Alimlər herpes və qripdən qoruyan saqqız hazırlayıblar

   Alimlər herpes və qripdən qoruyan saqqız hazırlayıblar
  11 Aprel 2025    Oxunub:548
Alimlər insanı herpes virusundan (Dodaqlarda səpgi-red.) qoruya bilən saqqız yaradıblar.
Bu barədə "Oddity Central" məlumat yayıb.

Qeyd edilib ki, herpeslə yanaşı qrip viruslarını da zərərsizləşdirə bilən saqqızı Finlandiya və ABŞ alimləri ərsəyə gətiriblər.

"İnnovativ məhsul "Lablab purpureus" paxlasından əldə edilən təbii protein olan FRIL-ə əsaslanır. "Molecular Therapy" jurnalında dərc edilən araşdırma, saqqızın virus yükünü effektiv şəkildə azalda biləcəyini, infeksiyaların yayılmasının qarşısını aldığını göstərib",- nəşr yazıb.

Elmi məqalədə o da vurğulanıb ki, artıq laboratoriya sınaqları yeni məhsulun effektivliyini təsdiqləyib. Tədqiqatçılar ağız boşluğunun mexaniki modelindən istifadə edərək müəyyən ediblər ki, 15 dəqiqə ərzində saqqız çeynəmək virusaleyhinə proteyinin yarıdan çoxunu ağıza buraxaraq qrip viruslarının konsentrasiyasını 95% azaldır. HSV-1 və HSV-2 tipli herpes virusları üçün isə müvafiq olaraq 160 mq və 74 mq protein tələb olunub.

Yeni və qeyri-adi kəşfin yaradıcıları bu saqqızın həm qida məhsulları, həm də dərmanlar üçün təhlükəsizlik standartlarına cavab verdiyini söyləyiblər. Saqqız 800 gün otaq temperaturunda öz xüsusiyyətlərini qoruyub saxlaya bilir ki, bu da onu kütləvi istehsal və saxlama üçün əlverişli edir.

Alimlər yaxın gələcəkdə saqqız-dərmanın insanlar üzərində də klinik sınaqlarına başlamağı planlaşdırırlar.
Tural Tağıyev
AzVision.az



Teqlər: Saqqız  





Xəbər lenti