son 2 il ərzində Aİ ölkələri iqtisadi tələblərlə küçələrə çıxan nümayişçilərə qarşı sərt tədbirlərə əl atırlar. Bəzi ölkələrdə, hətta icazəsiz piket və nümayişlərin təşkilatçılarına qarşı cəzaların nəzərdə tutulduğu qanunlar sərtləşdirilib. Bu, hüquqi nöqteyi-nəzərdən tamamilə anlaşılandır. Amma postsovet ölkələrinin hansındasa legitim hakimiyyətin güc yolu ilə devrilməsinə çağıran şəxsə qarşı hətta inzibati cəza tədbiri görüləndə belə, dərhal həmin ölkəyə qarşı əsassız ittihamlar irəli sürülür. Bu hansı dərəcədə Qanunun və demokratiya prinsiplərinin ruhuna uyğundur?

Postsovet ölkələriylə münasibətlərdə isə, Brüssel, məntiqi baxımdan ən sərt tələbləri məhz Ermənistana qarşı irəli sürməlidir. İstər xarici, istərsə də daxili siyasət müstəvisində. Azərbaycanda ayrı-ayrı destruktiv elementlərin qızğın müdafiəçisi rolunda çıxış edən Brüssel, nədənsə Ermənistanın təcavüzkar siyasəti nəticəsində öz doğma ocaqlarından didərgin salınmış bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün taleyinə biganə qalır. Ayrı-ayrı fərdlərin haqlarının həmin qaçqın və məcburi köçkünlərin hüquqlarından daha üstün olduğu hansı meyarlar üzrə və kim tərəfindən müəyyənləşdirilir? Bəs Gürcüstandakı qaçqın və məcburi köçkünlərin aqibəti necə? Məgər Aİ ilə assosiasiya sazişi imzalamağa hazırlaşan Ermənistanın həmin şəxslərin Abxaziya və Cənubi Osetiyada öz yurdlarına qayıtması barədə BMT-nin Baş Assambleyasında qəbul olunan Qətnamənin əleyhinə çıxması Brüsseli narahat etməməlidir?

Doğrudanmı permanent qaydada bütün həmsərhəd ölkələrə qarşı ərazi iddiası irəli sürən monoetnik Ermənistan, “Şərq Tərəfdaşlığı” proqramının digər iştirakçıları—etnokonfessional tolerantlığını mövcud olduğu polietnik dövlətlər Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna, ilə müqayisədə daha az tənqidə layiqdir? Halbuki, erməni etnofundamentalizmi Avropa dəyərlərinə, demək, həm də inteqrasiya proseslərinə birbaşa təhlükədir. Çünki, Avropa qonşuluq siyasəti və “Şərq Tərəfdaşlığı” yalnız postsovet ölkələri ilə Aİ arasında deyil, həm də bu postsovet ölkələri arasında inteqrasiya proseslərinin dərinləşdirilməsini nəzərdə tutur. Tarix isə sübut edir ki, Ermənistan kimi monoetnik ölkələr, polietnik dövlətlərdən fərqli olaraq, inteqrasiyaya meylli deyillər.

Aİ-nin Avropa qonşuluq siyasəti və “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən bu və ya digər ölkədə demokratik normalar və insan haqları ilə bağlı vəziyyətin qiymətləndirməsində də analoji yanaşma müşahidə olunur. Ayrı-ayrı ölkələrdə insan haqları sahəsində ən cüzi çatışmazlığa ciddi reaksiya verən Aİ-nin 2008-ci ilin martında Ermənistanda S.Sarqsyanın prezident seçilməsindən sonra keçirilən nümayişləri son dərəcə sərt şəkildə dağıtmasına münasibəti qeyri-adekvat oldu. Halbuki, Ermənistanda günahsız insanların qanı axıdılmışdı. O vaxt qanlı hadisələrin günahkarlarının aşkarlanaraq cəzalandırılması üçün Brüsselin rəsmi İrəvana təzyiq göstərməyə siyasi iradəsi çatmadı. Əvəzində, S.Sarqsyanın birinci prezidentliyi dövründə, Aİ müxtəlif proqramlar və layihələr çərçivəsində Ermənistanın antixalq hakimiyyətini gen-bol maliyyələşdirdi. Bunun məntiqi nəticəsi olaraq, cari ilin fevralında S.Sarqsyan kütləvi saxtalaşdırmalar yolu ilə yenidən Ermənistanın prezidenti “seçildi”. Aİ-nın yüksək rütbəli məmurları isə Ermənistanda seçkilər prosesinin beynəlxalq standartlara uyğun şəkildə keçirilməsi sahəsində inkişafın qeydə alındığını (?!) söylədilər.

Belə olan tərzdə, Brüsselin vaxtaşırı dinamik inkişaf nümayiş etdirən, bütün müstəvilərdə öz üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirən, ardıcıl şəkildə avrointeqrasiya siasəti aparan və öz tərəfdaşlarının, o cümlədə də Aİ-nin, gözləntilərini doğruldan və etnokonfessional tolerantlıq nümunəsi olan Azərbaycana təzyiq etmək cəhdləri heç bir sağlam məntiqə sığmır. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan öz tərəfdaşlarına yük yox, milli-dini tolerantlığın yüksək olduğu, polietnik, özünü bütün parametrlər baxımından təmin edən dövlətdir. Bakı Avropaya inteqrasiya sahəsində ardıcıl siyasət yürüdür və artıq özünü sabit, etibarlı tərəfdaş kimi təsdiqləyib. “Şahdəniz” konsorsiumunun təqribən bir ay öncə Azərbaycan qazını Avropaya çıxaracaq marşrut kimi Transadriatik qaz xəttini seçməsi də bu gerçəkliyi bir daha təsdiqlədi. Bakının bu qərarı Aİ-nin enerji məsələləri üzrə ali komissarı G.Ottinger tərəfindən də yüksək qiymətləndirilib: “Bu işdə Azərbaycanın marağı nədir? Bəzən bir çoxlarının dərk etmədiyi həqiqəti Azərbaycan başa düşür: Avropanın qaydaları sabitdir, gəlirləri daimi və qiymətlidir. Azərbaycan öz gələcəyini Avropa ilə bağlayır”.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində Brüsselin gözləntilərini tam doğruldur. Amma bununla yanaşı, Azərbaycanın öz təhlükəsizliyinin təmin olunması sahəsində problemlər mövcuddur və Aİ bu sahədə ciddi fəallıq göstərməlidir. Bu mənada amerikalı professor Maykl Keynin mayın sonlarında Bakıda keçirilmiş “Azərbaycan-ABŞ: gələcəyə baxış” forumunda səsləndirdiyi fikirlər xüsusilə diqqətəlayiqdir: “Azərbaycanın təhlükəsizliyi təmin olunmadan Avropanın enerji təhlükəsizliyinin təminatından danışmaq mümkün deyil”.

Brüsseldən Gürcüstan və Moldovaya qarşı da bu cür münasibət tələb olunur. Çünki Azərbaycan kimi, Gürcüstan və Moldova da separatçılıq problemi, ərazilərinin işğalı ilə üzləşiblər. Avropa qonşuluq siyasəti və “Şərq Tərəfdaşlığı” proqramlarının əsas məqamlarından biri isə məhz təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Bu baxımdan, Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovun Brüsseldə Avropa İttifaqına (Aİ) üzv ölkələrin və “Şərq tərəfdaşlığı” proqramı dövlətlərinin xarici işlər nazirlərinin illik görüşündə verdiyi bəyanat böyük maraq kəsb edir: “Avropa İttifaqı 2006-cı ildə qəbul edilmiş Avropa qonşuluq siyasəti üzrə Proqram fəaliyyətində əks olunmuş qaydada Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək barədə öhdəliklərinə əməl etməlidir”.

Ümid etmək olar ki, bu müstəvidə Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi təmsilçisi F.Leforun bölgəyə son səfəri tezliklə müsbət nəticələrə gətirib çıxaracaq. Ən azı “Şərq tərəfdaşlığı”nın noyabrda Vilnüsdə baş tutacaq sammitinə qədər.


Teqlər:





Xəbər lenti