`Dollarlaşma meyillərinin qarşısı alınacaq` - Prezident
Prezident əmanətlərin tam sığortalanması haqqında qərarın qəbul edilməsinin vacibliyini qeyd edib: “Bu, həm sosial xarakter daşıyır, həm də əlbəttə ki, bank sektoruna əhali tərəfindən inamı artırır. İndi bütün əmanətlər sığortalanıb. Hesab edirəm ki, gələcəkdə dollarlaşma meyillərinin qarşısı da alınacaq. Əfsuslar olsun ki, indi əmanətlərin böyük hissəsi dollarla saxlanılır. Bu da əlbəttə ki, ölkə iqtisadiyyatı üçün müsbət hal deyil”.
“Manatın məzənnəsi sabitləşib. Hesab edirəm ki, tədricən bu istiqamətdə də vəziyyət müsbətə doğru inkişaf edəcək. Ancaq bu, təbii prosesdir. Əlbəttə ki, yerli valyutaya inam daha da artdıqca insanlar özləri öz qərarlarını verəcəklər. Burada heç kim heç kimi məcbur edə bilməz. Sadəcə olaraq, dövlət və hökumət elə addımlar atmalıdır ki, insanlar öz əmanətlərini manatla saxlamaqda daha da maraqlı olsunlar”, - deyə dövlət başçısı qeyd edib.
“Qeyri-neft sektorunun sürətli inkişafı bundan sonra da təmin edilməlidir. İki milyard manata yaxın dəyəri olan layihələr tərtib edilib. İndi iş adamları bu layihələri icra etməlidirlər. Burada əlbəttə ki, özəl bankların rolu da kifayət qədər böyükdür. Ümumiyyətlə, bank sektorunun sağlamlaşdırılması konkret olaraq bu məsələyə də xidmət göstərəcək. Banklar indi kreditlər vermək üçün layihələr axtarırlar ki, o layihələr özlüyündə gəlir gətirsin. Ona görə, burada dövlət və özəl sektor tərəfdaşlıq şəraitində işləyir. Biz bir məqsədi güdürük ki, ölkə iqtisadiyyatı daha da sürətlə inkişaf etsin”, - deyə prezident qeyd edib.
AzVision.az