`Heyif ki, atəşkəs tez bərpa olundu` - Deputatların müzakirəsi

`Heyif ki, atəşkəs tez bərpa olundu` - Deputatların müzakirəsi
  07 Aprel 2016    Oxunub:3816
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda çıxış edən deputatlar son günlər cəbhədə baş verən hadisələrə münasibət bildiriblər. Çıxış edən komitə sədri Ziyad Səmədzadə bildirib ki, ordumuzun şücaəti xalqımız tərəfindən yüksək qiymətləndirilir. Deputat qeyd edib ki, Azərbaycan ordusu növbəti dəfə düşmənin təxribatına layiqli cavab verib:

“Ordumuz tərəfindən düşmənin geri oturdulması hamımızı sevindirir. Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları hər bir kəs, bütövlükdə Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Ölkə rəhbərliyinin bu istiqamətdəki siyasəti də birmənalı şəkildə dəstəklənir. Hər birimiz hesab edirik ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, erməni qəsbkarları Azərbaycan torpaqlarından geri çəkilməlidir.

Münaqişənin tənzimlənməsi ilə bağlı yenidən danışıqlar prosesi gedir, atəşkəs rejimi yenidən bərpa olunub. Amma bununla yanaşı, biz yenə də sayıqlığımızı itirməməliyik. Artıq münaqişə öz həllini tapmalıdır, sülh danışıqları öz nəticəsini verməlidir, erməni işğalçıları işğala son qoymalıdır, torpaqlarımızdan birdəfəlik geri çəkilməlidir”.

Deputat Vahid Əhmədov isə bildirib ki, uğurlu hərbi əməliyyatlar danışıqlar prosesində Azərbaycanın mövqeyini daha da gücləndirmiş olacaq. Deputat eyni zamanda, atəşkəs rejiminin tez bir zamanda bərpa olunmasından təəssüfləndiyini qeyd edib:

“Heyif ki, atəşkəs tez bərpa olundu. Kaş ordumuz daha çox ərazilərimizi işğaldan azad etdikdən sonra bu addıma gediləydi. Amma ermənilərin havadarları çox əl-ayağa düşdülər və çalışdılar ki, atəşkəs tez bərpa olunsun. Azərbaycan xalqında və ordusunda böyük ruh yüksəkliyi, döyüş əzmi var. Azərbaycan xalqı ölkə başçısının bu istiqamətdəki siyasətini dəstəkləyir”.

V.Əhmədov qeyd edib ki, münaqişə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin tələblərinə uyğun olaraq danışıqlar yolu ilə öz ədalətli həlli tapmalıdır:

“Artıq beynəlxalq vasitəçilər öz ədalətli mövqelərini ortaya qoymalıdırlar, Ermənistanı sülhə məcbur etməlidirlər. Yoxsa, münaqişə yenidən alovlanacaq, yəni, Azərbaycan xalqı digər vasitələrdən istifadə etməklə öz ərzailərini erməni işğalından azad edəcək”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti