Türkiyə-Azərbaycan Universitetinə tələbə seçimi necə olacaq? - Ekspert izah edir

   Türkiyə-Azərbaycan Universitetinə tələbə seçimi necə olacaq? -    Ekspert izah edir
  24 Sentyabr 2024    Oxunub:292
Dünən Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı imzaladığı sərəncama görə universitetə tələbə seçimini müstəqil aparmaq hüququ verilib.

Sərəncama əsasən, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan ali təhsil müəssisələri tətbiq etdikləri Türkiyənin müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını həmin ali təhsil müəssisələri ilə birgə idarə etmək hüququna malik olacaqlar.
Bəs, bu, nə deməkdir və nə vəd edir?

AzVision.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, "Tələbə seçimini müstəqil aparma" ifadəsi, müəyyən bir təhsil müəssisəsinə tələbə qəbulunun, dövlətin və ya hər hansı mərkəzi qurumun müdaxiləsi olmadan, həmin universitetin öz qaydalarına və meyarlarına əsasən həyata keçirilməsini nəzərdə tutur.

"Yəni ali təhsil müəssisəsi tələbə seçim prosesini öz daxili qərarları ilə aparır və dövlətin qəbul imtahanı (məsələn, Dövlət İmtahan Mərkəzinin nəticələri) ilə bağlı mütləq şəkildə tənzimləmə tələb olunmur. Burada bir neçə əsas məqam da var. Öncəliklə, təhsil müəssisəsi tələbə qəbulunda öz şərtlərini və meyarlarını müəyyən edir. Bu, qəbul qaydalarının, imtahan tələblərinin, qiymətləndirmə meyarlarının universitet tərəfindən təyin olunduğunu göstərir. Adətən, Azərbaycanda tələbə qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarına əsaslanır. Amma "müstəqil seçim" hüququ veriləndə, universitet həmin imtahan nəticələrini mütləq qəbul etmək məcburiyyətində deyil və ya alternativ qəbul formalarını da tətbiq edə bilər (məsələn, daxili qəbul imtahanı, müsahibələr və ya beynəlxalq sertifikatlarla qəbul)”.

Ekspert qeyd edib ki, "tələbə seçimini müstəqil aparmaq" ifadəsi universitetlərin tələbə qəbulu prosesində daha çox səlahiyyətə və azadlığa sahib olmasını nəzərdə tutur:

"Bu ifadə Türkiyə-Azərbaycan Universitetinə tələbə seçimi ilə bağlı yeni bir yanaşmanı nəzərdə tutur. Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın simvolu olaraq yaradılan birgə universitetdir. Burada hər iki ölkənin təhsil sistemlərindən bəhrələnərək müştərək təhsil proqramları həyata keçiriləcəkdir.

Bu, o deməkdir ki, Azərbaycanın ali təhsil müəssisələri də universitetin fəaliyyətində yaxından iştirak edir, müəyyən fakültələr və proqramlar üzrə tədris və tədqiqat işlərinə qoşulurlar. Burada əsas məqam Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul imtahanlarıdır. DİM Azərbaycan Respublikasında ali təhsilə qəbul üçün standartlaşdırılmış imtahanlar keçirir. Bu imtahanların nəticələrinə əsasən, tələbələr universitetlərə qəbul edilir.

Bu təklif də DİM-in nəticələrinə əsaslanaraq, Türkiyə-Azərbaycan Universitetinə tələbə seçiminin müstəqil şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu, universitetin və ya həmin təhsil müəssisələrinin DİM imtahanlarının nəticələrindən istifadə edərək tələbə seçimini öz qaydalarına və meyarlarına uyğun həyata keçirməsi deməkdir. Yəni universitet dövlət tərəfindən tənzimlənmədən, öz daxili qərarlarına əsasən tələbə seçə bilər. Dövlət yalnız nəticələri təmin edir, lakin seçim prosesi tamamilə universitetin səlahiyyətindədir”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   universitet   tələbəseçimi  





Xəbər lenti