İngilislərin Ukrayna müharibəsində gizli missiyası

   İngilislərin Ukrayna müharibəsində gizli missiyası
  11 Aprel 2025    Oxunub:489
Britaniyanın “The Times” qəzeti Londonun Ukraynadakı müharibədə dərin və çoxşaxəli iştirakı barədə geniş məqalə dərc edib.
AzVision.az xəbər verir ki, nəşr xüsusilə də, 2023-cü ildə artan fikir ayrılıqları fonunda Kiyevlə Vaşinqton arasında münasibətlərdə Londonun vasitəçilik roluna toxunub.

Ukrayna Silahlı Qüvvələri həmin ilin mart ayından may-iyun aylarına təxirə salınmış əks-hücum əməliyyatına başlayanda Böyük Britaniya artıq öz hərbi təlimatçılarını Kiyevə göndərib. Onlar Ukrayna əsgərlərinə uzaq mənzilli “Storm Shadow” raketləri və “NLAW” tank əleyhinə sistemlərdən istifadə üzrə təlim keçiblər.

Hücum planı hərbi kəşfiyyatın keçmiş rəhbəri Cim Hokkenhallın göstərdiyi kəşfiyyat dəstəyi ilə yüksək rütbəli britaniyalı generallar Roli Uoker və Çarli Stiklend tərəfindən hazırlanıb.

“Lakin yeni texnika tədarükünü gözləyən Ukrayna hücumun başlanmasını təxirə salmaq qərarına gəlib. Bu zaman İngiltərə təkid edib ki, indi başlamalıyıq, Rusiya o qədər də güclü deyil və Ukraynanın kifayət qədər silahı var. Kiyev isə, öz növbəsində, gözləmə mövqeyi seçərək, rus ordusuna mövqelərini gücləndirmək üçün vaxt verib”, - materialda bildirilir.

Habelə, hücum taktikası ilə bağlı da ciddi fikir ayrılıqları yaranıb. Amerikalılar və ingilislər bir istiqamətdə hücuma keçməyi tövsiyə etsələr də, USQ-nin Baş Komandanı Aleksandr Sırski Donbassda və cənubda qüvvələrin bölünməsində və eyni vaxtda hücumların təşkilində israrlı olub. Bu, USQ-nin hərəkətlərini çox ləng və səmərəsiz hesab sayan ABŞ-də narazılıq yaradıb. Kiyevlə Vaşinqton arasında münasibətlər həmin vaxt böhran içində idi.

- Britaniyalılar qeyri-rəsmi vasitəçilərə çevrilərək, gərginliyi aradan qaldırmağa kömək etdilər. ABŞ-dən fərqli olaraq, London təmsilçiləri Ukraynaya daha tez-tez, bəzən qeyri-rəsmi səfərlər edirdilər – məsələn, general Uoker bir dəfə mülki geyimdə gəlmişdi və buna görə “çəhrayı şalvarlı general” ləqəbini almışdı”, - qəzet yazır.

Materialda deyilir ki, münasibətlərdə səngimə 2023-cü ilin avqustunda britaniyalı admiral Toni Radakin, Valeri Zalujni və ABŞ-nin Avropadakı Baş komandanı Kristofer Kavolinin görüşündən sonra baş verdi. Daha sonra tərəflər təkcə cari kampaniya üçün deyil, həm də gələcək aylar üçün planlar barədə razılığa gəliblər. Radakin əməliyyatda genişlənmiş rolu üzərinə götürüb və hökumət səviyyəsində Britaniyanın Ukraynaya yardımının əsas koordinatoru olub.

“The Times” nəşrinin yazdığına görə, 2024-cü ilin avqustunda Ukrayna informasiya sızması qorxusuna görə ABŞ və müttəfiqlərinə məlumat vermədən Kursk vilayətində hücuma başlayıb – oxşar hadisə Zaporojye hücumundan əvvəl artıq 2023-cü ilin yazında baş vermişdi.

Britaniya mənbələri bildirirlər ki, Ukrayna “dəhşətli bədəl ödədi” , eyni zamanda “Qərbə gələcəyin müharibəsi haqqında unikal təsəvvür verdi” . Qazanılan döyüş təcrübəsi artıq NATO ordularının yüksək intensivlikli münaqişələrə hazırlığının qiymətləndirilməsində istifadə olunur.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Ukrayna   müharibə   ingilislər  





Xəbər lenti