2016-ci ildə bizi nə gözləyir? – İqtisadi proqnoz

2016-ci ildə bizi nə gözləyir? – İqtisadi proqnoz
  14 Dekabr 2015    Oxunub:6629
Son aylar manatın məzənnəsinin tez-tez dəyişməsi, neftin dünya bazarında qiymətinin sürətlə aşağı düşməsi gələn ilin ölkəmiz üçün ağır olacağından xəbər verir.

İqtisadçılar 2016-ci ildə ölkə iqtisadiyyatının böyük sınaq qarşısında qalacağını hesab edirlər. Gələn ilin dövlət büdcəsinin gəlir və xərclərinin 4 milyarda yaxın azaldılması da bunu deməyə əsas verir. Bir sözlə, ölkə başçısının da dediyi kimi 2016-cı il iqtisadiyyat üçün asan il olmayacaq.

2016-cı ildə Azərbaycan iqtisadiyyatını nə gözləyir?



Ekspert Vüqar Bayramov AzVision.az-a bildirib ki, öncədən proqnozlaşdırıldığı kimi 2016-cı il bizim üçün asan il olmayacaq. Onun sözlərinə görə, neftin qiymətinin aşağı olması Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir: “2016-ci ildə əsas faktor neftin dünya bazarında qiyməti olacaq. Neftin dünya bazar qiymətinin aşağı düşməsi üçün həm iqtisadi, həm də siyasi səbəblər var. Dünya bazarında neft təklifi neftə olan tələbatdan çoxdur. Neftə olan tələbat gündə 95 milyon bareldən azdırsa, neft təklifi gündəlik olaraq 97 milyon bareldən çoxdur. Göründüyü kimi təklif tələbdən çoxdur. Bu da qiymətlərə təsir göstərir. Bundan başqa Səudiyyə Ərəbistanı qlobal bazarı itirməmək üçün hasilatı azaltmaq niyyətində deyil. İlkin proqnozlara görə mövcud qlobal iqtisadi artım tempini nəzərə alsaq neft tələbi ilə təklif dəyişməzsə, 2016-cı ilin sonunda bərabərləşə bilər”.



İqtisadçı deyir ki, gələn ildə neftin dünya bazar qiymətinin yüksəlməsi ehtimalı az, əksinə azalması riski olduqca yüksəkdir. Onun sözlərinə görə, Azərbaycana daxil olan vəsaitlərin həcminə təsir göstərəcək və Azərbaycan ixraçatının azalmasına səbəb olacaq: “Maliyyə naziri dövlət büdcəsini proqnozlaşdıran zaman ssenaridən istifadə etmişdi. Ssenaridə neftin dünya bazar qiyməti 60 daha yüksək, orta ssenari 50 dollar, ən sonda isə neftin dünya bazarında qiymətinin 40 dollar və aşağı olması nəzərdə tutulur. Təəssüf ki, proseslər bədbin ssenari üzrə davam edir. Bu da Azərbaycanın gəlirlərinə mənfi təsir göstərir. Çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı üçün böhran gözlənilmir”.

V. Bayramov hesab edir ki, neftin dünya bazar qiyməti aşağı olduğundan büdcənin gəlirləri də azalacaq. Ekspert deyir ki, sosial xərclərdə hər hansı azalma gözlənilmir. Yalnız infrastuktur və daxili xərclərin azalması gözlənilir.



Ən çox diqqət çəkən məqamın manatın məzənnəsində olduğunu deyən V. Bayramovun hesablamalarına görə, 2016-cı ildə Mərkəzi Bankın 3 yolu olacaq. “Belə ki, ölkənin əsas bankı mövcud siyasətini davam etdirir, xarici valyuta ehtiyyatlarını artırmaq üçün borcalmaya gedir. Bu zaman xarici valyuta ehtiyyatları hesabına məzənnəni qoruyub saxlamağa çalışır. İkinci halda Mərkəzi Bank mövcud siyasətini davam etdirsə də yenidən devalvasiya gedir və bununla da manata təzyiqi müəyyən qədər azaldır və manatın real məzənnəsi ilə mübadilə məzənnəsinə yaxınlaşdırır. Üçüncü yol isə Mərkəzi Bankın bazar siyasətinə keçməsidir ki, bu zaman manatın məzənnəsi yalnız Mərkəzi Bank tərəfindən deyil, həm də bazar tərəfindən müəyyənləşir. Manatın mübadilə məzənnəsi ilə real məzənnənin bərabərləşməsinə gətirib çıxara bilər”.

İqtisadçı hesab edir ki, 2016-ci ildə kütləvi ixtisarlar olmasa da müəyyən iş yerlərinin bağlanması gözləniləndir.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti