Azərbaycan MDB-nin iclasına sədrlik edəcək

Azərbaycan MDB-nin iclasına sədrlik edəcək
  08 İyun 2016    Oxunub:2143
Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti 2016-cı ilin 7-8 iyun tarixlərində MDB-yə üzv dövlətlərin Ali Audit Qurumlarının Rəhbərlər Şurasının Belarusun Minsk şəhərində keçirilən XVI sessiyasında iştirak edib
Palatadan AzVision.az-a verilən məlumata görə, sessiyanın mövzusu əvvəlcədən əldə edilmiş razılıq əsasında "MDB-yə üzv olan ölkələrin Ali Audit Qurumlarının iqtisadi təhlükəsizliyin təmin edilməsində rolu: müasir yanaşmalar, yeni perspektivlər və imkanlar, baş verən dəyişikliklərə adaptasiya" kimi müəyyən edilib.

Sessiyada Azərbaycan Hesablama Palatasının nümayəndə heyəti ilə yanaşı, Rusiya Federasiyası, Belarus, Qırğızıstan, Moldova, Tacikistan və Qazaxıstan nümayəndələri iştirak ediblər. Eyni zamanda Slovakiya Ali Nəzarət İdarəsinin əməkdaşları müşahidəçi qismində sessiyaya dəvət olunmuşdular.

Səfər çərçivəsində V.Gülməmmədovun Belarus Dövlət Nəzarət Komitəsinin sədri Leonid Anfimovla görüşü baş tutub. İkitərəfli görüşdə qurumlar arasında mövcud əməkdaşlığın və münasibətlərin daha da inkişaf etdirilməsi, o cümlədən iki qurum arasındakı imzalanmış əməkdaşlığa dair saziş çərçivəsində gələcək əməkdaşlıq perspektivləri və kənar maliyyə auditi sahəsində bilik və təcrübə mübadiləsinin inkişaf etdirilməsi məsələləri də müzakirə edilib.

Sessiyada üzv AAQ-ların sessiyalararası dövrdə fəaliyyətləri ilə bağlı hesabatlar dinlənilib, o cümlədən, Şuranın Əsas milli göstəricilər üzrə ekspert qrupunun, Maliyyə nəzarəti standartlarının hazırlanması üzrə işçi qrupunun, Şuranın katibliyinin fəaliyyəti ilə bağlı hesabatlar müzakirəsi edilib.

Hesablama Palatasının sədri V. Gülməmmədov sessiya zamanı "İqtisadi təhlükəsizlik probleminin həllində Ali Audit Qurumlarının rolu" mövzusunda çıxış edib, "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası" ilə təsdiq edilmiş əsas istiqamətlər barədə məlumat verib. Sədr çıxışında AAQ olaraq müəyyən olunmuş əsas riskləri diqqətə çatdıraraq, bu risklərə xarici amillərin təsiri ilə dövlət gəlirlərinin həcminin azalması, dövlətin borc öhdəlikləri və valyuta ehtiyatlarının yetərliliyi kimi amillərlə yanaşı, büdcə vəsaitlərinin səmərəli və qənaətli istifadəsinə nəzarət sisteminin tam təmin edilməməsini də aid edib. V.Gülməmmədov hər bir risk üzrə AAQ-ların rolu və Azərbaycan Hesablama Palatası tərəfindən atılan və nəzərdə tutulan addımlar barədə məlumat verib.

XVI sessiya çərçivəsində V.Gülməmmədov və digər üzv dövlətlərin Ali Audit Qurumlarının rəhbərləri Belarus Prezidenti Aleksandr Lukaşenko ilə də görüşüblər.

Sessiyanın işinin sonunda Şuranın 2017-ci ildə keçiriləcək növbəti sessiyasına Azərbaycan Hesablama Palatasının sədrlik etməsi ilə bağlı qərar qəbul olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti