Ceyhun Bayramov Moratinos ilə görüşüb

Nazir Ceyhun Bayramov Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi sahəsində mövcud əməkdaşlığın mühüm rolunu qeyd edib. Azərbaycanın Bakı Prosesi çərçivəsində və digər beynəlxalq təşəbbüslər vasitəsilə mədəniyyətlərarası dialoqa verdiyi töhfənin əhəmiyyəti vurğulanıb.
Nazir həmçinin postmünaqişə dövründə regional vəziyyət, Azərbaycanın sülh səyləri və Ermənistanla sülh prosesi, habelə mövcud maneələr barədə qarşı tərəfə məlumat verib.
Ali nümayəndə Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə apardığı fəal və ardıcıl siyasəti yüksək qiymətləndirib. O, Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığının bundan sonra da uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıb və birgə təşəbbüslərin gələcəkdə də davam etdirilməsinə dəstəyini ifadə edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər, o cümlədən qlobal çağırışlar qarşısında mədəniyyətlərarası həmrəyliyin təşviqi, İslamofobiya ilə mübarizə sahəsində birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparıblar.
Teqlər: Diplomatiya